Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:41

Maliyyə Nazirliyinin «sakitləşdirici həb»i…


Samir Şərifov
Samir Şərifov

-

Maliyyə naziri Samir Şərifov devalvasiyadan bəri bir neçə dəfə büdcədəki «lüzumsuz xərclərdən» söz açıb. Son dəfə ötən ilin büdcəsinin necə yerinə yetirildiyindən danışarkən, «yalnız lüzumsuz xərclər üzrə qənaət edilib» cümləsini dilə gətirib. Ekspertlər həmin sözləri büdcədə belə xərclərin olmasının etirafı kimi qiymətləndirirlər.

«MALİYYƏ NAZİRİ «LÜZUMSUZ» SÖZÜNÜ İŞLƏTMƏKDƏ HAQLIDIR»

İqtisadçı ekspert Rəşad Həsənov nazirin «lüzumsuz» sözündən yararlanmasını düzgün sayır: «Qısa zamanda neft gəlirlərinin sürətlə çoxalması dövlət büdcəsini dəfələrlə artırdı. Axı 2003-cü illə müqayisədə 2013-cü ildə dövlət büdcəsinin xərcləri 15.5 dəfə artmışdı. Rəsmi qurumlar büdcə «tortundan» daha böyük pay qoparmaqdan ötrü yarışa girmişdi. Parıltılı layihələr şişirdilmiş xərclərlə dövlətə satılırdı. Dövlət büdcəsinə ictimai nəzarət mexanizmi, o cümlədən rəsmi qurumların maliyyə hesabatlılığı yox səviyyəsində idi».

«TƏBİİ Kİ, HÖKUMƏT BƏZƏKLİ LAYİHƏLƏRƏ «DUR!» DEMƏLİDİR»

Ekspertin fikrincə, bu illər ərzində xərclənən vəsaitin 30 faizindən çoxu ya mənimsənilib, ya da səmərəsiz istifadə edilib: «Bu gün fərqli vəziyyət yaranıb. İri büdcə xərcləmələri hesabına şişirdilmiş iqtisadiyyatımız belə xərcləmələr hər hansı səbəbdən azalanda çökməyə başlayır. İndi hər kəs iqtisadi daralmanın təsirlərini hiss edir. Təbii ki, Maliyyə Nazirliyi və hökumət gəlirlərin azalması qarşılığında israfçılığa, bəzəkli layihələrə «Dur!» deməlidir».

R.Həsənov daha sonra fikrini sualla davam etdirir: «Bütün bunları böhran başlamadan etmək olmazdımı? Olardısa, bəs nə üçün etmədilər? Əlbəttə, olardı və vətəndaş da bugünkü sosial təzyiqi hiss etməzdi».

«BÜDCƏDƏN TİKİNTİYƏ XƏRCLƏR, ORTA HESABLA, 12-14 DƏFƏ AZALIB»

Bu arada ilin ilk rübünün büdcə göstəriciləri açıqlanıb. İqtisadçı ekspert Rövşən Ağayev göstəriciləri AzadlıqRadiosuna şərh edib. O, yüksək neft gəlirləri dövründə dövlət büdcəsi xərclərinin, azı, 45-50 faizinin tikintiyə xərclənməsinə diqqət çəkərək deyir: «Bu ilin 1-ci rübünün nəticələrinə görə, büdcə xərclərinin cəmi 6 faizi tikinti-investisiya işlərinə yönəldilib. 2013-2015-ci illərin ilk rübü ilə müqayisədə bu ilin yanvar-mart aylarında büdcənin tikinti xərcləri, orta hesabla, 12-14 dəfə azalıb. Bu il həmin xərc 157 milyon manat olub, 2013-cü ildə 1.9 milyard, 2014-cü ildə 2.1 milyard manat, 2015-ci ildə 1.9 milyard manat büdcədən tikintiyə xərclənmişdi».

«SOSİAL MÜDAFİƏ XƏRCLƏRİ 30 FAİZ ARTMALIYDI, ANCAQ...»

R.Ağayev sosial xərclərin də proqnozla üst-üstə düşmədiyini söyləyir: «Hökumət əvvəlki illə müqayisədə bu il sosial müdafiə xərclərini 30 faiz, yəni 700 milyon manat artırdığını bəyan etmişdi. Məqsəd- kəskin devalvasiya ucbatından gəlirləri inflyasiyanın yeminə çevrilən aztəminatlı əhali qruplarına sosial dəstək vermək idi. Məntiqlə ilin ilk 3 ayında sosial müdafiə xərcləri ötən ilin eyni dövründəki xərcləri 30 faiz aşmalıydı. Amma rəsmi rəqəmlər bunu təsdiqləmir: Bu il sosial müdafiəyə 536 milyon manat xərclənib, halbuki ötən il 522 milyon manat xərclənmişdi. Fərq cəmi 14 milyon manat və ya 2.7 faizdir».

«YOXSA... «SAKİTLƏŞDİRİCİ HƏB» İDİ»

Ekspert Maliyyə Nazirliyindənsosial müdafiəyə ayrılan əlavə 700 milyon manatın nə zaman və hansı sosial müdafiə tədbirlərinə xərclənəcəyini soruşmaq zərurəti yarandığını deyərək, fikrini belə yekunlaşdırır: «Yoxsa bu kəskin devalvasiyadan sonra, sadəcə, sosial narazılığı sakitləşdirmək üçün büdcə siyasətində «sakitləşdirici həb» idi?».

XS
SM
MD
LG