Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:49

2025-ci ilədək iqtisadiyyatın yol xəritəsi hazırlanır


Neft
Neft

«Neftin ucuzlaşmasının izlərini Bakıda sezməmək mümkün deyil. Azərbaycanın bərq vuran paytaxtı gurultusu səngimiş bir şəhərə çevrilib. Şəhərin gur ticarət gedən küçələrində rusca, azərbaycanca və ingiliscə «İcarəyə verilir» yazısına addımbaşı rast gəlinir».

«The Financial Times» qəzetində Jack Farchy yazır ki, bu il Beynəlxalq Valyuta Fondu ölkə iqtisadiyyatının 3 faiz azalacağı proqnozunu verib. Bu, 20 ildən artıq bir zaman kəsimində ən zəif göstəricidir. Artıq paytaxtda mağazalar bağlanır, rəsmi Bakı isə korrupsiyaya uğramış və neftdən asılı iqtisadiyyatında islahatlar aparmağa cəhdlər göstərir.

Müəllif yazır ki, prezident İlham Əliyev rejiminin yol verdiyi insan haqları pozuntularına diş qıcayan Qərb hökumətləri və beynəlxalq maliyyə qurumlarının əlinə də girəvə düşüb, dəyişikliklər tələb edirlər. Bakı milyardlarla dollar istəyir, bu səbəbdən Qərbə qarşı mövqeyini yumşaldıb, bəzi «siyasi məhbuslar»ı buraxıb.

«Son bir ildə milli valyutası kəskin ucuzlaşmış ölkənin siyasi əsasları silkələnib, ölkə əlüstü iqtisadi-siyasi siyasətinə yenidən baxmağa məcbur olub», - GPW risk konsultasiya şirkətinin region üzrə mütəxəssisi Livia Paggi belə deyir. «İndi hökumətin beynəlxalq maliyyəyə ehtiyacı var və buna görə də insan haqları pozuntularıyla bağlı Qərbin tənqidlərinə qulaq verməyə meyllidir».

Buna da bax-İlham Şaban: 'Hökumət təlatümün qarşısını alır'

YOL XƏRİTƏSİ HAZIRLANIR

Yazıda prezidentin iqtisadi islahatlar üzrə müşaviri olan Natiq Əmirov ölkənin iqtisadi islahatlarının sifəti kimi təqdim olunur. Daha öncə ölkənin vergilər nazirinin müavini olmuş Əmirov manatın ikinci devalvasiyasından sonra bölgələrdəki etirazları «lokal və kiçik» adlandırır, amma onu da etiraf edir ki, neftin kəskin ucuzlaşması hökuməti də çətinə salıb.

«İkinci devalvasiyadan sonra maliyyə bazarlarında, demək olar ki, çaxnaşma yarandı və təcili tədbirlər görməli olduq. Gözləyirdik ki, təxminən 10-15 ildən sonra postneft erasına girəcəyik. Amma bu gün praktik olaraq, həmin durumdayıq. Son bir neçə ildə başlatdığımız islahatları sürətləndirməli olmuşuq», - Natiq Əmirov deyir.

Cənab Əmirov «McKinsey» konsultasiya şirkətini işə götürüb, həmin şirkət 2025-ci ilədək və ondan sonra üçün iqtisadiyyatın yol xəritəsini hazırlayır. Həmin xəritə oktyabrda təqdim olunmalıdır. Amma məqalədə qeyd olunur ki, hökumət bəzi problemlərin həllindən ötrü bu hesabatı gözləməyib. Axı investorlar çoxdandır korrupsiyada gileylənirlər, ölkənin neft sərvətinin böyük hissəsi də bir neçə bir-birinə bağlı ailənin əlində cəmləşib.

Buna da bax-Necə olur ki, idxal azalmağına baxmayaraq gömrük planı dolur?

QANUNİ RÜSUMLAR

Müəllif yanvarda gömrük sisteminə ciddi dəyişiklik olunduğunu, bundan sonra ölkəyə mal idxalından ötrü rüşvət verilməsinin kəskin azaldığını vurğulayır. Hər halda, iş adamları və bankirlər belə deyirlər. Məsələn, bir bankir qeyd edir ki, gömrükdə radikal dəyişiklik baş verib, demək olar, bütüm məhsullar qanuni idxal olunur. Amma rəsmi ödənişlər indiyədək verilən rüşvəti aşdığından, yenə şikayətlər yaranıb. Bu ilin ilk 6 ayında gömrükdən gəlirlər 30 faiz yüksəlib.

«Çox olsa da, qanunidir», - cənab Əmirov məmnundur. «Prezidentimiz bu məsələni nəzarətinə aldı və hər gün, hər həftə ona işlər barədə məlumat veririk».

Yazıda rəsmi Bakının Qərbə münasibətinin də dəyişdiyi vurğulanır. Prezident Əliyev martda Vaşinqtona səfər etdi. Bu ərəfədə və daha sonra bir neçə «siyasi məhbus» azadlığa buraxıldı.

Kəmər tikintisi
Kəmər tikintisi

SÖHBƏT 5 MİLYARDDAN GEDİR

Təhlilçilər bunun bir səbəbi kimi ABŞ Konqresində hazırlanan, Azərbaycana sanksiyalar tətbiqinə çağıran qanun layihəsini göstərirlər. Amma müəllif qeyd edir ki, önəmli rolu Bakının milyardlarla dollara ehtiyacı oynayıb. Bakı ən vacib layihəsi – 46 milyard dollarlıq Cənub Qaz Dəhlizinin reallaşmasına çalışır. Bu dəhliz Xəzər dənizindən çıxarılacaq qazı ilk dəfə olaraq birbaşa Avropaya daşıyacaq. Layihənin önəmi ondadır ki, neft hasilatı azaldığı bir dönəmdə ixrac gəlirlərini orta və uzun müddətə təmin edəcək. Həmçinin Avropayla fiziki bağlantı yaradacaq. Maliyyə naziri Samir Şərifov ölkənin bu layihədəki payının 13 milyard olduğunu deyir, bunun 5 milyard dollarını Bakı beynəlxalq maliyyə qurumlarından cəlb etməyi düşünür.

Müəllif vurğulayır ki, xarici qurumlar bu kreditlə bağlı müzakirələrdən siyasi təzyiq vasitəsi kimi yararlanır. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) onlardan biridir. Azərbaycan 2014-cü ildə vətəndaş cəmiyyətinə təzyiqləri gücləndirdi. Bundan sonra EITI Azərbaycanın statusunu saldı.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) rəhbəri Suma Chakrabarti mayda Azərbaycanda prezident İlham Əliyevlə görüşündə həmin status məsələsini qaldırıb.

«EITI yaxından izlədiyimiz bir göstəricidir. Azərbaycana mesajımız çox aydındır: ciddi irəliləyiş gözləyirik», - bunu isə EBRD-də enerji üzrə direktor Riccardo Puliti deyir.

Buna da bax-QHT-lərin problemləri həll edilib?

«ÖZ İŞLƏRİYLƏ MƏŞĞUL OLSUNLAR»

Dünya Bankı lobbiçiliyini elə də açıb ağartmır. Amma bu qurum da Bakını EITI öhdəliklərinə əməl etməyə çağırır. Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə 500 milyon dollar ayıracağı gözlənilir və təklif edir ki, bunun 5 milyon dolları Azərbaycanın EITI-yə bağlı durumunun yaxşılaşmasına sərf olunsun. Bunu məsələylə yaxından tanış olanlar deyirlər. Amma bankdan müzakirələrin detalları barədə açıqlama verilməyib.

Bütün bunlar hökuməti bezdirib. «Şəxsən belə düşünürəm ki, beynəlxalq maliyyə qurumları öz işləriylə məşğul olmalıdırlar. İnsan haqları və digər məsələlər üzrə xeyli sayda digər qurumlar var», - Samir Şərifov belə deyir.

Amma nazir onu da əlavə edir ki, hökumət EITI-də tamhüquqlu üzv statusunu yenidən qazanmaqdan ötrü əlindən gələni edir: «Üzləşə biləcəyimiz bütün məsələlərin həllindən ötrü gərəkən addımları atmaq üçün Dövlət Neft Fonduna prezident göstəriş verib».

Qubad İbadoğlu
Qubad İbadoğlu

SİYASİ İRADƏ

«İnsan haqları sarıdan narahatlıqdan asılı olmayaraq, bu layihənin arxasında nəhəng siyasi iradə durur. Bunu müzakirələrdən xəbərdar olanlar deyir. Bu layihə illərlə ərsəyə gəlib, məqsəd Avropanın qaz təchizatını şaxələndirmək, Rusiyanı kənarlaşdırmaqdır, əsas payçılar da BP şirkəti və Türkiyədir», - müəllif yazır.

Göstərilən təzyiqin müəyyən nəticəsi də olub. İqtisadçı Qubad İbadoğlu deyir ki, rəhbərlik etdiyi qurumun bank hesabları 2014-cü ildə dondurulmuşdu, bu il martın 30-da açılıb. Bu, bəzi qurumlara da aiddir. Bəzi fəalların səyahət qadağası da götürülüb.

Azərbaycanın EITI-də statusuna oktyabrın sonlarında baxılacaq. Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun deməsinə görə, «Azərbaycanı kənarlaşdırmaq qərarı verilsə, bu, böyük məyusluq yaradar».

Buna da bax-'Ofşordan istifadə eləyən elə məmurların özləri deyil?!'

«ÇOX ŞEY NEFTİN QİYMƏTİNDƏN ASILIDIR»

Cənab Qubadoğlu da hökumətin gördüyü işlərin yetərli olmadığını vurğulayır. Bəzi QHT-lər hələ də maliyyə problemləri içində boğulur, vergilərin təzyiqi qalır, xaricdən qrant almağa qadağa var.

Müəllif yazır ki, həm ölkə içində, həm də xaricdə çoxları İlham Əliyevin 13 illik prezidentlik dövründə formalaşdırdığı sistemə real dəyişikliklər edəcəyinə skeptik yanaşır. Üstəlik, aparılan iqtisadi islahatların sıravi azərbaycanlıya elə də real təsiri yoxdur. Son bir həftədə ölkədə yeni bir devalvasiya xofu yaranıb, banklar xarici valyuta satışını məhdudlaşdırıb. Bir bank rəsmisi deyir ki, bank sektorunun dollar tələbatı Neft Fondu vasitəsilə həyata keçirilən satışdan 5-6 dəfə yüksəkdir.

«Hökumət islahatlarını həyata keçirə biləcəkmi, bu sual açıq qalır. Çox şey neftin qiymətindən asılı olacaq», - GPW şirkətindən Paggi deyir.

«KÜÇƏNİN ORTASINDA ÖLDÜRSÜNLƏR»

Son bir neçə həftə ərzində fəallar və müxalifətçilər arasında yeni tutulanlar var. 18 ay həbsdə yatmış araşdırmaçı-jurnalist Xədicə İsmayıl deyir ki, «bizi buraxdılar, amma başqalarını tutmaqda davam edirlər».

Müəllif Xədicənin mübariz ruhunu saxladığını, prezident İlham Əliyev ailəsinin, eləcə də ölkə elitasının digər üzvlərinin sərvəti barədə araşdırmalara davam etdiyini vurğulayır. Həbsxanada keçirdiyi günlər barədə isə deyir ki, «dara düşməsən bu barədə düşünə bilməzsən, heç onu üstələməyə gücünün yetib-yetməyəcəyini də bilməyəcəksən».

Xədicə danışır ki, həbs olunmamışdan öncə siqareti tərgitibmiş. «Həbsxana kamerasında altı nəfərdən üçü çəkirdi. Ya gərək əziyyət çəkəsən, ya da siqaret. Mən əziyyət çəkən tip deyiləm».

Amma Xədicə ona daha çox diqqət ayrıldığından gileylənir: «Digərlərini unudublar. Çox istərdim ki, o biri işlərə böyük diqqət verilsin».

«Onu Azərbaycanda heç də hamı sevmir, axı hökumət jurnalisti xarici dövlətlərə işləyən satqın kimi qələmə verib. Ancaq yenə də yoldan keçənlərdən yaxınlaşıb ona ürək-dirək verənlər var. «Adam bir az utanır», - jurnalist üzündə təbəssüm izah edir ki, bu diqqət heç jurnalist fəaliyyətliylə bağlı deyil. Həbsxanada azərbaycancaya bir kitab çevirib və özünə xeyli pərəstişkar qazanıb. Xədicə deyir ki, camaat onun cəsarətinə sayqı göstərir. O, heç də tənqidini yumşaldan deyil. Bir neçə araşdırma üzərində işləyir və Avropa İnsan Haqları Məhkəməsinə bir neçə iş yollayıb. «Məni öldürmək istəyirlərsə, küçənin ortasında öldürə bilərlər», - Xədicə deyir».

XS
SM
MD
LG