Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:35

Əsgər ölümü işi yekunlaşdı: Narazılıq qaldı...


Tapdıq Babaşovun yaxınları məhkəmə önündə
Tapdıq Babaşovun yaxınları məhkəmə önündə

Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun müəmmalı ölümü, həmçinin orada 50-yə qədər əsgərə işgəncə verilməsi, onların təhqir olunması ilə əlaqədar 10 aydır ki, davam edən məhkəmə prosesi yekunlaşıb.

Oktyabrın 20-də Bakı Hərbi Məhkəməsində hərbi hissənin manqa komandiri olmuş üç nəfərə hökm oxunub. Təqsirləndirilən şəxslərdən Ruslan Cavadov 10 il, Elməddin Babayev və Cəmil Ağayevin hər biri 8 il 6 ay azadlıqdan məhrum edilib.

Buna da bax:​ «...Əsgərlərin kürəyində ayaqqabı ilə gəzməmişəm»

İttihama görə, adları çəkilən manqa komandirləri əsgərləri, o cümlədən Tapdıq Babaşovu sırada düzgün addımlamamaq, axşam "yat" komandasından sonra öz aralarında danışmaq və başqa bəhanələrlə döyüblər. Hadisə baş verən gün isə Tapdıq Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəmədiyinə görə manqa komandiri Ruslan Cavadov onu elə ayaqyoluda döyüb, çəkməsinin ipi ilə boğub. Bundan sonra Babaşov özünü üçüncü mərtəbədə yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib.

“ALLAHA AND OLSUN Kİ, YALANDIR”

Lakin Tapdıq Babaşovun yaxınları onun intihar etməsi barədə deyilənlərin yalan olduğunu bildirir. Hesab edirlər ki, Tapdığı öldürüb, qətli ört-basdır edib intihar görüntüsü yaratmaq üçün meyiti pəncərədən atıblar.

Ruslan Cavadov özü də son sözündə bildirib ki, Babaşovu döyməsi və bundan sonra onun intihar etməsi barədə ittihamda yazılanlar yalandır. Dediyinə görə, istintaq zamanı bu cinayəti təzyiq yolu ilə onun boynuna qoyublar:

«Allaha and olsun ki, yalandır. Müstəntiq mənə dedi ki, "boynuna götürməsən, səni MTN-ə göndərəcəm, orada başına oyun açacaqlar". Məni "butılka" ilə hədələdi. Hərbi hissənin kamera görüntülərini gətirmədilər ki, əslində, orada nə olduğu görünsün. Buradakı ifadələrdən də məlum oldu ki, hadisə baş verəndə mən başqa yerdə olmuşam. Əsgər Seymur Kərimlini döyüblər, bir gün Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında saxlayıblar, ondan sonra mənim üzümə dayanıb. Guya, mən Babaşovun ölümündən əvvəl onu döyəndə Seymur Kərimli məni görüb. Yalandı, belə bir şey olmayıb. Ona görə üzümü tutub Tapdığın anasına deyirəm, “get, oğlunun qatilini axtar tap, amma bil ki, bu iş mənlik deyil"».

Buna da bax:​ "Hərbi hissədə bizi döyürdülər, amma şikayətçi deyilik"

“RƏHBƏR ŞƏXSLƏR DƏ BURDA OTURMALI İDİ”

Cavadovun vəkili Şəfiqə Nağıyeva da hərbi hissənin dəhlizlərində olan kamera görüntülərinin araşdırılmaması, hərbi hissə rəhbərliyinin məhkəməyə çağrılıb dindirilməməsinə etiraz edib:

"Necə ola bilər ki, hərbi hissədə əsgərlərə mütəmadi işgəncə verilsin, amma bundan rəhbərliyin xəbəri olmasın? Burada dindirilən əsgərlərdən biri dedi ki, Tapdıq Babaşovun ölümündən əvvəl ayaqyolundan iki nəfər naməlum mülki şəxs çıxıb. Kim olub onlar, niyə araşdırılmadı? Niyə hərbi hissənin rəhbər şəxsləri çağrılıb dindirilmədi? Ana övladını hərbi xidmətə göndərəndə dövlətə əmanət verir, daha vermir ki, gedib ölsün. Burada təqsirləndirilən şəxslərin yanında mütləq hərbi hissənin rəhbər şəxsləri də oturmalı idi".

Digər iki təqsirləndirilən Tapdıq Babaşovun ölümündə özlərini qətiyyən günahkar bilməsələr də, əsgərlərdən bəzilərini şillə ilə vurduqlarını etiraf ediblər.

Buna da bax:​ Manqa komandiri əsgərləri niyə döyürdü?- [ifadələr]

“HƏRBİ HİSSƏDƏ HEGEMONLUQ EDİBLƏR”

Dövlət ittihamçısı Yavər Allahverdiyev replika hüququndan istifadə edərkən deyib ki, təqsirləndirilən şəxslərə qarşı ittihamlar, onların tabeliklərində əsgərlərə zorakılıq etməsi məhkəmədə təsdiqini tapıb: "Sübut olundu ki, bu adamların hər üçü hərbi hissədə hegemonluq ediblər".

Məhkəmənin hökmündən həm təqsirləndirilən şəxslər və onların yaxınları, həm də zərərçəkmiş tərəf narazı qalıb. Ona görə də hər iki tərəf hökmdən apelyasiya şikayəti verəcək.

Buna da bax:​ Əsgər anası: “Düzünü deyin, Tapdığı necə öldürüblər”

Ruslan Cavadovun valideynləri iddia edir ki, hərbi hissə rəhbərliyi prokurorluqla razılaşıb, öz əməllərini ört-basdır eləmək üçün cinayəti onun övladının boynuna yıxıb.

Mərhum Babaşovun yaxınları isə deyir ki, Tapdığın ölümünü intihar kimi qələmə verməklə əslində, qətl hadisəsi ört-basdır edilib.

Xatırladaq ki, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmiş Tapdıq Babaşov evin yeganə oğlu olub. O, 2015-ci il mayın 22-də dünyasını dəyişib.

XS
SM
MD
LG