Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:44

İşgəncə və 'hakimə gül dəstəsi' mübahisəsi


Nardaran məhbuslarının məhkəməsi
Nardaran məhbuslarının məhkəməsi

«Azərbaycanda işgəncə yoxdur, Azərbaycan sivil dövlətdir, Afrika ölkəsi deyil ki...». Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Astan Şahverdiyev İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının (OMCT-nin) Azərbaycanda işgəncələrlə bağlı beynəlxalq birliyə müraciətini şərh edərkən, AzadlıqRadiosuna belə deyib.

OMCT beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyətə müdaxilə etməyə çağırıb və bildirib ki, bu ölkədə işgəncələrə və ədalətsiz məhkəmə proseslərinə son qoyulması vacibdir.

Buna da bax-'İşgəncələr Əleyhinə...' kampaniyaya başlayıb

Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini Yevda Abramov mediada fikirlərinin təhrif edildiyini əsas gətirərək, bu barədə danışmaq istəmədi. Həmin Komitənin üzvü Astan Şahverdiyevsə müraciəti belə dəyərləndirdi: «Yalnız Azərbaycanın düşmənləri elə müraciət edə bilər. Mən başqa şərh vermək istəmirəm. Azərbaycanda işgəncə yoxdur, Azərbaycan sivil dövlətdir, Afrika ölkəsi deyil ki...».

Astan Şahverdiyev: 'Azərbaycanda işgəncə yoxdur, Azərbaycan sivil dövlətdir, Afrika ölkəsi deyil...'
Gözlə

No media source currently available

0:00 0:00:20 0:00
Direct-ə keçid

«DEYƏCƏK Kİ, MƏNƏ İŞGƏNCƏ VERMƏYİBLƏR? ŞƏRLƏMƏ METODUNA KEÇİRLƏR»

Nardaran hadisələri zamanı saxlanılan «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onunla bərabər mühakimə olunanlar işgəncəyə məruz qaldıqlarını dəfələrlə məhkəmədə dilə gətiriblər. İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı da Taleh Bağırov və digər dindarların «vəhşicəsinə» döyüldüyünü, bəzilərinin öldürüldüyünü bildirir: «Polis idarəsində onları bir neçə gün döyüblər, ancaq prokurorluq təhqiqata başlamayıb. Polis bir aydan sonra T.Bağırovun vəkillərlə görüşünə icazə verib və o, işgəncələrdən dərhal şikayət verib».

Deyilənlərə deputat Astan Şahverdiyevin münasibəti tam bunun əksidir: «Zərərçəkən elə deyəcək, başqa nə deyəcək? Başqa yolu var onun? Deyəcək ki, mənə işgəncə verməyiblər? Şərləmə metoduna keçir».

Fərəc Quliyev
Fərəc Quliyev

«MƏHKƏMƏYƏ GƏLƏN ADAM HAKİMƏ GÜL DƏSTƏSİ VERMƏYƏCƏK...»

Astan Şahverdiyevin deputat həmkarı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də Azərbaycanda vətəndaşlara təcridxana və polis idarələrində işgəncə verilməsi haqda deyilənləri təkzib edir: «Azərbaycanda hansı işgəncə var, bununla bağlı hansı fakt var? Hansı ədalətsiz məhkəmə var? Varsa, niyə yuxarı instansiyalara müraciət etmirlər?».

O, Nardaran hadisələri zamanı tutulanların işgəncələrə məruz qalmaları barədə məhkəmədə söylədiklərinə belə reaksiya verir:

Fərəc Quliyev: 'Başqa dövlətin bayrağını Nardaranda asmışdılar, uşaqları məktəblərə buraxmırdılar'
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
Direct-ə keçid

-Azərbaycanda heç bir dinə, heç bir ibadət edənə basqı yoxdur. Adam konkret əmələ görə məsuliyyətə cəlb edilib, evindən silah tapılıb. Dövlət orqanlarını saymırdılar, başqa dövlətin bayrağını Nardaranda asmışdılar, uşaqları məktəblərə buraxmırdılar. Polisə silahlı müqavimət göstərirdilər. Mömindir deyə, ona silah tətbiq olunmamalıdır? Hesab edirəm ki, belə məsələlərdə dövlətin mövqeyindən çıxış etmək gərəkdir. Azərbaycan bayraqları asılmalı yerdə düşmən dövlətlərin bayraqları asılmışdı həmin kənddə. Mən hesab etmirəm ki, onların ifadəsi əsasında Azərbaycanla bağlı fikir söyləmək doğrudur.

-Amma Sizin dedikləriniz həmin hadisə zamanı saxlanılanlara işgəncə verilməsinə haqq qazandırmır, elə deyilmi?

-Hər halda, məhkəməyə gələn adam hakimə gül dəstəsi verməyəcək. O da özünü müdafiə etmək üçün bir şey deməlidir. Bu cür yersiz müdafiə cəhdləri də əsassızdır.

-Bir sözlə, Siz işgəncə ehtimalını yaxına buraxmırsınız?

-Bunu məhkəmə araşdırmalıdır. Bu adam silahlı müqavimət göstəribsə, polis dərhal yerində cavab verməlidir. ABŞ-da saxlanılan şəxs hərəkət edərsə, polisin onu güllələmək haqqı var. Burda polisə müqavimət olub və ona cavab verilib. Hesab edirəm ki, haqlı cavabdır.

-Amma qarşı tərəf də namaz zamanı evinə qəfil hücum edildiyini və müqavimətə fürsət belə tapmadığını söyləyir...

-Belə şey olmayıb. Biz maraqlanmışıq, silahlı müqavimət olub.

-Fərəc bəy, ümumiyyətlə, vətəndaşa hüquq-mühafizə orqanlarında işgəncə verilməsinə necə baxırsınız?

-Məncə, nəinki Azərbaycanda, elə dünyanın hər yerində istintaq zamanı və ya başqa hallarda birindən izahat alınanda təzyiq olmamalıdır. Amma siz dediyiniz məsələylə bağlı mövqeyim qətidir. Bir dövlət burda şəbəkə yaradacaqsa və dövləti təhdid edəcəksə, onun dayaqlarını sarsıtmağa cəhd göstərəcəksə, ən sərt addımların atılmasının tərəfdarıyam.

-O addımlara işgəncə də daxildir?

-Yox, işgəncədən söhbət getmir. Sadəcə, belə adamları müdafiə etməyə dəyməz.

-Bəs ədalətsiz məhkəmə proseslərinə son qoyulmasıyla bağlı çağırışları necə dəyərləndirirsiniz?

-Məsələn? Konkret fakt varmı məhkəmə ədalətsiz olsun? Varsa, daha yuxarı instansiyalara, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək olar. Bunu məhkəmələr araşdırmalıdır, hansısa QHT deyil. Bir rəylə Azərbaycan məhkəməsi haqda total rəy formalaşdırmaq doğru olmaz. Konkret bir hakim haqda şikayət varsa, bu, araşdırılmalıdır.

-Son illər Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə çox sayda müraciətin yollanması və şikayətlərin təminedilmə hallarının çoxalması faktı ilə Siz də razılaşarsınız. Bu, artıq göstərici deyilmi?

-Ola bilər. Belə hal dünyanın hər yerində var. Mən belə halların olmadığını demirəm və ya Avropa Məhkəməsinin qərarlarına hörmətsiz yanaşmıram. Bir hakimə və ya bir neçə hala görə bütünlükdə Azərbaycan məhkəmələri haqda qərəzli danışmaq doğru deyil.

-Yəni Siz Azərbaycan məhkəmələrinin normal fəaliyyət göstərdiyinə tam əminsiniz?

-Təbii.

-O zaman Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə gedən şikayətləri niyə əngəlləyirlər?

-Belə şeylər olacaq, amma... Əngəlləmirlər. Müraciət edirlər, buna da cavab verilir. Dünyanın hər yerində yuxarı instansiya məhkəmələrinə şikayət edilir. İdeal dövlət, ideal məhkəmə yoxdur. Amma bunun bizə qarşı total şəkildə istifadə edilməsinə normal baxmıram. Bu, qərəzli yanaşmadır.

XS
SM
MD
LG