Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

'Sosial problemlərin həllini istəmək qanunsuz tələb sayılır?'


Biləsuvarda həbs olunanlarla bağlı Bakıda mətbuat konfransı,14 yanvar 2017
Biləsuvarda həbs olunanlarla bağlı Bakıda mətbuat konfransı,14 yanvar 2017

Yanvarın 14-də bir qrup tanınmış şəxs və hüquq müdafiəçisi Biləsuvarda həbs olunanlar, eləcə də siyasi motivlərlə həbs edildiyi bildirilən başqa şəxslərin durumu ilə bağlı müzakirələr aparıb.

“Qəsəbəyə verilən elektrik enerjisinin kəsilməsi səbri daşıran damla oldu. Əslində, bizim qəsəbədə yaşayan məcburi köçkünlərin uzun illər yığılıb qalmış sosial problemləri var ki, etiraz aksiyası da onun nəticəsi idi”.

Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkün Məhəmməd Məcidli dekabrın 22-də yaşadıqları qəsəbəyə verilən elektrik enerjisinin kəsilməsinə etiraz edən və buna görə həbs olunan beş nəfər haqqında danışarkən belə deyib.

Yanvarın 14-də bir qrup tanınmış şəxs və hüquq müdafiəçisi Biləsuvarda həbs olunanlar, eləcə də siyasi motivlərlə həbs edildiyi bildirilən başqa şəxslərin durumu ilə bağlı müzakirələr aparıb.

Buna da bax: Köçkünlər aksiya keçirdi, həbs olunanlar var [video] [yenilənir]

“Dövlət müəssisələri normal işləsəydi...”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev deyir ki, Biləsuvarda həbs olunanların suçu yoxdur, onlar hökumətdən sosial problemlərinin həllini tələb etdikləri, məmur özbaşınalığına etiraz səslərini ucaltdıqları üçün cəzalandırılıblar. Hüquq müdafiəçisinin sözlərinə görə, məcburi köçkünlərin həbsinə təqdimatı baş prokurorun birinci müavini Rüstəm Usubov imzalayıb: “Təqdimatda yazılıb ki, bu adamlar saat 20.30 radələrində icra hakimiyyətinin qarşısına toplaşaraq, qanunsuz tələblər irəli sürməklə, dövlət müəssisələrinin işinə mane olublar. Əvvəla, saat 20.30 nə zamandan iş vaxtı hesab edilir? İkincisi, icra hakimiyyətindən sosial problemlərin həllini tələb etmək nə vaxtdan qanunsuz tələb sayılır? Dövlət müəssisələri normal işləsəydi, xalqın bu qədər problemləri yığılıb qalmazdı”.

Foto: arxiv
Foto: arxiv

“Polislər təxribat törədib...”

Biləsuvarda cəbrayıllı məcburi köçkünlərin yaşadığı qəsəbənin sakinlərindən Məhəmməd Məcidli bildirir ki, qəsəbədə qaz, istilik sistemi yoxdur, əhali yalnız elektrik enerjisi ilə keçinir. Elektrik enerjisi kəsiləndə, orada həyat dözülməz olur:

“Evlər də çox keyfiyyətsiz tikilib, amma insanlar birtəhər yaşayırdı. Sosial problemlər o həddə çatıb ki, artıq adamların səbri tükənib və dinc şəkildə etiraz aksiyası keçiriblər. Etirazçılar zərrə qədər qanunu pozmayıblar. Polislər təxribat törədib, adamlara qarşı zorakılığa yol veriblər. Əldə etdiyimiz məlumata görə, həbs olunanlardan təzyiq yolu ilə bir-birinin əleyhinə, eləcə də özlərinə qarşı etirafçı ifadələr alınır. Halbuki bu adamlar nəinki cinayət, hətta inzibati xəta da törətməyiblər. Əksinə, özləri bu hakimiyyətin cinayətlərinin qurbanı olublar”.

Buna da bax: Taleh Bağırovun oğluna doğum şəhadətnaməsi verilmir​

“Qaranlıq aşiqlərinin işıq istəyənləri zindana salması təbiidir”

Müzakirələrə Nardaran hadisələrinə görə həbs olunanların yaxınları da qatılıblar.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə bildirib ki, sonadək təkcə Nardaran məhbuslarının yox, günahsız həbs olunan bütün şəxslərin yanında olacaq, onların müdafiəsi üçün əllərindən gələni edəcəklər:

Leyla İsmayılova, dekabr 2016
Leyla İsmayılova, dekabr 2016

“Onu da deyim ki, Taleh Bağırzadəyə (Taleh Bağırovu nəzərdə tutur – red.) ömürlük, o biri qardaşlarımıza ağır cəzalar verilməsi bizi qətiyyən sındırmır”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ayrı-ayrı siyasi məhbusların hüquqlarını müdafiə məqsədilə yaradılmış komitələrin birləşməsini təklif edib.

Həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli siyasi məhbuc ailələrinin birləşib bir qurum yaratmasını bəyənib.

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev deyir ki, Biləsuvarda məcburi köçkünlərin başına gələnlər hakimiyyətin təkcə müxalifərlə yox, artıq xalqla mübarizə aparmasının göstəricidir:

“Qaranlıq aşiqi, zülmət içində olan bir hakimiyyətin işığının yanmasını istəyən adamları zindana salmasını təbii qarşılamalıyıq. Eyni zamanda, biz də hakimiyyətin bi cür qeyri-adekvat davranışının qarşısını almaq üçün əlimizdən gələni eləməliyik”.

Xatırlatma

Dekabrın 22-də Biləsuvarda məcburi köçkünlərin elektrik enerjisinin bərpası tələbi ilə keçirdiyi aksiyanın ertəsi gün Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanılıb. Onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, iğtişaşlar törətmək, başqasının əmlakına qəsdən ziyan vurmaq maddələrilə ittihamlar verilib.

Dekabrın 24-də qəsəbənin daha iki sakini - Ülvi Quliyev və İlkin İsgəndərov eyni ittihamla həbs edilib.

XS
SM
MD
LG