Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Azərbaycan korrupsiya indeksində 30 pillə geriləyib


Karikatura
Karikatura

Bir çox ölkələrin korrupsiyanı ciddi nəzarətə ala bilməməsi dünyada demokratiya böhranına töhfəsini verir. Bunu Transparency International beynəlxalq şəffaflıq təşkilatı yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksində (KQİ) bildirir.

Bu indeks 13 sorğu və ekspert dəyərləndirməsi üzrə 180 ölkədə və ərazidə dövlət sektorunda korrupsiyanı ölçür. Ən yüksək səviyyədə korrupsiyalaşmış ölkələrə sıfır, ən təmizlərə isə 100 bal verilir.

Ötən il irəliləyən Azərbaycan...

Danimarka və Yeni Zelandiya 88 və 87 balla ilk yerlərdədir.

Somali, Sudan və Suriya isə 10, 13 və 13 balla indeksin dibində qərar tutublar.

Ən yüksək bal yığan region Qərbi Avropa və Avropa Birliyidir, burada ortalama bal 66-dır. Ən aşağı bal isə Saharaaltı Afrika (32) və Şərqi Avropa və Orta Asiya üzrə (35) qeydə alınıb.

Azərbaycan 25 balla 180 ölkə içində 152-ci yeri tutub. Bu, ötənilikdən 30 pillə geriləmə deməkdir. Ötən il Azərbaycan 31 balla 122-ci yerdə idi, hətta bir il öncəkindən bir pillə irəliləmişdi.

Qurum irəliləyişi son 5 il ərzində Azərbaycanın KQİ-də mövqeyində müsbət dinamika müşahidə olunduğunu, bir pillə irəliləyişi isə ölkədə korrupsiya ilə bağlı ümumi mənzərənin sabit qalmasıyla izah edirdi.

Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-da çıxış edir, 2014-cü il
Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-da çıxış edir, 2014-cü il

Bəs birdən-birə 30 pillə geriləmə nəylə bağlıdır?

Ötən il baş verənlər Qərbi Avropa və AB-də korrupsiyanın necə qalıcı olduğunu, Avropanın demokratik qurumlarından bəzilərinin öz içlərində korrupsiyaya necə uğradıqlarını üzə çıxardı. Avropa Şurasının hazırladığı müstəqil hesabat Parlament Assambeyasının bəzi üzvlərinin Azərbaycanın beynəlxalq imicini cilalamağı hədəfləyən “Pulyuyan maşını” adlı pulyuma mexanizminin benefisiarları olduqlarını ortaya qoydu”, – hesabatda deyilir.

Azərbaycan rəsmiləri bu gün açıqlanmış hesabata hələlik, münasibət açıqlamayıblar. Ancaq ümumilikdə hakimiyyət təmsilçiləri ölkədə korrupsiyayla davamlı mübarizə aparıldığını bildirir. “Azərbaycanın pulyuyan maşını” mexanizmi ilə bağlı deyilənləri isə hakimiyyət indiyədək təkzib edib.

Qonşulardan Ermənistan 35 balla 105, Gürcüstan 58 balla 41-ci, Rusiya və İran 138-ci pillədədirlər.

Transparency regionda Ermənistana göz qoyulmalı olduğunu bildirir, çünki Yerevan bu il antikorrupsiya islahatları aparmalıdır. Məhkəmə islahatının prioritet siyahısında olduğu vurğulanır. Vətəndaş cəmiyyətinin rolunun da vacibliyi qeyd edilir.

Ən aşaği bal yiğan ikinci region

Ümumilikdə isə Şərqi Avropa və Orta Asiyanın ən aşağı bal yığan ikinci regiondur. Bu regionda ölkələrin, demək olar, hər biri 45, yaxud ondan da az bal yığıb, korrupsiyayla mübarizədə çox az iş görüldüyü bildirilir. Siyasi iradənin olmaması, dövlət qurumlarının zəifliyi, siyasi hüquqların azlığı korrupsyanın çiçəklənməsinə şərait yaradır.

Transparency International bildirir ki, qlobal demokratik durumla çarpaz təhlil korrupsiyayla demokratiyaların sağlığı arasında əlaqəni üzə çıxarır. Tam demokratiyaların KQİ-si ortalama 75, qüsurlu demokratiyaların 49, avtokratik tendensiyaları olan hibrid rejimlərinki isə 35-dir.

Ən pis göstərici avtokratik rejimlərə xasdır – cəmi 30 bal.

Məsələn, Macarıstan və Türkiyənin indeksləri son beş ildə uyğun olaraq səkkiz və doqquz vahid azalıb. Bu arada Türkiyə “qismən azad” ölkədən “azad olmayan”a çevrilib. Macarıstanda isə 1989-cu ildə kommunizmin çöküşündən bəri siyasi hüquqlar sahəsində ən aşağı bal qeydə alınıb.

Ötən il Birləşmiş Ştatlar dörd bal itirərək cəmi 71 bal yığıb, 2011-ci ildən bəri ilk dəfə olaraq ilk 20-likdən kənarda qalıb. Bu, ABŞ-da hakimiyyət bölgüsünə təhdidlər, eləcə də hakimiyyətin ən yüksək səviyyəsində etik normaların eroziyaya uğradığı bir dönəmə təsadüf edir.

XS
SM
MD
LG