Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:55

Dialoq, yoxsa monoloq?


İ.Əliyev
İ.Əliyev

Dövlət başçısı İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair aprelin 14-də keçirdiyi videomüşavirədə yenidən siyasi dialoq məsələsindən də geniş bəhs etdi: "Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi".

Amma o, yenə də bəzi müxalif qüvvələr haqqında sərt ifadələr işlədib: "O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz...".

"Koronavirusa sevinən..."

Prezidentin iddiasına görə, indi koronavirusa sevinən ancaq bu "antimilli qruplaşma"dır: "Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir...".

Bu ilin əvvəlində Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə əksər partiyaların rəhbərləri görüşmüşdü. Bu görüşlərdə hakimiyyətlə müxalifət arasında siyasi dialoqdan bəhs edilsə də, onların, əsasən, tanışlıq xarakteri daşıdığı vurğulanırdı.

Amma Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə belə bir görüş gerçəkləşməmişdi.

İ.Hüseyn
İ.Hüseyn

"Siyasi məhbus, sərbəst toplaşmaq azadlığı, Qarabağ və seçki islahatları..."

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn AzadlıqRadiosuna deyib ki, onlar dialoqdan imtina etməyiblər, real dialoqun tərəfdarı olublar: "Ortaya dövlət üçün də, millət üçün də önəmli olan təkliflər qoymuşuq ki, siyasi məhbus, sərbəst toplaşmaq azadlığı, Qarabağ və seçki islahatları məsələlərini müzakirə edəcəyiksə, dialoqun tərəfdarıyıq. Amma bu, sadəcə, imitasiya, adı dialoq, özü monoloq olacaqsa, orada iştirakçı deyilik".

"...Həbs edirlərsə, bu, necə dialoqdur?"

İ.Hüseyn deyib ki, bir tərəfdən dialoqdan danışıb, digər tərəfdən də dialoqa çağrılan qüvvəni "düşmən” adlandırmaq düzgün deyil: "Dialoqa çağrılan partiyanın 10 üzvünü karantin qaydalarını pozmaq adı ilə inzibati qaydada həbs edirlərsə, bu, necə dialoqdur? Elə startından görünür ki, bu, imitasiyadır, bu, sadəcə, ölkə və dünya ictimaiyyətinə dialoq addımı atmaq görüntüsü yaratmaqdır".

"Təqdim olunan dialoq yox, hökumətin növbəti monoloqudur"

İ.Hüseyn deyib ki, AXCP olaraq koronavirus infeksiyasının geniş yayılmaması üçün ilk gündən xüsusi karantin rejiminin də tərəfdarı olduqlarını vurğulayıblar. Onun fikrincə, təqdim olunan dialoq yox, sadəcə, hökumətin növbəti monoloqudur: "Ona görə də, orada iştirakçı olmadıq. Təkliflərimizə məhəl qoyulmadı. Həqiqi, real dialoqa start verməyə hökumətin siyasi iradəsi çatmadı".

Deputat Zahid Oruc isə "Turan" agentliyinə deyib ki, koronavirus pandemiyası dövrü on illər boyu daha ağır münasibətləri ortada olan qüvvələr üçün barış fürsəti idi, amma təəssüf ki, bu baş vermədi.

Z.Oruc
Z.Oruc

"Bunu necə görməmək olar?"

Onun fikrincə, bəziləri koronavirus pandemiyası dövründə dövlətin 100 minlərlə insanı əhatə edən tədbirlərini görməzdən gəlirlər, bir şəxsin problemini əsas tutaraq dövlət rəhbərliyinin xalqın problemlərini həll etmək istəməməsi görüntüsünü yaratmağa çalışırlar.

Prezidentin aprelin 14-dəki çıxışına gəlincə, Z.Oruc hesab edir ki, bu, hansısa qüvvəni hədəf kimi görmək deyildi. Onun fikrincə, dövlət başçısının çıxışı daha çox milyonlarla insanın probleminin həllinə hədəflənmişdi: "Prezident haqlı olaraq deyir ki, koronavirus pandemiyası dövründə "iqtisadi ziyanlar, yoxsa insan?" seçimi var idi və prezident ölkə insanının sağlamlığını seçib. Bəzi qüvvələr bunu görmək istəmir. Bunu necə görməmək olar?".

"Biz bunları görmədik”

Onun fikrincə, mənəvi cəhətdən bu qüvvələr elə davranış sərgiləyə bilərdilər ki, humanitar fəlakətlər, siyasi-iqtisadi çətinliklər önündə bütün partiyaların, hərəkatların birləşməsi gerçəkləşərdi: "Bu, dünya siyasətinin adi siyasi mədəniyyət hadisəsidir. Biz bunları görmədik".

Z.Oruca görə, prezidentin çıxışı ölkədə siyasi barışın, dialoq mühitinin genişləndirilməsinə, bu mövqedə olan qüvvələrin bundan sonrakı dönəmdə də ciddi addımlar atmasına xidmət edir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 127 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib. Artıq bir neçə aydır dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG