Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:36

Kitab mağazalarının virus savaşı


Kitabxana
Kitabxana

BBC yazır ki, təcrid rejimindən əvvəl ard-arda üç il idi ki, Britaniyada kitab dükanlarının gəlirləri artırdı. Ancaq pandemiya müştəriləri onlayn ticarətə yönəltdi. Ənənəvi kitab dükanları isə ayaqda qalmaq üçün kreativ yollar axtarmalı oldular.

"Amazon" və supermarketlərin təsir gücünü nəzərə alsaq, müstəqil kitab dükanı işlətmək çətin işdir. Buna baxmayaraq, Britaniyada kitab dükanlarının sayı nəinki azalmayıb, hətta artıb.

Britaniyada hər il "Müstəqil kitab dükanı həftəsi" də keçirilirmiş. Ötən həftəyə təsadüf edən kitab həftəsi ərəfəsində bir çox kitab dükanları yenidən açılıb. Bəzi kitab dükanları bağlı qalmaqlarına rəğmən kitabları müştərilərə çatdırmağın müxtəlif yollarını tapıblar.

Norveçdə yerləşən və bağlanmağa məcbur olmasından əvvəl cəmi yeddi ay fəaliyyət göstərmiş "Bookbugs and Dragon Tales" adlı kitab dükanının sahibi Leanne Fridd əvvəlcə çarəsizlikdən supermarketdə işə düzəlmək istəyib. Sonra öz biznesini ayaqda saxlamaq qərarına gəlib.

""Amazon"un alqoritminin edə bilmədiyi bir şey var, o da insan yanaşmasıdır", - məqalədə deyilir.

Çərəzli təhsil paketləri

Fridd evdə təhsil paketləri hazırlayıb. O, təhsil, sinifdənxaric fəaliyyət və qiraət kitablarını uşaqların maraq dairəsi və yaşına görə bir yerə toplayaraq dəst halına salıb. O, həm də böyüklər üçün stressdən yayınma dəstləri hazırlayıb. Bura xüsusi seçilmiş roman kitabları, insanın ruhunu oxşayan çərəzlər və əhvalı yaxşılaşdıran fəaliyyət növlərinə aid əşyalar əlavə edib.

Leanne Fridd həyat yoldaşı Dan-lə birlikdə öz onlayn dükanının daha çox görünməsi üçün onlayn hekayə sessiyaları və kitab qrupları da təşkil edib.

Bütün bu səylərdən sonra kitab dükanının qazancı yenə də pandemiyadan əvvəlki dövrdəki gəlirin 20%-i qədər olub.


Fridd hər iki əməkdaşını məzuniyyətə göndərməli olub. Özü də hökumətin özünüməşğulluğa dəstək proqramına uyğun gəlməyib.

Müştərilər iki həftə öncə açılan kitab dükanına getmək üçün əvvəlcədən 15 dəqiqəlik görüş almalıdırlar. Bu 15 dəqiqə ərzində onlar dükanda tək, yaxud öz yaxın ətrafları ilə birlikdə vaxt keçirə, kitab seçə bilərlər. Bir çox ailələr bu üsulu bəyəniblər və uzun zamandan bəri ilk dəfə uşaqlarını harasa apara bildiklərini deyiblər.

Fridd deyir ki, ayaqda qala bilməmək təhlükəsi hələ də realdır.

Hər yer bağlananda Linkolnşirdəki "The Rabbit Hole" dükanının onlayn satış platforması yox idi. Onlar tez-tələsik onlayn dükan yaratmaq istəməyiblər.

"Zoom" sessiyaları...

Üç il bundan əvvəl açılmış dükanın sahibi Nick Webb buranı həyat yoldaşı Mell-lə birgə işlədir. Hər ikisi əvvəllər orta məktəbdə müəllim işləmiş Nick və Mell-in məktəblərlə sıx əlaqələri var. Onlar kitab müəllifləri ilə uşaqları bir araya gətirən "Zoom" sessiyaları təşkil ediblər. Bu, insanlarla əlaqələri qoruyub saxlamağın yollarından biri olub.

Onlar həm də müştərilərə onlayn dükanlarda və supermarketlərdə gördüyümüz məhsullardan fərqli kitablar təqdim etməyə çalışırlar.

Nick-in sözlərinə görə, "Zoom" sessiyalarında müəlliflər uşaqlara illüstrasiyalar və kitabla bağlı hər şey haqqında danışıblar. Nəticəsi isə gözəl olub.

Dükanın yerləşdiyi Briqq bazarlar şəhəridir. İyunun 1-də açıq hava bazarlarının açılmasına icazə veriləndə "The Rabbit Hole" da özünə bir piştaxta götürüb. İki həftə sonra dükanın özü də yenidən açılıb.

Webb ailəsi hökumətin özünüməşğulluğa dəstək proqramına müraciət edərək hər ay son 3 il ərzində aylıq qazancının 80%-i qədər yardım alıb.

XS
SM
MD
LG