Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:32

AXCP üzvlərini işgəncəyə görə təcridxananın qəbul etmədiyi deyilir


Əli Kərimli: 'Həbsimə hazıram'
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Əli Kərimli: 'Həbsimə hazıram'

İyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə təxribatda (bir qrup şəxsin parlamentə daxil olması, polis maşınının aşırılması) suçlanaraq həbs olunan AXCP üzvlərinin əksəriyyətinin işgəncəyə məruz qaldığı iddia olunur. Bu barədə AzadlıqRadiosuna danışan Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov bildirib ki, həbs olunan cəbhəçilərdən bəzilərinin üzərindəki xəsarət izlərinə görə Bakı İstintaq Təcridxanası onları qəbul etməyib. N.Səfərov konkret AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli və partiyanın Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyevin adlarını çəkib:

"Həbs-qətimkan tədbiri seçilməsi haqda məhkəmə qərarında onların Bakı İstintaq Təcridxanasında saxlanması nəzərdə tutulub. Bizdə olan məlumata görə, A.Məhərrəmli və R.Nağıyevin üzərindəki xəsarətlərin ağırlığı və aşkarlığına görə istintaq təcridxanası onları bu vəziyyətdə qəbul etməkdən imtina edib. Çünki təcridxana ya o xəsarətləri rəsmiləşdirməlidir, ya da həmin şəxsə nəsə olsa, buna görə məsuliyyət daşıyır. Ona görə də həmin şəxsləri Penitensiar Xidmətin tabeliyində olan müalicə müəssisələrinə yerləşdiriblər".

N.Səfərov vurğulayıb ki, həbs olunan AXCP üzvlərinin vəkillərinə onlarla görüşməyə imkan verilmir: "Bu üzdən də onlar haqqında dəqiq məlumatlar əldə etmək olmur".

Vəkillər saxlananlarla görüşə bilmirlər

R.Nağıyevin yaxınları da AzadlıqRadiosuna bildirib ki, onu həbs qərarından sonra Bakı İstintaq Təcridxanasına yox, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə aparıblar. Binə qəsəbəsində yerləşən həmin müəssisədə, əsasən, vərəmli məhbuslar saxlanılır. Son vaxtlar cəzaçəkmə müəssisələrində COVID-19 (koronavirus) infeksiyasına yoluxan məhkumların da ora köçürüldüyü bildirilir.

AŞPA həmməruzəçisi: 'Müxalifət düşmən deyil'
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Qarabağa dəstək yürüşünə görə həbs olunan şəxslərin vəkilləri də AzadlıqRadiosuna müvəkkilləri ilə görüşə bilmədiklərini təsdiqləyib.

"Baş Prokurorluğun İstintaq İdarəsinə təqsirləndirilən şəxsin vəkili olduğumuzu təsdiqləyən orderi veririk, qəbul eləmirlər. Deyirlər ki, poçtla göndər. Birincisi, bu qanunsuzdur. İkincisi, xüsusi karantin rejimində strukturlar normal işləmir, poçtla çox gec gedib çatır. Bu müddətdə həmin şəxslər faktiki müdafiəsiz qalıb. Onlar öz vəkilləri olduğu halda, həbs qərarı üçün məhkəmə qarşısına dövlət hesabına vəkillərlə çıxarılıblar. Amma məhkəmədən həbs qərarlarını almışıq, apellyasiya şikayəti verilib", - adının çəkilməsini istəməyən vəkil AzadlıqRadiosuna bildirib.

AXCP üzvlərindən yalnız Qarabağ əlili Asif Yusifli və Seymur Əhmədzadə haqqında həbs qərarı çıxarılan məhkəmədə onların vəkilləri Nemət Kərimli və Elçin Sadıqov iştirak edib.

Rəsmi qurumlar nə deyir

Penitensiar Xidmətin iİctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AXCP üzvlərinin vəziyyətlərinin ağırlığına görə Bakı İstintaq Təcridxanasında qəbul edilməməsi haqda məlumatı şərh etmək istəməyib: "Belə məsələləri biz şərh etmirik".

M.Sadıqov bundan öncə də AzadlıqRadiosuna bildirmişdi ki, həbs olunan şəxslərin konkret harada saxlanması haqda məlumatlar konfidensial hesab olunur və ailə üzvləri istisna olmaqla, kənar şəxslərə açıqlanmır.

'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Qarabağa dəstək yürüşünə görə həbs olunan AXCP üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və digər polis orqanlarında işgəncəyə məruz qalması haqda məlumatları təkzib edib.

"Başdan ayağa uydurma, qərəz və yalandır. Onların hamısı vəkillərlə də təmin olunub, hüquq və vəzifələri də izah edilib. Heç bir təzyiqdən söhbət gedə bilməz. Ortada görüntülər var. O hadisələrdə kimin nə dərəcədə iştirak etməsi göz önündədir, görüntülər var. Burada zorakılığa, güc tətbiqinə ehtiyac yoxdur", - E.Zahidov AzadlıqRadiosuna belə deyib.

Xatırlatma

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. İki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub. Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Həbs olunan şəxslərin sayı barədə rəsmi məlumat yoxdur. AXCP Qarabağa dəstək yürüşündən sonra 11 fəalının barəsində cinayət işi başlandığını və həbs qərarı verildiyini bəyan edib. Həbs olunan şəxslərdən 10 nəfərə qarşı CM-in 186 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb. Bir nəfər cəbhəçiyə, həmçinin AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğlu Mehdi İbrahimə qarşı CM-in 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham verilib. AXCP üzvlərindən daha iki nəfərin barəsində yürüşdə iştirakla bağlı cinayət işi başlansa da, həbs-qətimkan tədbiri seçilməyib. Daha yeddi nəfər cəbhəçi haqqında isə inzibati həbs qərarları çıxarılıb. Saxlanılan üç cəbhəçinin isə, hələlik, yeri və nədə ittiham olunduğu bəlli deyil.

AXCP ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İ.Əliyev AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

XS
SM
MD
LG