Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:37

Məmməd İbrahimin oğlu 'tubzon'a köçürülüb


Mehdi İbrahimov
Mehdi İbrahimov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov iyulun 22-də Penitensiar Xidmətin vərəm xəstələri üçün ixtisaslaşdırılmış 3 saylı müəssisəsinə (tubzon) köçürülüb.

Bu barədə AzadlıqRadiosuna Məmməd İbrahimin özü məlumat verib. Onun oğlu Cinayət Məcəlləsinin (CM) 139-1.1-ci (antiepidemiya, sanitariya-gigiyena və karantin rejiminin pozulması, xəstəliyin yayılmasına səbəb olduqda və ya buna təhlükə yaratdıqda) maddəsi ilə ittiham olunur. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaqın iddiasına görə, Mehdi İbrahimov koronavirusa yoluxduğuna görə ev karantində olub, lakin qaydaları pozaraq evdən çıxıb.

Həbs edilən şəxsin atası Məmməd İbrahim isə istintaqla razılaşmır. O bildirib ki, oğlu iyulun 14-də orduya dəstək aksiyası ilə əlaqədar saxlanılıb: "Oğlum koronavirus xəstəsi olsaydı, digər məhbuslarla birlikdə bir həftə polisdə saxlanmazdı. Bundan əlavə, Mehdini məhkəməyə adi polis maşınında gətiriblər və aparıblar, onu müşayiət edən əməkdaşlar isə qoruyucu kostyumda yox, adi formada olublar".

"Mehdi İbrahimov YAP-ın üzvüdür"

Məmməd İbrahim həmçinin qeyd edib ki, oğlunu iyulun 15-də saxlayıblar, lakin məhkəmə həbs müddətini iyulun 20-dən hesablamağa qərar verib. O əlavə edib ki, Mehdi İbrahimov hakim Yeni Azərbaycan Partiyasının üzvüdür: "Mehdi İbrahimov hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Lakin mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğuma görə onu azadlığa buraxmayıblar".

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də Mehdi İbrahimovun onların üzvü olduğunu "Turan" agentliyinə təsdiqləyib.

"İttiham maddəsindən görünür ki, Mehdi İbrahimov hüquqazidd hərəkətlərdə iştirak etməyib və Yeni Azərbaycan Partiyasının üzvü kimi orduya dəstək aksiyasında olub. Onu aksiyada iştirakına görə yox, yoluxmuş vəziyyətdə evdən çıxdığına görə saxlayıblar", - H.Paşayev qeyd edib.

Mehdi İbrahim İdman Akademiyasını bitirib. Futbol məşqçisidir. İspaniyada Madridin "Real" klubunda kurs keçib, UEFA-a ona lisenziya verib.

Xatırlatma

Azərbaycanda indiyədək 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib.

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. "Müdafiə xətti" adlı hüquq-müdafiə təşkilatının bildirməsinə görə, həmin hadisələrlə əlaqədar 25 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumata görə, həbs olunan şəxslərdən doqquz nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. Sonradan AXCP daha bir üzvünün də həbs edildiyini açıqlayıb. Onlar əmlakın qəsdən məhv edilməsi, ictimai qaydanın pozulması, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə açılmış cinayət işi üzrə təqsirləndirilirlər. Barələrində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aya qədər həbs-qətimkan tədbiri seçilib.

AXCP ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İ.Əliyev həmin aksiya ilə bağlı AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

XS
SM
MD
LG