Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:43

Cəbhəçilərə işgəncə verilirmi?


Cəbhəçiləri öz məhkəmələrinə gətirmirlər
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Cəbhəçiləri öz məhkəmələrinə gətirmirlər

İyulun 14-dən 15-nə keçən gecə orduya dəstək aksiyasında yaşanan olaylardan sonra saxlanan və həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərinə polisdə işgəncə verildiyi bildirilir.

Hətta hazırda apellyasiya şikayətlərinə baxılan həbs olunan cəbhəçilərin məhkəmə proseslərinə gətirilməməsini də bununla izah edənlər var.

İşgəncə iddialarını AXCP-nin təmsil olunduğu Mili Şuranın sədri Cəmil Həsənli də dilə gətirib.

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbs edilmiş fəallarını onlara verilən işgəncələrə görə məhkəmələrə aparmırlar... Səbəb odur ki,... həbs edilənlərə işgəncə verilməsini gizlətmək istəyirlər", - o vurğulayıb.

Amma bundan əvvəl Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna cəbhəçilərə işgəncə verilməsi ilə bağlı iddiaları təkzib ediblər.

Rəsmilər, bir qayda olaraq, cəzaçəkmə müəssisələrində və polis təcridxanalarında işgəncə olması ilə bağlı şikayətləri əsassız sayırlar.

"Səlahiyyətimiz yoxdur"

Bu məsələlərlə bağlı, hələlik, Ombudsman Aparatından suallara cavab almaq mümkün olmayıb. Cəzaçəkmə müəssisələrinə baş çəkmək hüququ olan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev də "Turan" agentliyinə deyib ki, onlar ancaq cəza verilmiş məhkumların saxlanma şəraiti, vəziyyətləri ilə maraqlanırlar: "Amma istintaq təcridxanalarına baş çəkmək kimi səlahiyyətimiz yoxdur".

"Konfidensial müzakirələrin bir hissəsidir"

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova isə deyib ki, Komitə saxlanma yerlərinə baş çəkir, amma bunun barəsində açıqlama vermir: "Saxlanma yerlərində olan müzakirələrin hamısı ikitərəfli konfidensial müzakirələrin bir hissəsidir. Açıqlama da vermirik ki, kiminlə, harada, görüşmüşük".

Xatırlatma

Bu il iyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulduğu qeyd edilir.

Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Həbs olunan şəxslərin sayı barədə isə rəsmi məlumat yoxdur.

"Müdafiə xətti" adlı hüquq-müdafiə təşkilatının bildirməsinə görə, həmin hadisələrlə əlaqədar 30 civarında şəxs istintaqa cəlb edilib. Məlumata görə, həbs olunan şəxslərin10 nəfərdən çoxu AXCP üzvləridir. AXCP-dən verilən məlumata görə, onların daha bir çox üzvləri bu günlər saxlanaraq karantin qaydasını pozmağa görə inzibati qaydada həbs edilib. Bəzi üzvlərinin isə xəstəlik yaymaqda günahlandırıldıqları açıqlanıb. Onlardan birinin də elə iyulun 14-də keçirilən aksiyada saxlandığı qeyd edilir.

Bütün bunlardan başqa, saxlanıb buraxılanların da olduğu deyilir.

AXCP ittihamların yalan olduğunu, həmin əməlləri törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır.

XS
SM
MD
LG