Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:38

Azərbaycan qazı Türkiyəyə 87, Gürcüstana 141 dollara satılır


Türkiyə prezidenti R.T.Ərdoğan TANAP-ın açılışında. 2018
Türkiyə prezidenti R.T.Ərdoğan TANAP-ın açılışında. 2018

Hər 100 dollardan 88-i neft-qaz sektorundan gəlir

Bu ildən başlayaraq Dövlət Gömrük Komitəsi xarici ticarətin durumuna dair statistik göstəricilərində yenilik edib. Artıq hesabatlarda Azərbaycanın neft və qaz satdığı ölkələr, satışın miqdarı və dəyəri göstərilir.

Bu ilin ilk iki ayı ərzində Azərbaycanın neft-qaz sahəsində ixrac etdiyi məhsulların dəyəri toplam ixracın 88 faizi qədər – 2.45 milyard dollar olub. Başqa deyimlə, ölkənin xarici ticarətdən qazandığı hər 100 dolların 88-i məhz neft-qaz sektorundan gəlib. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, 2021-ci ilin ilk iki ayında , ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunun ixrac dəyərində yarım milyard dollar və ya 17 faiz azalma qeydə alınıb. Həmin müddət ərzində ölkənin ümumi ixracındakı azalma isə 14.2 faizə bərabərdir.

Təbii qaz Gürcüstana Türkiyədən 62 faiz baha satılıb

Bu ilin ilk iki ayı üzrə göstəricilərdən aydın olur ki, Azərbaycanın ixrac etdiyi təbii qazın 99.6 faizi sadəcə iki ölkəyə - Türkiyə (62 faiz) və Gürcüstana (37 faiz) satılıb. Türkiyəyə satılan 2 milyard 62 milyon kubmetr təbii qaz üçün toplam 180 milyon dollar, yəni, təbii qazın hər min kubmetrinə 87 dollar ödənilib.

Gürcüstana isə 1 milyard 244 milyon kubmetr təbii qaz satılıb və buna görə Azərbaycana 175.5 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, Gürcüstana satılan təbii qazın hər min kubmetrinin dəyəri 141 dollar olub.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, təbii qaz ixracı eyni dövrdə gerçəkləşdirilsə də, Gürcüstana satılan qazın dəyəri Türkiyə ilə müqayisədə 62 faiz daha baha olub. Onu da qeyd etmək lazımdır ki, hər iki ölkə - həm Türkiyə, həm də Gürcüstan Azərbaycan qazını eyni boru kəmərləri ilə (Cənubi Qafqaz Boru Kəməri və TANAP-la) idxal edir.

Azərbaycan neftinin əsas alıcıları kimlərdir?

Azərbaycan neftinin əsas alıcısı qismində İtaliya çıxış edir, çünki Azərbaycanın 2021-ci ildə satdığı xam neft və neft məhsullarının tən yarısı məhz bu ölkəyə göndərilib. Ümumiyyətlə, İtaliya artıq uzun müddətdir ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ötən il də Azərbaycan xarici ticarət vasitəsilə qazandığı hər 100 dollardan 30-nu məhz İtaliya ilə ticarətdən əldə edib.

İtaliyadan sonra ilk üçlükdə Azərbaycan neftinin əsas alıcıları Hindistan və İspaniyadır. İl ərzində neftdən əldə edilən gəlirin müvafiq olaraq 10 və 8.5 faizi məhz bu ölkələrə həyata keçirilən ixrac nəticəsində qazanılıb. Diqqət çəkən daha bir məqam ilk onluqdakı 6 ölkənin Avropadan olmasıdır.

2021-ci ildə Azərbaycan neftinin ən çox ixrac edildiyi 10 ölkə

Ölkə

Miqdar (ton)

Məbləğ (min dollar)

İtaliya

2 930 073.80

1 040 244.18

Hindistan

574 033.93

215 964.03

İspaniya

507 406.05

175 557.63

Portuqaliya

312 238.47

123 689.47

Ukrayna

339 389.10

111 480.59

Çin

277 516.67

102 592.36

Xorvatiya

187 115.67

61 850.91

İsrail

122 207.92

39 870.77

Böyük Britaniya

90 270.65

39 708.43

Almaniya

91 823.81

37 383.31

XS
SM
MD
LG