Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Freedom House: 'Azərbaycan möhkəmlənmiş avtoritar rejimdir'


Bakıda qadın fəalların etirazı, 8 mart, 2021-ci il
Bakıda qadın fəalların etirazı, 8 mart, 2021-ci il

Azərbaycanla bir sırada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir

Azərbaycanda möhkəmlənmiş avtoritar rejim hökm sürür. “Freedom House” insan haqları təşkilatı aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021” hesabatını açıqlayıb. Hesabatda Orta Asiyadan tutmuş Mərkəzi Avropaya qədər 29 ölkədə demokratik idarəçiliyin vəziyyəti dəyərləndirilir.

Qurum bildirir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntuları üçün məsuliyyət daşıyır.

Azərbaycanla bir sırada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir.

Azərbaycan hakimiyyəti isə ölkədə demokratik islahatlar aparıldığını deyir, təməl hüquqların pozulmasıyla bağlı beynəlxalq qurumların tənqidlərini rədd edir, onları qərəzli mövqedə ittiham edir.

Qonşular

Ermənistan yarı-möhkəmlənmiş avtoritar rejim siyahısına salınıb. Vaxtilə demokratiya yönündə böyük irəliləyişi qeyd olunan Ermənistan 2018-ci ilin məxməri inqilabından sonra ilk dəfə geriləyib. 2019-cu ildə Ermənistanın hibrid/tranzit rejimə doğru proqres etdiyi bildirilirdi, ötən ilsə geriləyib.

Qırğızıstanın isə 2020-ci ildə avtoritar idarəçiliyə qayıtdığı vurğulanır.

Gürcüstan tranzit, yaxud hibrid rejimlər sırasındadır. Bu siyahıda Bosniya Herseqovina, Macarıstan, Kosovo, Monteneqro, Moldova, Şimali Makedoniya, Serbiya və Ukrayna yer alıb.

Gürcüstanın balı 2011-ci ildəki səviyyəyə qayıdıb. Bir il sonra “Gürcü arzusu” hakimiyyətə gəlib və hazırda ölkənin hakim partiyasıdır.

Hesabatda deyilir ki, regionda neqativ xəbərlərin üstünlük təşkil etməsinə baxmayaraq, diqqətçəkən dirəniş nümunələri də var. Türkmənistan, Tacikistan və Azərbaycandan mühacirətdə yaşayan jurnalistlər, blogerlər, diaspora fəalları öz ölkələrində baş verənlər haqda məlumatlar yayırlar.

“Jurnalistlər çətin şəraitdə işlərini davam etdirməkdən ötrü innovativ üsullara əl atırlar. Məsələn, Belarusun müstəqil media orqanları hökumətin bloklamasından yayınmaq üçün kütləvi Telegram şəbəkəsinə köçüblər”, – hesabatda deyilir.

Macarıstan və Polşa

“Avropada və Avrasiyada seçilmiş liderlər onları hakimiyyətə gətirmiş qurumlara zərbə vurur, demokratik normaları rədd edir, avtoritar idarəçiliyin alternativ sistemlərini təbliğ edirlər”, – “Freedom House” bildirir. Hesabatda Macarıstan və Polşanın 1990-cı illərdə demokratiyaya keçidə liderlik etməsinə baxmayaraq hazırda dərinləşən avtokratiya əlamətləri göstərdiyi vurğulanır.

“Bunlar anomaliya olmasa da, Avropa və Avrasiyada avtoritarizmə doğru sistematik dəyişiklikdir və qlobal təsirləri ola bilər”, – hesabatda deyilir.

Ümumiyyətlə isə 17 il ardıcıl olaraq regionda demokratiyanın ümumi gücünün zəiflədiyi vurğulanır. Hesabat ilk dəfə 1995-ci ildə açıqlanandan bəri demokratiya hesab olunan ölkələrin sayı ən aşağı həddə düşüb.

“Avropa və Avrasiyada demokratiyanın geriləməsi dərin narahatlıq yaradır… Avtoritarizm ancaq milli məsələ deyil, bütün regiona, hətta qitələrə yayıla bilər”, – qurumu Avropa və Avrasiya üzrə tədqiqat direktoru Zselike Csaki deyib.

XS
SM
MD
LG