Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:41

Gürcüstan müxalifətinin ‘bir hissəsi’ boykotu dayandırır


Vahid Milli Hərəkatın lideri Nikanor Meliya məhkəmədə
Vahid Milli Hərəkatın lideri Nikanor Meliya məhkəmədə

Gürcüstanda müxtəlif partiyaları təmsil edən ondan çox müxalifətçi parlamentin 6 aydır ki, davam edən boykotunu dayandırmaq qərarına gəlib.

AzadlıqRadiosunun Gürcüstan müxbiri xəbər verir ki, müxalifətin bir hissəsi ilə iqtidar partiyası – Gürcü Arzusu arasında əldə olunmuş razılaşmanın əsasını Avropa Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü təşkil edir.

“Gürcüstanın gələcəyinə doğru” adlanan sənəd ötən noyabrda müxalifət tərəfindən elan olunmuş boykotun dayandırılmasını, həm də eyni zamanda ana müxalifət partiyası Vahid Milli Hərəkatın lideri Nikanor Meliyanın əfv vasitəsilə həbsxanadan buraxılmasını nəzərdə tutur.

Meliya onun barəsində cinayət təhqiqatının getdiyi vaxt ərzində buraxıldığı zamin pulunu ödəmədiyinə görə həbs olunub.

Meliya nədə ittiham olunur?

Müxalifət lideri 2019-cu ildə iyunun 19-dan 20-ə keçən gecə hakimiyyətin zorakı qəsbi cəhdində ittiham olunur.

Həmin vaxt Rusiya Dövlət Dumasının Tbilisidə qonaq olan kommunist deputatı Sergey Qavrilov Gürcüstan parlamentində spikerin kürsüsündə oturduğuna görə müxalifətin qəzəbinə səbəb olmuş və paytaxtda nizamsız etirazlar başlanmışdı.

Həmin gün minlərlə müxalifət tərəfdarı və fəalı parlamentin binasına daxil olaraq “Pravoslav Parlamentlərlərarası Assambleyasının” işini dayandırmaq istəmişdi.

Sergey Qavrilov Gürcüstana məhz bu tədbirdə iştirak etmək üçün gəlmişdi.

Saakaşvilinin müraciəti

Meliya bildirib ki, əgər əfv barədə qərara parlamentə hücum etmiş müxalifətçilərlə yanaşı Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polislərinin də adları salınarsa, o azadlığa çıxmaqdan imtina edəcək.

Bu da qeyd olunur ki, Meliyanı bu fikrindən hətta hərəkatın əsasını qoymuş keçmiş prezident Mixeil Saakaşvilinin çağırışı da döndərə bilməyib.

Saakaşvili Kiyevdən mürcaiət edərək müxalifəti boykotu dayandırmağa və parlamentin iclaslarında iştirak etməyə çağırmışdı.

Lakin AzadlıqRadiosu bildirir ki, bir çox müxalifətçilərin dediyinə görə əfv qərarı bu və ya digər şəkildə bütün hallarda elan ediləcək.

Bundan sonra Nikanor Meliya azadlığa buraxılmalı və Vahid Milli Hərəkatdan olan deputatlar parlamentə gəlməlidirlər.

Gürcüstanda oktyabr ayında bələdiyyə seçkiləri gözlənilir. Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş iqtidar-müxalifət razılaşmasına görə əgər bələdiyyə seçkilərində hakim Gürcü Arzusu səslərin 43 faizindən çoxunu yığa bilməzsə, onda Gürcüstanda erkən parlament seçkisi keçiriləcək.

XS
SM
MD
LG