Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:51

Heç bitməyən qasırğa ili və 7 rejissor


İranlı kinorejissor Cəfər Pənahi
İranlı kinorejissor Cəfər Pənahi

Premyerası builki Kann kinofestivalında baş tutmuş "The Year of the Everlasting Storm" (Əbədi qasırğa ili) layihəsində dünyanın fərqli guşələrindən yeddi kinorejissor qeyri-müəyyənlik və qorxu dolu 2020-ci il ərzində məşğul olduqları işlərini bölüşür. Bu qurama layihə, Cəfər Pənahi də daxil olmaqla, yeddi rejissora öz təxəyyüllərini açıb paylaşmaq imkanı verir.

Tehrandakı mənzildə çəkilmiş filmi

Pənahi üçün məhdudiyyətlər çərçivəsində film çəkmək yeni bir şey deyil. Kino həvəskarlarına bəllidir ki, o, 2012-ci ildə Kann kinofestivalının xüsusi seçimi olmuş "This Is Not a Movie" filmini İranda ev dustağı ola-ola çəkib. Onun bu layihəyə təqdim etdiyi "Life" filmi də Tehrandakı mənzilində çəkilib. Burada onun ev heyvanı olan İqqi adlı iquana üzünü pəncərəyə yapışdıraraq dilini çıxarır, pəncərənin o biri tərəfində isə göyərçin yumurtaları görünür.

"Variety" yazır ki, Pənahinin filmində pandemiya qadağalarına maksimum və dəqiqliklə əməl edilmə səhnələrini görmək mümkündür. Burada o, qızı ilə "FaceTime"da danışır, onun dezinfeksiyaedici vasitə ilə silahlanmış anası isə başdan-ayağa qoruyucu geyimdə oğlunu ziyarətə gəlir.

Qaydaların pozulması

Ancaq layihə iştirakçılarının beşi qaydaları bu və ya digər dərəcədə pozur. Çinin Tuncjou şəhərində karantinə düşmüş sinqapurlu kinorejissor Entoni Çen öz (Wet Season) filmində ailələrin pandemiyanı necə keçirməsini zaman kapsulu şəklində təqdim edir. Filmdə azyaşlı oğlu olan evli cütlüyün karantin həyatı təsvir olunur. Qadın yataq otağında işinə fokuslanmağa çalışır. Maşın satıcısı olan, ancaq yenicə işini itirmiş əri isə ev işlərində faydalı olmaq üçün əlləşir. Ailənin müxtəlif üzvlərinin perspektivləri bir-birini əvəzləyir. Evin uşağı da niyə çölə çıxa bilmədiyini anlamır.

Los-ancelesli rejissor Malik Vittalın "Little Measures" filmi cəmi 10 dəqiqə çəkir. Ümumilikdə başqa böhrana fokuslanan bu film auditoriyaya COVID-19-un ötən ilin yeganə sınağı olmadığını xatırladır. Multimedia kollajı şəklində yaradılmış bu film müxtəlif mənbələrdən götürülmüş, telefon kamerası ilə çəkilmiş görüntü, musiqi və səs yazılarından ibarətdir.

"Terror yoluxması"

Özünün Nyu-Yorkdakı mənzilində ilişib qalan, ancaq pandemiya ərzində boş qalmayan, sənədli filmləri ilə tanınan "Oskar" mükafatı laureatı Lora Poytras bu layihəyə "Terror Contagion" filmi ilə qatılıb. "Forensic Architecture" adlı bir qrupla əməkdaşlığın məhsulu olan bu filmdə Səudiyyə Ərəbistanı və Meksika kimi ölkələrin İsrailin "NSO Group" şirkətindən aldıqları izləmə vasitələrindən sui-istifadə haqdadır. Bu qısametrajlı filmdə "NSO Group" "dövlət səviyyəli kibersilahlar satan özəl şirkət" kimi təqdim olunur. Pandemiya vaxtı xüsusilə çalışqan insanların boş oturmadığını nümayiş etdirən bu film ümumən layihədəki digər qısa filmlərdən daha qaramsaldır. "Variety" yazır ki, layihənin filmlərinin, demək olar, hamısı qəfildən bitir və tamaşaçının onları həzm etməsinə bir qədər vaxt lazım olur.

Kann kinofestivalının "Qızıl Palma" mükafatçısı Virasetakulun qısa filmi "Night Colonies" adlanır. Burada səslənən şeir fonunda boş otaq görüntülənib. "Variety" "qısa filmdən çox incəsənət instalyasiyası" adlandırdığı bu filmi sadə, lakin əsrarəngiz kimi xarakterizə edib. Rəydə deyilir ki, bu filmi təcrid və yoluxmanın metaforu kimi də görmək olar. Film sanki insanların hər şeydən təcrid olunub öz beyinlərinin içində ilişib qalmalarını və bundan usandıqlarını əks etdirib.

XS
SM
MD
LG