Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:47

AFFA Aslan İsmayılovdan 10 min manat tələb edir


Aslan İsmayılov
Aslan İsmayılov

Səbəb İsmayılovun bir müddət öncə bu qurumu korrupsiyada, maliyyə məsələlərində şəffaf olmamaqda suçlamasıdır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hüquqşünas Aslan İsmayılovu məhkəməyə verib.

Səbəb İsmayılovun bir müddət öncə bu qurumu korrupsiyada, maliyyə məsələlərində şəffaf olmamaqda suçlamasıdır.

Hüquqşünas sosial media hesabından paylaşımında yazıb ki, işlədilən fəhlələrə veriləsi əməkhaqqı indiyədək ödənilməyib.

Oktyabrın 11-də Səbail Rayon Məhkəməsində AFFA-nın iddiasına baxılıb və icraata götürülüb, baxılmasına qərar verilib.

Assosiasiya rəhbərliyi İsmayılovun yazdıqlarının böhtan olduğunu bildirir və buna görə hüquqşünasın üzr istəməsini, üstəlik, 10 min manat da təzminat ödənilməsini tələb edir. İddia ərizəsində İsmayılovdan tələb olunan vəsaitin "Yaşat" fonduna köçürülməsi istənilib.

Məhkəmə baxışı noyabrın 10-na təyin edilib.

Vəkil geri çəkilməyəcəyini deyir

Aslan İsmayılov AzadlıqRadiosuna bildirib ki, 20 gün ərzində iddiaya etiraz vermək hüququ var və bu hüququndan istifadə edəcək:

"İnsan sözünün arxasında durmalıdır. AFFA məsullarından fərqli olaraq, yazdığımı anlayıram, məsuliyyətimi də dərk edirəm..."

AFFA iddia edir ki, şəffaf fəaliyyət göstərir, hər il hesabat Konfransında futbol ictimaiyyəti, media, dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında hesabat verir:

"Həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər. Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır".

XS
SM
MD
LG