Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Hicaba görə həbs edilən qadın beyin ölümü keçirib


Məhsa Əmini
Məhsa Əmini

İran hakimiyyəti son vaxtlarda qadınların hicab qaydalarını pozmasına qarşı tədbirləri sərtləşdirib

İranda 22 yaşlı qadının hicab qaydasına əməl etmədiyinə görə Tehranda əxlaq polisi tərəfindən döyülməsi və həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra onun beyin ölümü keçirdiyi xəbər verilib.

Sosial media şəbəkələrində yayılan xəbərlərə görə Məhsa Əmini sentyabrın 13-də İranın qərbindəki Kürdüstan vilayətindən Tehrana qohumları ilə görüşmək üçün gəlmişdi.

Hadisə yerində olmuş şahidlər jurnalistlərə deyiblər ki, Əmini ehtimalən polis məntəqəsinə aparılarkən əxlaq polisinə məxsus mikroavtobusda döyülüb.

Qadının həbsindən bir neçə saat sonra qohumlarına onun xəstəxanada olduğu xəbər verilib.

Tehran Polis İdarəsi Əmininin döyüldüyünə dair iddiaları rədd edib və bildirib ki, o Tehrandakı polis bölmələrindən birinə “hicab barədə tərbiyələndirici söhbət” üçün aparılmışdı, lakin orada qəfildən ürək problemi yaşayıb.

İnfarkt, qan sızması...

Məhsanın qardaşı Kiyarəş Əmininin Iranwire news internet saytına dediyinə görə, həkimlər ona bacısının infrakt və ya beyinə qan sızması keçirdiyini, ürəyinin hələ də döyündüyünü, lakin beyninin öldüyünü bildiriblər.

İran hakimiyyəti son vaxtlarda qadınların hicab qaydalarını pozmasına qarşı tədbirləri sərtləşdirib.

Hakimiyyət orqanları hicab qaydasına tam əməl etməyən qadınların ictimai nəqliyyata və hökumət idarələrinə daxil olmalarını qadağan edib.

İranda sərtliyi ilə tanınan Bəsic qüvvələri və ya əxlaq polisi son zamanlar daha fəal və daha qəddar olub.

Sosial media şəbəkələrində yayılan video və fotolarda qadınların küçədə və nəqliyyatda saxlanaraq əxlaq polisinin mikroavtobuslarına salındığı görünür.

İran insan haqları fəalı Puran Nizami İran hakimiyyətindən Məhsa Əmininin döyülmədiyini isbat edən təhlükəsizlik kamerası videoyazısının açıqlanmasını tələb edib.

Aclıq aksiyası keçirən məhbus qadın

Bu arada İranda fəal Sepide Qolian həbsxanada bir neçə gün aclıq etirazı keçirdikdən sonra xəstəxanaya aparılıb.

Qadın hakimiyyət orqanlarından valideynlərinin yaşadıqları şəhərdəki həbsxanaya köçürülməsini tələb edir.

Tehranın Evin həbsxanasında məhbus olan başqa bir vətəndaş cəmiyyəti fəalı – Nərgiz Məhəmmədi deyib ki, Qolian aclıq aksiyasına sentyabrın 9-da başlamışdı.

Digər bir məhbus fəal Aliyə Mətləbzadə isə bildirib ki, Qolian aclıq etirazı keçirərkən “bağırsaq qanaxması” baş verib.

Qolian ailəsinə yaxın mənbə xaricdə mənzillənmiş İran insan haqları təşkilatına deyib ki, qadını sentyabrın 13-də vəziyyətinin pisləşməsi ilə bağlı Tehrandakı Taleqani xəstəxanasına köçürüblər.

Mənbə bildirib ki, Qolian hətta onun valideynləri Dizful şəhərindən onu görmək üçün gələndən sonra da aclıq aksiyasını dayandırmayıb.

2018-dən başlanan məşəqqətli yol

Qolian 2018-ci ildə Həft Təpe şəkər zavounda tətil təşkil etdiyinə görə 20 başqa fəalla birlikdə məhkum edilib.

Başqa fəallar həbsın ertəsi gün sərbəst buraxılsalar da, Qoliana bir aylıq həbs cəzası verilib.

O 2018-ci ilin dekabrında Əhvaz həbsxanasından azad olunub, lakin 2019-cu ildə guya Qərb tərəfindən dəstəklənən hökumət çevrilişi cəhdində iştirakını etiraf edib.

Qolian bunun ardınca sosial mediada bu etirafın ondan zorla alındığını bildirmişdi.

2018-ci ildə zaminə buraxılmış Qolian Amnesty International təşkilatına məruz qaldığı işgəncələrdən danışmışdı.

Fəal bunun ardınca daha beş il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG