Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:53

'Baku Steel' şirkətinin keçmiş sahibi: 'Mən bu ölkədə bir adamla işləmişəm...'


“Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədov prezident İlham Əliyevlə
“Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədov prezident İlham Əliyevlə

Onmilyonlarla dövriyyəsi olan “Azeri Steel” kimindir: “Mənə dedilər, ayda 500 manat veririk, adına şirkət açaq...”

“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri Rasim Məmmədova qarşı 185 milyon manatlıq yeyinti ittihamının bir hissəsi “Azeri Steel-2009” şirkətilə bağlıdır.

İddia olunur ki, bu şirkət qeyri-rəsmi şəkildə Məmmədovun özünə məxsus olub və o, “Baku Steel Company”nin istehsal etdiyi armaturların bu şirkətə bazar dəyərindən daha ucuz satışına şərait yaradıb. “Azeri Steel” ucuz aldığı armaturları sonradan özü daha baha - bazar dəyərinə uyğun satıb.

Sentyabrın 30-da Məmmədovun məhkəməsində məlum olub ki, “Azeri Steel” şirkətinin təsisçisinin heç bu quruma aidiyyəti olmayıb.

Ayda iki dəfə...

“Mübariz Səmədov mənə dedi ki, ayda sənə 500 manat pul veriləcək, adına şirkət açaq. Mənim də pula ehtiyacım vardı, ona görə razılaşdım. Mənə demişdilər ki, Rasim Məmmədovun şirkətidir...”,Əliməmməd Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən belə deyib.

O bildirib ki, ayda təxminən iki dəfə şirkətin ofisinə, yaxud vergi orqanına gedib, şirkət adından sənədləri imzalayırdı.

Hüseynovun sözlərinə görə, Rasim Məmmədovu bir dəfə - metronun “Xətai” stansiyasının yaxınlığındakı ofisdə yığıncaqda görüb. Ümumiyyətlə isə Məmmədovu da, “Baku Steel Company”də maliyyə direktoru olmuş Mübariz Səmədovu da uşaqlıq dostu olan Yusif Əhmədzadə vasitəsilə tanıyıb. Əhmədzadə vaxtilə Məmmədovla da dost idi.

Təqsirləndirilən Məmmədov isə bu şirkətin ona məxsus olması barədə iddialarla razılaşmır. Deyir ki, o şirkətin əsl sahibi başqası olub. Amma həmin şəxsin kimliyini açıqlamayıb:

“Əgər o şirkət mənim olsaydı, öz adamımı təyin edərdim. Bir dəfə tanıdığım Cəfəri təyin eləmişdim, heç iki ay keçmədi, zəng gəldi ki, “çıxar onu”. Mən də çıxardım...”

Harda işləmək barədə göstəriş verilirdisə...

Məhkəmədə dindirilən başqa bir şahid Samir Məmmədov uzun illər “Baku Steel Company”, “Azeri Steel-2009” şirkətlərində satış meneceri işləyib. 2008-ci ildə Rasim Məmmədova məxsus “Wortex” şirkətində satış meneceri kimi fəaliyyətə başladığını deyən Məmmədovun sözlərinə görə, 2013-cü ildə “Azeri Steel”ə eyni vəzifəyə göndərilib.

2015-ci ildən “Baku Steel Company”nin satış meneceri olub, bir müddət sonra isə yenidən “Azeri Steel”ə qaytarılıb. O deyir ki, bu yerdəyişmələrin səbəbi ona məlum deyildi. Harda işləmək barədə göstəriş verilirdisə, orada da gedib işləyirdi.

Onun sözlərinə görə, “Azeri Steel”də kassa məsələsinə də baxırdı:

“Biz “Azeri Steel” şirkətində “Baku Steel Company”nin armaturlarını satırdıq. Mal satışından gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala verilirdi. “Azeri Steel”dən Rasim Məmmədova da bir neçə dəfə pul aparıb vermişəm. Elə olurdu özünə, elə də olurdu, köməkçisinə verirdim. 100 min apardığım olub, 200 min olub...”

O, məhkəmədə Rasim Məmmədova çatan pulların hara xərcləndiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə fərqli danışıb. Deyib ki, “Azeri Steel” şirkətinin kassasında 39 milyondan çox çatışmazlıq olmuşdu.

Çünki o vəsaitlərin bir hissəsi Rasim Məmmədovun xərclərinə getmişdi. Məsələn, 1 milyon “Şüşəli bazar”ın yanında (“Elmlər Akademiyası”nın yaxınlığı) torpaq sahəsi alınmasına; 1.5 milyonu Qutqaşenli küçəsində tikintiyə icazə almağa; Sabunçu bazarının yanında ərazi almağa; Rasim Məmmədovun başqa şirkətlərinə, o cümlədən “Aktau Steel”ə...

“Bir adamla işləmişəm”

Təqsirləndirilən Məmmədov onun yalan danışdığını, əleyhinə saxta şahidlərdən istifadə olunduğunu iddia edir.

“Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə tapşırıq verə bilməzdi...”, - bunu da Məmmədov məhkəmədə çıxışında vurğulayıb.

Son illərdə Azərbaycanda dövriyyəsi milyonlarla olan, müxtəlif nazirliklərin tenderlərində qalib elan edilən onlarla şirkətin əslində, onlara heç bir aidiyyəti olmayan şəxslərin adlarına təsis edilməsi hallarının üstü açılıb.

Maaş az, reklamda inhisar, qeyri-azad mühit - jurnalist necə çalışsın?
Gözlə

No media source currently available

0:00 0:06:11 0:00

DTX-ya verdiyim flaşkada “Yuxarı”ya nə qədər verildiyi qeyd olunmuşdu

“Azeri Steel”in əsl sahibinin kimliyi məsələsi məhkəmənin davamında Mübariz Səmədov dindiriləndə də əsas suallardan olub.

Onun dediklərindən belə məlum olub ki, Məmmədovun həbsindən iki ay öncə onu DTX-ya çağırıblar:

“Azeri Steel”ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı, soruşdum ki, bu şirkət kimindir? DTX-da soruşanda nə deyim? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı...”

Məmmədov bu yerdə onun dediklərinə belə reaksiya verib: “Qorxduq da deməyə...”

Səmədovun dediyinə görə, DTX-dan qayıdandan sonra “Azeri Steell”in 10 illik hesabatını flaş karta toplayıb, özündə saxlayıb. 2021-ci ilin yanvarında Məmmədov tutulan ərəfədə onu yenə DTX-ya aparıblar. Həmin vaxt Məmmədova yaxın olan başqa adamlar da orada olub. Digərlərini gecə buraxsalar da, onu saxlayıblar. Təzyiqlə könüllü razılıq ərizəsinə qol çəkdiriblər ki, evində axtarış aparsınlar:

“Qapımıza çatanda dedilər ki, evi alt-üst edək, yoxsa özün xoşluqla verəcəksən? Mən də həmin flaşkartları onlara verdim. 10 ildə 92 milyon manat haralara gedib, hamısı orada qeyd olunub. 92 milyondan maaşları və zavodun digər xərclərini çıxanda 85 milyon gəlir qalırdı. Onun da kimlərə çatdığı kod adlar altında qeyd olunmuşdu. Məsələn, “Yuxarı-1”, “Yuxarı-2”...”

Məmmədov yerindən əlavə edib ki, “Yuxarı” qeydi ona aid olmayıb. Amma o bu sözün kimə aid olduğunu da açıqlamayıb.

Prosesin gedişində aydınlaşıb ki, poladəritmə zavoduna dəmir satanlar arasında iri dövlət müəssisələri, nazirlər də olub. Bunu Məmmədov özü dilə gətirib:

“Heç bir məlumatı və salahiyyəti olmayan adamları dindirib, onların adından ifadələr yazıblar. Sıravi işçi hardan bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib?”

İtkin düşmüş hərbçilərin ailələrinə hüquqi status verilmir
Gözlə

No media source currently available

0:00 0:05:28 0:00

Xatırlatma

1976-cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham verilib. O, özünü təqsirli bilmir. Bu maddələr üzrə cinayət qanunvericiliyində 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG