Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:24

‘Necə şirkət sahibiyəm ki, yeməyə çörək və yumurtadan başqa heç nə tapmırıq’


Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov

Keçmiş nazir Səlim Müslümovun haqqında araşdırmalar zamanı məlum olub ki, nazirliyin tenderlərində qalib olan şirkətlərin əksəriyyətinin rəsmi sahibinin ümumiyyətlə, bu şirkətlərdən xəbəri yoxdur.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun haqqında araşdırmalar zamanı məlum olub ki, nazirliyin tenderlərində qalib olan şirkətlərin əksəriyyətinin rəsmi sahibinin ümumiyyətlə, bu şirkətlərdən xəbəri yoxdur. Həmin şəxslərin özləri sabiq nazirin məhkəməsində dindiriləndə bunu dilə gətiriblər.

Belə şirkət rəhbərlərindən biri də Bakının Maştağa qəsəbəsində yaşayan Eldar Əliyevdir. O deyir ki, adı yüzminlərlə dövriyyəsi olan şirkət rəhbəri kimi rəsmiləşsə də, özü yeməyə çörək tapmır.

“Soyuducum bomboşdur, evdə yeməyə çörək və yumurtadan başqa heç nə tapmırıq. Mən necə şirkət rəhbəriyəm ki, yaşadığım ev başıma uçur. Mən heç adımı yaza bilmirəm, müəssisəni necə yaratdım?” - Əliyev oktyabrın 3-də keçmiş nazirin məhkəməsində dindirilərkən belə deyib.

“Heç bir şirkətdən xəbərim yoxdur”

Məlum olub ki, sənəd üzərində bu şəxsin adına olan şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillər üçün tibbi avadanlıqların alınmasıyla bağlı tenderin qalibi elan edilib.

Əliyevin sözlərinə görə, o, həmişə Maştağada təsərrüfatla məşğul olub, rəsmi iş yeri olmayıb. Qəsəbədən tanıdığı Məlikhəsən adlı həmyerlisi onun kasıblıqdan əziyyət çəkdiyini görüb, aylıq 200 manata işə düzəltməyi təklif edib. O deyir ki, şirkət sahibi olduğunu dindirməyə çağrılanda bilib:

“Hər dəfə Məlikhəsəni görəndə işsizlikdən gileylənirdim. Bir gün dedi ki, “ayda 200 manat maaşa səni işə düzəldəcəm”. Razılaşdım. Maşınla məni harasa aparırdı, sənədləri imzalayıb gəlirdim. Heç bir şirkətdən xəbərim yoxdur...”

İki il ayda 200 manat aldığını deyən Əliyev danışır ki, sonradan Məlikhəsən ona işin bağlandığını xəbər verib, heç həmin ayın pulunu da ödəməyiblər. Dindirmə zamanı aydınlaşıb ki, Məlikhəsən adlı şəxs artıq vəfat edib: “Heç onun nə işlə məşğul olduğunu da bilmirdim...”

Dərman şirkətləri ilə müqavilələr

Məhkəmədə o da məlum olub ki, nazirlik “Avromed”, “Riyad Farm” və s. iri dərman şirkətlərilə də müqavilələr bağlayaraq, onlardan dərmanlar, tibbi ləvazimatlar alıb. Amma müqavilədə göstərilən və şirkətə köçürülən məbləğin bir hissəsi sonradan nağd pul şəklində nazirliyə geri qayıdıb.

Məsələn, “Avromed” dərman şirkətinin sabiq baş direktoru Əzizə Baxşıyeva ifadəsində deyib ki, nazirliklə 22 min 500 manatlıq müqavilə bağlayıblar. Bu məbləğin 4765 manatını “otkat” kimi nazirliyə geri qaytarıblar.

“Riyad Farm”ın direktoru Aqil Quliyev deyir ki, nazirliklə ümumilikdə 500 min manatlıq üç müqavilə imzalayıblar. Bunun da 20 faizini geri qaytarıblar. Onun sözlərinə görə, geri qaytarılan vəsaiti nazirliyin İqtisadiyyat şöbəsində Dəyanət Fərəcova veriblər.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib.

2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb. DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Sabiq nazirə CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.

Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

XS
SM
MD
LG