Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:05

Əliyev Ərdoğanı Soçi görüşü ilə bağlı məlumatlandırıb


Noyabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.

“Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb” - məlumatda habelə qeyd edilir.

ABŞ: 'Biz iki ölkə arasında danışıqlara sadiqik'

"Biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik".

Bunu noyabrın 1-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays mətbuat brifinqində deyib.

"Biz hesab edirik ki, birbaşa dialoq hər iki ölkənin öz tərəfdaşları ilə birlikdə, digər təşkilatların iştirakı ilə can atdıqlarını bəyan etdikləri sülhə nail olmaq üçün açardır", - o, əlavə edib.

Praysın şərhləri Rusiya lideri Vladimir Putinin oktyabrın 31-də Soçidə Ermənistan və Azərbaycan liderlərini qəbul etdikdən sonra səslənib.

Öz növbəsində, Dövlət Departamenti Soçi görüşünün nəticələrinə dair heç bir qiymət verməyib. "Biz bu görüşün iştirakçısı olmamışıq. Onun nəticələri barədə danışa bilmərik", - Prays "Turan"ın müxbirinə deyib.

Sülh sazişi kompromisin nəticəsi olacaq

Ermənistanla Azərbaycan arasında gələcək sülh sazişi kompromis nəticəsi olacaq və bunu hər iki tərəf əldə etməlidir. Bunu dünən – oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə deyib.

TASS agentliyi Putinə istinadla yazır ki, hələlik, ortada sülh sazişi yoxdur və əsas sənədlərdən danışmaq üçün tezdir. Çünki belə bir sənəd kompromislər predmetidir və hər iki tərəfin iştirakıyla, onların istəyinə uyğun olaraq, həm də Rusiyanın vasitəçiliyi ilə əldə olunmalıdır.

Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla oktyabrın 31-də Soçidə görüşüb. Görüşün yekunlarına dair birgə bəyanatda tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasına, Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə sadiqlik bildiriblər. Tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılşıblar.

Tərəflərin oktyabrın 6-7də Avropa İttifaqının vasitəçiliyi ilə Praqada keçirdiyi görüşlərə münasibəti haqda suala cavablında Putin deyib ki, Rusiya qarşıdurmanın azaldılması və tənzimlənməyə yönəlik istənilən səyləri alqışlayır.

Praqada sammitdən sonra tərəflər ilin sonunadək sülh sazişinin imzalanacağını istisna etməyiblər.

Razılaşdırılmamış məsələlər

Putinin sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan Soçi sammitinin yekunları üzrə üçtərəfli bəyanatda razılaşdırılmamış məsələlər üzərində işi qapalı formatda davam etdirəcəklər, buna xüsusi diqqət ayırmaq lazım deyil.

“Razılaşdırılşmamış məsələlərə gəlincə, bu haqda danışmaq olarmı? Olar, amma lazım deyil. Çünki əgər indiyədək tənzimlənməyibsə, fikrimcə, onlara mətbuatın, ictimaiyyətin diqqətini yönəltmək lazım deyil, sakitcə, qapalı rejimdə razılığa nail olmaq gərəkdir”, – Putin vurğulayıb.

Bu məsələləri tərəflər üçün “çox həssas” adlandıran Putin “tərəfdaşların razılığı olmadan” onları açıqlamaq hüququ olmadığını söyləyib.

Ən dəqiq xəritələr

Onun sözlərinə görə, Azərbaycan- Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ilkin şərtlər razılaşdırılıb. Putin deyir ki, üçtərəfli bəyanatı diqqətlə oxuyanda bu razılaşmaların əldə oluna biləcəyinə dair ilkin dəyərləndirmələri görmək olar.

Rusiya sərhədin demarkasiyası üzrə hələ sovet ordusu Baş Qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır, Putin vurğulayıb: “Bunlar ən dəqiq xəritələrdir. Bu baza əsasında, tərəflərlə müzakirə edərək irəliləməyə hazırıq. Bu kontaktları, bu danışıqları, bu məsləhətləşmələri davam etdirməyə razılaşdıq”.

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Sülhməramlılar

“Sülhməramlılara gəlincə, bu bizim 2020-ci ilin noyabrında birgə bəyanatımızda əks olunub. Əlavə ediləsi bir şey yoxdur. Bu haqda danışdıq. Ancaq bundan ötrü birgə razılaşma lazımdır”, – Putin söyləyib.

Onun sözlərinə görə, rusiyalı sülhməramlıların mandatını uzatmaqla bağlı qərar digər məsələlərdən – sülh sazişinin imzalanmasından, sərhədlərin delimitasiyasından asılıdır.

“Bu məsələlər həll olunsa, onda sülhməramlılar məsələsi də başqa cür qoyulacaq. Ancaq həllini tapmasa, yaxud müəyyən həcmdə həll edilsə, sülhməramlı kontingentimizin taleyi də bundan asılı olacaq”, – deyən Putin onu da qeyd edib ki, Azərbaycan və Ermənistan Qarabağdakı işinə görə “Rusiyaya təşəkkür ediblər”.

Oktyabrın 31-də qəbul olunmuş bəyanatda Rusiya sülhməramlılarının regionda təhlükəsizliyə töhfəsi qeyd edilib, vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığı vurğulanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da deyib ki, Qarabağdakı süıhməramlıların mandatını 20 ilədək uzadılması haqda sənədi Soçidə imzalamağa hazırdır.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci ilin yanvarında üç ölkə lideri Moskvada görüşüb, baş nazir müavinləri səviyyəsində işçi qrup yaratmağa razılaşıblar. Məqsəd regionda nəqliyyat xətləri və iqtisadi əlaqələrin bərpasıdır.

Ötən ilin dekabrından iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin sonuncu görüşü də oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşib. Azərbaycanla Ermənistan sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib və həmin missiya artıq fəaliyyətə başlayıb.

XS
SM
MD
LG