Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:46

Kreml 9 may tədbirlərini ləğv edir. ‘Yoxsa izdihamdan qorxurlar?’


Vladimir Putin (ortada) "Ölməz alay" yürüşündə, 2015-ci il
Vladimir Putin (ortada) "Ölməz alay" yürüşündə, 2015-ci il

9 May Qələbə Günü bu il Rusiyada çox fərqli keçəcək.

Çünki Moskva qonşu Ukraynanı işğal edir, müharibənin sonu görünmür. Bu işğal maliyyə baxımından Kremlə xeyli baha başa gəlib.

2-ci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbənin ildönümünə həsr olunmuş paradlar və ictimai toplantılar təhlükəsizliklə bağlı ləğv edilib. Ölkə boyu yüzminlərlə rusiyalının müharibə qurbanları olan qohumlarının fotoları ilə "Ölməz alay” yürüşü də ləğv edilib. Adıtın bu mərasimə Prezident Vladimir Putin və digər rəsmilər də qoşulurdu.

Almaniyanı məğlub etmək naminə sovetlərin, xüsusi ilə də rusiyalıların, fədakarlıqları Putinin hakimiyyəti dövründə qabardılaraq, Rusiyanın millətçi dirçəlişinin əsas təməl daşı olub. Bir çox müşahidəçiyə görə, Kreml Ukraynadakı müharibədə itkilərin miqyası fonunda Rusiyanın hərbi gücünü şişirtməməyə çalışır.

Tarixçi Maksim Kuzaxmetov AzadlıqRadiosunun rusdilli şəbəkəsi olan “Current Time”a deyib: “Bəs Ukraynaya qarşı müharibədə həlak olan qohumlarının fotolarını götürən biri çıxsa, necə olacaq? Bəs yüzlərlə insan bunu etsə? Bu, şok olardı. Kreml, təbəssüm və gülüşlə 'biz qalib gələcəyik' hissini, eləcə də 'hər şey cəbhə üçün' hissini yaratmağa çalışır. Bu baxımdan "Ölməz Alay” ancaq ideoloji zərər verə bilər”.


"Putin hər yerdə xəyanət görür"

Rəsmilər bir çox şəhərlərdə vətəndaşları, portretləri avtomobillərində nümayiş etdirməklə qeyd etməyə çağırıb. Nijni Novqorod hökumətinin mətbuat açıqlamasında deyilir: "Bu nümayişdə təkcə sakinlər deyil, bütün qurumlar iştirak edə bilər".

Mərkəzi Tatarıstan vilayətinin paytaxtı Kazan şəhərinin rəsmiləri sakinlərə müraciət edərək, deyib ki, portretləri, geyimlərində döş nişanı kimi istifadə edə bilərlər. İnsanlar həmçinin Qələbə Günü ilə bağlı rəsmi internet saytında məlumatlar yerləşdirməyə və ya iş yerlərində xatirə lövhələri yaratmağa təşviq edilir.

Moskvada, Qırmızı Meydandakı dünyaca məşhur hərbi texnika paradı ictimaiyyət üçün qapalı olacaq. Parad dövlət televiziya kanallarında yayımlanacaq.

Tarixçi Kuzaxmetov Kremlin Qırmızı Meydandakı paradın ictimaiyyətə qapalı olması ilə bağlı əsaslandırmasına şübhə ilə yanaşıb. Bunu Putinin “paranoyası” ilə əlaqələndirən Kuzaxmetov deyib ki, yəqin Putin 1981-ci ildə hərbi parad zamanı öz zabitləri tərəfindən öldürülən Misir Prezidenti Ənvər Sədatı xatırlayıb: "Bəs belə bir şey olsa, nə olacaq? Zirehli maşınlardan birində həqiqi sursat olsa necə? Putin hər yerdə xəyanət görür. Qorxur".

Moskvada siyasi fəalı Elvira Vixareva aprelin 18-də “Facebook”da yazıb: "Martda Moskvanın Lujniki stadionunda on minlərlə insanı müharibə tərəfdarı mitinqinə toplayan Kreml "terror" hücumundan qorxmurdu?! "Xüsusi hərbi əməliyyat" pulsuz həyata keçirilmir. Ona görə də ləğv etdilər”.

Rusiya hökuməti Ukraynaya qarşı müharibəsini “xüsusi hərbi əməliyyat” kimi xarakterizə edir və Putinin genişmiqyaslı işğala başlamasından qısa müddət sonra imzaladığı qanuna əsasən, bunu açıq şəkildə “müharibə” adlandıran vətəndaşlar mühakimə olunur.

Aktrisa və bloger Alisa Kovalyova Telegram-da yazıb: "Təhlükəsizliyə trilyonlarla rubl xərcləndi, amma məlum oldu ki, onlar bunu təmin edə bilməyiblər. Yoxsa böyük izdihamdan qorxurlar?"

İzdiham qorxusu

Tarixçi İvan Kurilla AzadlıqRadiosunun “Sibir Reallıqları” proqramında deyib: "İnsanların Ukraynada öldürülənlərin portretlərini daşıyacağı və Müdafiə Nazirliyinin təqdim etdiyi rəqəmlərin yox, faktiki rəqəmlərin üzə çıxacağı qorxusu var. Ən çox ehtimal olunan səbəb budur".

2022-ci il Qələbə Günü tədbirlərində müharibə əleyhinə etirazlara görə 125 nəfər saxlanılıb. Rusiya hökuməti Ukraynadakı itkilərlə bağlı etibarlı məlumat verməyib. Ötən il sentyabrın 21-də ordu yeddi ay öncə başlamış işğalda 6 minədək əsgərin öldürüldüyünü bildirib. Bu rəqəm o vaxtdan yenilənmir. Qərb ekspertləri ölən və yaralanan rusiyalıların ümumi sayını 200 mindən çox olduğunu deyirlər.

Eyni zamanda, hakimiyyət müharibəyə qarşı çıxanların repressiyalarını gücləndirib, uzun müddətə həbs cəzaları və son həftələrdə görünməmiş sayda "vətənə xəyanət" işi tətbiq edib.

"Ölməz Alay" mərasimi, 2011-ci ildə Sibirin Tomsk şəhərində bir qrup dostun sovet xalqının qurbanlarını “Əbədi məşəl” abidəsi qarşısında anması ilə başlayıb. Bir neçə il ərzində bu ideya Putin hökuməti tərəfindən özününküləşdirildi.

XS
SM
MD
LG