Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:53

Moskva Kiyevi Kremlə və Putinə dron hücumu cəhdində ittiham edir


Kremlə dron düşdüyü anı görüntülədiyi iddia olunan videodan kadr
Kremlə dron düşdüyü anı görüntülədiyi iddia olunan videodan kadr

Moskva mayın 3-də Ukraynanı Rusiya prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına iki dronla hava zərbəsi endirmək cəhdində ittiham edib.

Ukrayna tərəfi dron zərbələrinə cəhdlə bağlı olmasına dair Rusiyanın ittihamlarını rədd edib.

Kremlin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, sözü gedən dronlar “hərbçilərin və xüsusi xidmətlərin vaxtında gördükləri tədbirlər” nəticəsində məhv edilib.

Putinin mətbuat katibi Dmitri Peskovun bu barədə bəyanatında deyilir ki, Moskva bu hadisəni “planlaşdırılmış terror aktı və prezidentə hücum cəhdi” kimi qiymətləndirir.

Sözçü bildirib Moskva bu hücuma cavab vermək haqqına sahibdir.

Bəyanatda deyilir ki, bu hücum cəhdi 9 may Qələbə günü münasibətilə keçirilməsi planlaşdırılan paradın ərəfəsinə təsadüf edib.

Peskov vurğulayıb ki, bu tədbirdə “beynəlxalq qonaqlar” iştirak etməlidirlər.

Sözçü bildirib ki, bu hadisə paradın keçirilməsi planını təsirləndirməyəcək.

Kiyev təkzib edib

Ukrayna prezidenti administrasiyasının müşaviri Mixaylo Podolyak Ukraynanın Rusiya ərazisinə, sözü gedən dronlar da daxil, hər hansı hücumla bağlı olmadığını deyib.

O bu barədə Twitter-də yazıb:

"Pilotsuz uçan aparatların enerji qurğuları və ya Kreml ərazisində görünməsi yalnız yerli müqavimət partizanlarının fəaliyyəti ilə bağlı ola bilər. Putin klanının hakimiyyətə nəzarəti itirməsi göz önündədir. Digər tərəfdən Rusiya daim hava məkanı üzərində tam nəzarətindən danışır. Qısası nəsə RF-də və əlbəttə, Kreml üzərində Ukrayna dronları olmadan baş verir”.

Podolyakın sözlərinə görə Rusiya aşkar şəkildə genişmiqyaslı terror hücumuna hazırlaşır. Məhz buna görə də Krımda guya böyük diversiyaçı dəstə tutulub. İndi isə Kreml üzərində dronlardan danışılır.

Müşavir bildirib ki, Ukrayna “müstəsna olaraq müdafiə müharibəsi” aparır və Rusiya ərazisindəki hədəflərə hücum etmir.

Podolyakın sözlərinə görə bu, heç nəyi həll etmir.

Videolar

Ruisyanın bir sıra teleqram kanallarında və mediasında dronların Kremlə hücumunu əks etdirdiyi iddia edilən videolar dərc edilib.

Bu videolardan birində Kremlin Spassk qülləsindəki saat 2:27-ni göstərir. Dronun Senat sarayının günbəzi üzərində partlaması nəticəsində kiçik yanğın baş verir.

İkinci videoda həmin saat artıq 2:43-ü göstərir. Ikinci dron də günbəzin üzərində partlayır, amma bu zaman yanğın baş vermir.

Bu arada Moskva meri Sergey Sobyanin paytaxtda hər hansı mülki dronlardan istifadəni qadağan edib.

Bu qadağanın son dron iddiaları ilə bağlı olub-olmadığı məlum deyil.

Bir sıra Rusiya rəsmiləri hadisə ilə bağlı sərt bəyanatlar veriblər.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukrayna hökumətinin “terrorçu təşkilat” elan edilməsinə və “Kiyev rejimini dayandıracaq və məhv edəcək silahdan” istifadəyə çağırıb.

Krasnodar vilayətində neft anbarı yanır

Bu arada mayın 3-də Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki neft çənində yanğın baş verib.

Bu barədə məlumatı özünün teleqram kanalında regionun qubernatoru Veniamin Kondratyev verib.

Məlumata görə yanğına dronun düşməsi səbəb olub.

Xəritə məlumatlarına görə bu qəsəbənin yaxınlığında Taman portu və Tamanneftqaz şirkətinin neft anbarları yerləşir.

RBK xəbər verir ki, neft məhsullarının daşınma üçün yüklənməsi buradakı kompleksdə həyata keçirilir.

Yanğına ən yüksək mürəkkəblik dərəcəsi verilib. Yerli rəsmilərdən Fyodor Babenkov deyib ki, yanğın 1200 kvadratmetr ərazini əhatə edir.

Yanğının söndürülməsi üçün 5 yanğınsöndürən qatar cəlb olunub.

Baza teleqram kanalının məlumatına görə yanğın dron hücumu nəticəsində baş verib.

Məlumata görə yanğından az əvvəl sakinlər partlayış səsi eşidiblər.

VKontakte istifadəçilərindən biri yazır ki, yanğının alovlarını Krım sahilindəki Kerç şəhərindən görmək mümkündür.

Rusiyanın zərbələri nəticəsində Xersonda 21 nəfər həlak olub

Rusiya qüvvələri Ukraynanın işğaldan azad edilmiş Xerson şəhərində Episentr və ATB adlı supermarketləri və dəmiryolu vağzalı da daxil bir sıra başqa mülki obyektləri atəşə tutublar.

Xerson şəhərinin şiddətli atəşə tutulması nəticəsində azı 21 nəfərin həlak olduğu bildirilir.

Bu barədə məlumatı prezident Volodmir Zelenski verib:

“İndiyə olan məlumata görə 21 nəfər həlak olub! 48 yaralı var! Hamısı mülki şəxslərdir! Bu bir vilayətdə bir günə olan məlumatdır. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Biz günahkarları heç vaxt bağışlamayacağıq. Şər ölkəsinə qalib gələcəyik və bütün günahkarları cavab verməyə məcbur edəcəyik”.

Bundan əvvəl Episentr supermarketinin atəşə tutulması barədə məlumatı, mayın 3-də Ukrayna DİN-in başçısı İhor Klimenko vermişdi.

O bildirmişdi ki, həlak olanlar işçilər və adi alıcılar olub:

“Rusiya qatilləri ilə heç bir razılaşma ola bilməz. Onlar ya məsuliyyətə cəlb olunmalı, ya da məhv edilməlidirlər”.

Tokarevka qəsəbəsində öz həyətində 47 yaşlı kişi həlak olub, İvanovkada daha bir 61 yaşlı sakin yaralanıb.

Yerli hakimiyyət orqanları bildirirlər ki, şəhərdəki obyektlər yaylım atəşli zenit-raket qurğularından atəşə tutulub.

Rusiya qüvvələri Xersondan çıxmağa məcbur olandan bəri şəhəri daim atəşə tuturlar.

Ukrayna hakimiyyət orqanları bildiriblər ki, mayın 5-dən 8-dək Xersonda bütün hərəkət qadağan olunacaq, şəhərə giriş və çıxış bağlanacaq.

Rəsmilər bildirirlər ki, bu, hüquq-mühafizə orqanlarının əhalini təhlükə qarşısında qoymadan işləməsi üçün lazımdır.

Zaporojyedə rusiyalı polis rəisinin müavini həlak olub

Zaporojye vilayətinin Rusiyanın işğalı altında olan Tokmak şəhərinin atəşə tutulması nəticəsində Daxili İşlər Nazirliyinin Kazan şəhəri üzrə rəisinin müavini Marsel Mubarakşin, daha bir polis nəfəri həlak olub və iki polis yaralanıb.

Artilleriya zərbəsinin yerli Laguna barına endirildiyi xəbər verilir.

Burada polislər may bayramını qeyd edirdilər.

“Kazanski reportyor” qəzeti xəbər verir ki, bu polislərin dördü də Tatarıstandandır.

Xəbər verilir ki, artilleriya zərbəsi nəticəsində bir neçə evə ziyan dəyib.

Rusiya tərəfi iddia edir ki, raketlər ABŞ istehsalı HIMARS sistemindən atılıb.

TASS xəbər verir ki, Tokmakın atəşə tutulması nəticəsində 5 mülki həlak olub və daha 15 sakin yaralanıb.

Ukrayna mediası isə bildirir ki, HIMARS qurğuları ilə Rusiya hərbçilərinin və DİN əməkdaşlarının cəmləşdiyi Laguna barı hədəflənib. Burada rusiyalı hərbçilər və polislər istirahət edirlər.

XS
SM
MD
LG