Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:46

Putin Moskvaya dron hücumundan danışıb


Moskvada dronun qırıntıları düşmüş yaşayış binası
Moskvada dronun qırıntıları düşmüş yaşayış binası

Rusiya prezidenti Vladimir Putin Moskvaya dron hücumundan danışıb. O deyib ki, bu hücum Rusiyanın Ukraynanın hərbi kəşfiyyat qərargahına zərbəsinə Kiyevin cavabı olub.

Ukrayna Rusiyaya hər hansı hücum etdiyini inkar edir.

Bundan əvvəl Moskvaya dron hücumları barədə heç bir məlumat verməyən Rusiya telekanalları Putinin çıxışını translyasiya ediblər.

Beləliklə, Moskva Ukrayna Müdafiə Nazirliyinin hərbi kəşfiyyat qərargahına hücum etməsi barədə məlumatı bir necə gündən sonra açıqlamış olub. Kiyev bu barədə heç bir məlumat vermir.

Putin iddia edib ki, Kiyev bilərəkdən mülki obyektlərə hücum edir. O Ukraynanın bu hərəkətini “terror” adlandırıb.

Putin deyib ki, Moskvaya zərbələr endirməklə Rusiyanı “simmetrik hərəkətlərə təhrik edirlər”.

Halbuki Rusiya təkcə may ayında Ukraynaya 17 dəfə dron və qanadlı raket zərbələri endirib.

Putin bunu da iddia edib ki, Rusiya Ukraynadan fərqli olaraq “yüksək dəqiqliyi olan” silahlarla zərbələr endirir. Hərçənd Rusiyanın mülki obyektləri vurması nəticəsində onlarla ölən və yaralanan olub. Moskva bu kimi xəbərləri vermir.

Rusiya Kiyevi vurur. Moskvaya dron hücumu olub

Ukrayna rəsmiləri Rusiyanın mayın 30-da səhər saatlarında Kiyevə dron zərbələri endirdiyini, ən azı bir nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib. Dronların əksəriyyətinin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu deyilir.

Kiyev meri Vitali Kliçko Telegram-da, paytaxtın müxtəlif yerlərində yanğınlar başladığını və dron qalıqlarının Kiyevin Holosiyivski rayonunda çoxmərtəbəli binada yanğına səbəb olduğunu yazıb.

“Bir nəfər ölüb. Ümumilikdə dörd zərərçəkən Holosiyivskidə xəstəxanaya yerləşdirilib. 20 nəfər təxliyə edilib”, - Kliçko yazıb.

Ukrayna Milli Polis Xidmətinin rəis müavini İvan Vıhivski Telegram-da Kiyev və ətrafına hücumda 13 nəfərin, eləcə də bir gənc qadının yaralandığını bildirib.

Ukrayna ordusu hücumun yalnız İran istehsalı dronlarla, gecəyarısından saat 04:30-a qədər davam etdiyini qeyd edib.

“Şimal və cənubdan ümumilikdə 31 kamikadze dronları hücum edib. Ukrayna Hava hücumundan müdafiə qüvvələri 29 dronu məhv edib”, – ordu bildirib.

Qərbin verdiyi müasir avadanlıqla dəstəklənən Ukrayna Hava Hücumundan müdafiə sistemi Rusiyanın hava zərbələrini – həm dronları, həm də raketləri məharətlə dəf edir.

Təxminən iki aylıq durğunluqdan sonra, Rusiya həftədə bir neçə dəfə hərbi obyektlərə və təchizatlara raket və dron zərbələri endirir.

Moskvaya dron hücumu

Bu arada Moskva meri Sergey Sobyanin, Telegram kanalında mayın 30-da səhər saatlarında paytaxta dron hücumu olduğunu bildirib.

Sobyanin hücumda bir neçə binaya yüngül ziyan dəydiyini, heç kimin ciddi xəsarət almadığını deyib.

Telegram kanalları mayın 30-da səhər saatlarında Moskva vilayətində 10-dan çox dronun vurulduğunu bildirib.

Fövqəladə hallar xidmətlərinin nümayəndəsi “RİA Novosti”-yə açıqlamasında dronların Moskvada iki yaşayış binasını vurduğunu deyib. Bu məlumatı müstəqil olaraq yoxlamaq mümkün olmayıb.

Rusiya İstintaq Komitəsi heç kimin xəsarət almadığını açıqlayıb.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak mayın 30-da “Səhər yeməyi şousu” YouTube kanalına açıqlamasında, ölkəsinin dron hücumu ilə heç bir əlaqəsi olmadığını bildirib.

“Əlbəttə ki, hücumları izləməkdən və onların sayının artacağını proqnozlaşdırmaqdan məmnunuq. Amma təbii ki, bizim bununla birbaşa əlaqəmiz yoxdur”, - o deyib.

Ukrayna keçmişdə oxşar hücumları təkzib edib.

XS
SM
MD
LG