Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Bəxtiyar Hacıyev: 'Belə çıxır, özünü güclü sayan hakimiyyət Qubad İbadoğludan... qorxur'


B.Hacıyev
B.Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev istintaq dövründə anonim müraciət əsasında ona qaçaqmalçılıq, çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq və başqa ittihamların verildiyini deyir. Vəkillər də bunu təsdiqləyir və bildirirlər ki, bir elektron poçt ünvanından məktub və sənədlərin surətləri göndərilib. Onların fikrincə, istintaq göndərənin kimliyini araşdırmadan, sənədlərin əslini tapıb ortaya çıxarmadan ağır ittihamlar irəli sürüb. Bütün bunlar yanvarın 7-də B.Hacıyevin işi üzrə məhkəmənin ilkin hazırlıq iclasında dilə gətirilib.

İctimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

B.Hacıyev 2022-ci ilin dekabrında həbs edilərkən bloqer Ülviyyə Muradova (Alovlu) ilə aralarındakı insidentə görə təqsirləndirilsə də, 6 ay sonra onun təşkilatının fəaliyyəti, maliyyə məsələləri ilə bağlı yeni ittihamlar ortaya çıxdı. İndi özü də, vəkilləri də tələb edirlər ki, həbs olunanda ona verilmiş xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları araşdırılsın və digər ittihamlara elə indidən xitam verilsin. Yanvarın 7-də vəkillər məhkəmədə bu haqda vəsatət qaldırıblar.

"İttihamların əsaslandığı sübutlar qanunsuzdur"

"Qanun anonim müraciətlərin araşdırılmasını, onun əsasında kiməsə ittiham verilməsini qadağan edir. İstintaqa hansısa e-mail ünvanından nəsə göndərilib. Bunu göndərən kimdir, nəçidir, bilinmir. Anonim müraciət, mənbəyi bilinməyən, əsli olmayan sənədlərlə Bəxtiyar Hacıyevə verilən ittihamların hamısına xitam verilməlidir. Çünki o ittihamların əsaslandığı sübutlar qanunsuzdur", - vəkil Elçin Sadıqov belə deyib.

B.Hacıyevin hüquqqoruyucu fəaliyyətinə görə cəzalandırıldığını vurğulayan vəkillər onun ev dustaqlığına buraxılmasından da ötrü vəsatət veriblər. Müdafiəçilər bildiriblər ki, əslində istintaq müddəti 13 aydan çox ola bilməsə də, baş prokuror Kamran Əliyev B.Hacıyevə münasibətdə bu müddətin uzadılmasına qərar verib. Onlar baş prokurorun sözügedən qərarının qanunsuz olduğunu vurğulayıblar.

İctimai fəalın özü də 13 aydan sonrakı dövrdə həbsdə qanunsuz saxlandığını, özünü təqsirləndirilən şəxs deyil, girov saydığını deyir. Onun sözlərinə görə, təqsirsizliyini sübut etməkdən ötrü vəkilləri istintaqda 40-a yaxın vəsatət versələr də, heç biri təmin olunmayıb. Bu məhkəmədən də qanuni və ədalətli yanaşma gözləntisi olmadığını vurğulayan B.Hacıyevin fikrincə, hansı sifariş gələcəksə, hakimlər də o hökmü oxuyacaqlar: "İstərdim ki, özümü məhkəmə qarşısında hiss eləyim, amma eləmirəm. Vəkillərim nikbindir, vəsatətlər verirlər. Mənə qalsa, heç bir vəsatət verilməsin, siz də nə sifariş gəlibsə, onu elan eləyin, qurtarsın. Mən siyasi girovam. Bir ay sonra ölkədə prezident seçkisi keçiriləcək. Bir dəfə də olsun seçkiyə siyasi məhbuslarsız getməyiblər. Belə çıxır ki, özünü güclü sayan hakimiyyət Qubad İbadoğlu, Bəxtiyar Hacıyev və digərlərindən qorxur".

Hakim Əli Məmmədov ictimai fəalın çıxışını dayandırıb, hətta iki dəfə protokol qaydasında ona xəbərdarlıq edib.

Prokuror vəsatətlərin təmin olunmamasını istəyib. Fikrini də belə əsaslandırıb ki, hələ məhkəmə araşdırması aparılmalı, işdəki sübutların qanunsuz olub-olmadığı prosesin gedişində aydınlaşdırılmalıdır.

Hakimlər də B.Hacıyevin ev dustaqlığına buraxılması, qanunsuz sübutlara əsaslanan ittihamlara xitam verilməsi, əlavə şahidlərin dindirilməsi və s. haqda vəkillərin qaldırdığı vəsatətlərin hamısını rədd ediblər. Qərar verilib ki, ictimai fəala qarşı 10-a yaxın maddə ilə irəli sürülmüş ittihamların hamısına məhkəmədə baxılsın. Məhkəmə baxışı yanvarın 19-na təyin edilib.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunarkən ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilmişdi. Bu ittihamlarda Yasamal rayon Məhkəməsindəki zalların birində onunla bloqer Ülviyyə Muradova (Alovlu) arasındakı insidentdən bəhs olunur.

B.Hacıyevin məhkəməsində iki nəfər – bloqer Ü.Muradova və Yasamal rayon Məhkəməsinin icra məmuru Orxan Abdullayev zərərçəkmiş qismində tanınıb.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

O özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir və daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişi ilə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG