Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:33

Bərdəlilər: 'Ağacları kökündən çıxaranlar deyirlər icazəni şifahi şəkildə alıblar'


Əvvəlcə ağaclar hasara alınır...
Əvvəlcə ağaclar hasara alınır...

"Bu adam obyekti aydın görünsün deyə, ağacları kəsib qoyub yerə... Ekologiya şöbəsinə demişik, deyir, "cərimələnəcək". Axı, olmaz ki cərimələməkdənsə, elə vaxtında başının üstünü kəsdirib ağacları qırmasına imkan verməsinlər?"

Bunu AzadlıqRadiosu-na Binəqədi rayonu Şövkət Məmmədova, 50 ünvanındakı obyektin yaxınlığında yaşayanlar deyirlər.

Buna da bax:​ Bakıda 32 eldar şamı və sərv kəsilib

“NƏYİMİZƏ LAZIMDIR CƏRİMƏLƏNMƏSİ?”

Sakin Zamin Dadaşovun sözlərinə görə, obyektin sahibi bir gündə üç yaşıl ağac kəsdirib:

"Qonşular yaxınlaşdılar, xahişlə, tələblə işi dayandırmasını tələb etdilər, xeyri olmadı. Dedi, ‘obyekt ağacların arxasında qalır, görünmür, işim getmir’. Biz icra hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng etdik, zamanında gəlib qarşısını almadılar. Sonradan bizə cavab verdilər ki, ‘ağacı kəsən cərimələnəcək’. Nəyimizə lazımdır onun cərimələnməsi? Adam pula ‘pul’ demir, o cərimə ondan ötrü qəpik-quruşdur. Burda oyun gedir, sadəcə... Adama şərait yaradırlar, vaxtında qarşısını almırlar, ağacları kəsir, sonra da hökumət qurumları başlayırlar həmin adamdan pul qazanmağa. O adamın cibindəki pullarının bir hissəsi cərimə şəklində büdcəni doldurur, bir hissəsi də məmurların cibini, vəssalam".

Obyektin sahibi İlqar Məmmədovsa "Qaynar xətt"ə deyir, ağaclar obyektin yaxınlığındakı dayanacaqda avtobus gözləyən sərnişinlərə mane olurmuş. Bu səbəbdən də kəsmək qərarına gəlib. Sakinlərsə bildirirlər ki, dayanacaq obyektdən xeyli kənardadır və ağacların həmin dayanacağa heç bir aidiyyəti yoxdur.

Buna da bax: Zaqatala meşələrinə kimlər girişib? [fotolar]

“OLAN-QALAN YAŞILLIĞI DA MƏHV EDİRLƏR”

Ağacların kəsilməsi ilə bağlı "Qaynar xətt"ə Bərdə sakinlərindən də şikayət daxil olub. Kənd sakinləri yazırlar ki, Yevlax - Bəhramtəpə yolunun yenidən qurulması zamanı ağaclar "terrora" məruz qalıb. Yolboyu düzülmüş yaşıl ağaclar ağır texnikaların köməkliyi ilə kökündən çıxarılır. Sakinlər yazır:

"... Yol tikintisini həyata keçirən şirkətdən səbəbini soruşduq, dedi ki, ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi var. Biz onlardan icazə sənədini istədik, göstərmədilər. Bu dəfə də dedilər ki, nazirlikdən icazəni şifahi şəkildə alıblar".

Buna da bax:​ 'Bakının oksigenini kəsirlər'

Bərdə sakinləri yazır ki, yolun bu rayondan keçən hissəsindəki yaşıl zolaq əməllicə "keçəlləşib". Sakinlərin sözlərinə görə, bir neçə rayonu əhatələyən və uzunluğu 150 kilometr olan yolun kənarındakı yaşıllıqların məhv olması ekoloji baxımdan yolverilməzdir:

"... Bunlar yol çəkmək adı altında sanki bütün qüvvələrini yaşıl ağacları qırmağa yönəldiblər. Ağır texnikalar ağacları qırmaqla məşğuldur. Biz görmüşük ki, şoselərin kənarında yaşıllıq olar, bizdə əksinədir, olan-qalan yaşıllığı da məhv edirlər".

2 MİN 500 MANATLIQ CƏRİMƏ

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ağdam rayon regional şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, yol tikintisi ilə bağlı qurum köçürülməsi mümkün olan ağacların kökündən çıxarılıb başqa yerdə basdırılmasına icazə verib. Bu mümkün olmadıqda isə həmin ağacların kəsilməsinə və ya budanmasına icazə verilib.

Buna da bax: 'Polis qarşımızı almasaydı, 'Ovçular evi' də yerindəydi, şam ağacları da'

Binəqədidəki ağac kəsimiylə bağlı şikayətə gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələni araşdıracaqlarını bildiriblər. Qurum sakinlərin ağac kəsiminə göz yumulması ilə bağlı dediklərini də qəbul etmir. Qurum indiyədək ağacların kəsimi prosesinin dayandırılması ilə bağlı onlarla fakt olduğunu vurğulayır.

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə "Qaynar xətt"ə bildirilib ki, ağaclar qurumun balansındadır, kəsilməsindən xəbərsiz olublar: "Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi protokol tərtib edib və ağacları kəsən vətəndaşı 2 min 500 manat cərimələyib".

XS
SM
MD
LG