Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Leyla Yunus: “Telefon danışıqlarıma qadağa qoyulub”


Leyla Yunus
Leyla Yunus

►"Bizdə məgər hakim və ya prokuror var ki? Hamısı eyni şeydi..."

Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun vəkillərinin şikayəti üzrə ilkin baxış iclası keçirildi.

"Oktyabrın 7-dən təcridxanada mənim telefon danışıqlarıma və yaxınlarımla görüşlərimə qadağa qoyulub", - deyə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus məhkəmə zalına gətirilərkən prosesi izləyənlərə məlumat verdi.

Hüquq müdafiəçisi ona tətbiq olunan qadağaya görə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov və Səhiyyə Nazirliyinin tabeliyindəki Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili komissiyasının sədri Murad Məmmədovu günahlandırdı:

"Bu adamların göstərişilə mənim telefon danışıqlarıma və görüşlərimə qadağa qoyulub".

Buna da bax: Müsavat seçki pozuntularından şikayətlənir

“NƏ DANIŞDIĞIMIZI DA BİLMİRƏM”

Leyla Yunus məhkəmə zalına gətirilərkən əl ağacının köməyilə yeriyirdi.

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

Apellyasiya şikayətinə Vüqar Məmmədovun sədrliyilə, Əflatun Qasımov və Əmir Bayramovdan ibarət hakimlər heyəti baxır. Vüqar Məmmədov məhkəmə tərkibini elan edərək, təqsirləndirilən şəxslərin rəyini soruşdu.

"Özümü pis hiss eləyirəm, nə danışdığınızı da bilmirəm", - deyə Arif Yunus cavab verdi.

Leyla Yunus da bildirdi ki, bu işə kimin baxmasının heç bir fərqi yoxdur: "Bizdə məgər hakim və ya prokuror var ki? Hamısı eyni şeydi..."

Leyla Yunus eyni zamanda, Şöhrət Allahmanovun məhkəmədə zərərçəkmişin nümayəndəsi qismində iştirakına etiraz etdi.

Buna da bax: DİN-dən Aynarın kafesi ilə bağlı açıqlama

“SİZƏ ZƏNG EDİB QƏRARI ARTIQ DEYİBLƏR”

Bilirəm ki, sizə zəng eləyib qərarı artıq deyiblər. Heç olmasa, formal məsələlərə əməl eləyin.

Daha sonra Leyla Yunusa apellyasiya şikayətinin rus dilinə tərcüməsi təqdim olundu. Hüquq müdafiəçisi apellyasiya şikayətinin məhkəmə günü təqdim olunmasına etirazını bildirdi:

"Bilirəm ki, sizə zəng eləyib qərarı artıq deyiblər. Heç olmasa, formal məsələlərə əməl eləyin".

Hakim Leyla Yunusa irad tutdu ki, məhkəmənin sözünü kəsmək olmaz. Yunus isə "bu, məhkəmə deyil, sirkdir," deyə cavab verdi.

Hakim daha sonra bildirdi ki, Leyla Yunusun apellyasiya şikayətinin rus dilinə tərcüməsilə tanış olub rəyini bildirməsi üçün ona vaxt verilir. Bu səbəbdən də məhkəmə oktyabrın 15-ə qədər təxirə salındı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə avqustun 13-də Leyla Yunusa 8 il yarım, Arif Yunusasa 7 il həbs cəzası verilib. Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bir sıra beynəlxalq təşkilatlar Leyla və Arif Yunusun həbsini sifarişli sayır. Azərbaycan hakimiyyətini onları azad etməyə çağırır.

XS
SM
MD
LG