Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:39

‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlı [10-cu yazı]


Azərbaycan Xalq Cümhuriyyətinin Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlı.
(Nağı bəy Şeyxzamanlı. Xatirələr. "Xan" xatirə ədəbiyyatı kitabından illüstrasiya)
Azərbaycan Xalq Cümhuriyyətinin Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlı. (Nağı bəy Şeyxzamanlı. Xatirələr. "Xan" xatirə ədəbiyyatı kitabından illüstrasiya)

BİOQRAFİYASI:

Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı (Keykurun) 1883-cü ildə Gəncənin tanınmış əsilzadə ailəsində doğulub. Gənc yaşlarından ictimai-siyasi fəaliyyətə qatılıb. Gəncə Gənclik Təşkilatının rəhbəri, “Difai” təşkilatının, Gəncə Milli Komitəsinin, eləcə də Nəsib bəy Yusifbəylinin qurduğu “Türk ədəmi-mərkəziyyət” partiyasının fəallarından olub. Bu partiya “Müsavat”la birləşəndə partiyanın Mərkəzi Komitəsinə seçilib. Cümhuriyyət zamanı Nağı bəy əks-kəşfiyyata başçılıq edib (avqust 1919 - mart 1920). Bolşevik işğalından sonra onun qardaşı “Əksinqilabla mübarizə təşkilatı”nın ilk sədri - parlament üzvü Məmmədbağır Şeyxzamanlı güllələnib, Nağı bəy özü axtarışa verilib. Nağı bəy Bakıdan Gəncəyə, sonra Tiflisə, oradan İstanbula gedib. Nağı bəyin bundan sonrakı həyatı da Azərbaycan istiqlal mübarizəsinə həsr olunub. Böyük vətənsevər mühacirətdə məqalələr yazıb, kitablar çap etdirib (“Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə” (1957), “Dərdləşmə” (1963) və “Azərbaycan istiqlal mücadiləsinin xatirələri” (1964). Nağı bəy Türkiyədə, Almaniyada, ABŞ-da yaşayıb və 1967-ci ildə Türkiyədə dünyasını dəyişib.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

NAĞI BƏY: “YENİDƏN İSTİQLAL!”

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

“Bütün müqəddəs ideyalara inandığım kimi, buna da əminəm ki, nə rus, nə də başqa bir yad rejim köklü olaraq Azərbaycanda nə dayana biləcək, nə də yaşayacaqdır. İstiqlal fikrini və imanını bütün inanclarımızdan üstün tutan Azərbaycan xalqı yenidən öz istiqlalına qovuşacaqdır. Mənim fani vücudum və həsrət dolu gözlərim o xoşbəxt günləri görməyə bilər. Ancaq buna inanıram ki, keçmişdən daima iftixar payı almış olan xalqımız bu əsərimi ölkəmdə şəkillərlə bəzəyib, yenidən nəşr etdirəcəkdir. Onlar bu dastan dolu şanlı keçmişi öyrənəcək və yurdunun istiqlalı uğrunda fədakarcasına çalışmış ata-babalarını ehtiramla yad edəcəklər”.

”DİFAİ”NİN MÖHÜRÜ KİMDƏDİR? BUNU HEÇ KƏS BİLMİRMİŞ

Nağı bəy “Azərbaycan istiqlal mücadiləsinin xatirələri” əsərində çox mətləblərə işıq salıb. Gəncənin tarixindən tutmuş, Azərbaycan istiqlalının qazanılmasınadək olan böyük bir dövrdən, bu tarixə damğa vuran şəxsiyyətlərdən, Gəncədəki milli azadlıq hərəkatından söhbət açıb. Onun “Difai”nin fəaliyyətiylə bağlı yazdıqları da ayrıca maraq doğurur:

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

“Çar hökuməti ilə “Difai” firqəsinin arasındakı mübarizə 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımızın da, “Difai” firqəsinin də gəldiyi qənaətə görə, artıq rus məmurları hər vasitə ilə özlərini sevdirməyə çalışırdılar. Bu illərdə mən də gizli təşkilatda çalışırdım. Toplantılarımızın birində yoldaşlarımızdan biri: Artıq “Difai” fəaliyyətini dayandırır. Möhür saxlanılacaq, yoxsa məhv ediləcək? - deyə soruşdu. Mirzə Məhəmməd: “Onu yox etməyəcəyik, o möhür gələcək Azərbaycan muzeyində saxlanacaq” dedi. Bununla da möhürün Mirzə Məhəmməddə olduğu aydınlaşdı”.

MÖHÜRÜN BAŞINA NƏLƏR GƏLDİ?

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

Nağı bəyin yazdığına görə, bir axşam həmin Mirzə Məmmədhəsən təlaş içində onun yanına gəlib və rus gizli polisinin onun evinə basqın etdiyini, bir yığın sənəd, ən dəhşətlisi, möhürü apardığını bildirib. Nağı bəy tələsik gizli polisdə katib və tərcüməçi işləyən dostunun evinə gedib. Dostu kədərlə: “bu möhür bütün millətçilərimizi məhv edəcək” deyib. Nağı bəy ona: “Dostum, bizi bu fəlakətdən qurtarsan, sən qurtara biləcəksən”. O isə cavabında: “Mənim əlimdən nə gəlir? Mən bütün sənədləri möhürlə birgə seyfə qoydum. Rəis mənə: “səhər tezdən gəl, bu kağızları tədqiq et, xüsusilə möhür çox əhəmiyyətlidir”- dedi. Mən ona belə təklif etdim: “Dram cəmiyyətində saxladığımız inqilabçı sosialist partiyasının möhürünü gətirib sizə verim, siz də bu möhürü səhər “Difai” firqəsinin möhürü ilə dəyişdirin və məhv edin”. O, mənim bu təklifimi qəbul etdi. Mən dərhal möhürü gətirib ona verdim və sabah axşam görüşməyi qərara aldıq...”. Nağı bəy bütün günü səbirsizliklə dostunun işdən evə dönüşünü gözləyir və nəhayət, axşam olur və dostu ona olub-bitənləri belə anladır: “İçəri girəndə gördüm ki, soba gurhagur yanır. Tez seyfi açıb möhürü oradan götürüb sobaya atdım və yerinə cibimdəkini qoyub qapısını bağladım. Sobada əllərimi qızdırarkən rəis içəri girdi və mənimlə salamlaşdıqdan sonra: “Tez seyfi aç! Möhür məni bütün gecə çox narahat edib. Oxu görək o nə möhürdür” dedi. Mən dərhal seyfi açıb kağızları və möhürü götürdüm. Möhürü mürəkkəbə batırıb kağızın üzərinə basdım. Möhürün yazıları aydın görünür. Bir yerdə baxırıq. Rəis möhürün türk dilində olduğunu görüb: “oxu, nə yazılıb?” - deyir. Mən möhürün bir sosialist möhürü olduğunu söylədim”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

“MÜSTƏQİL AZƏRBAYCAN MUZEYİNİ ZİNƏTLƏNDİRƏCƏK MÖHÜR” DÜŞMƏN SOBASINDA

Beləcə, “Difai”nin möhürü ələ keçmir və Nağı bəy xatirələrində yazır: “ Sevinir və həm də kədərlənirdim. Bizə müqəddəs olan “Difai” möhürü – müstəqil Azərbaycan muzeyini zinətləndirəcək möhür – türk düşməni, Qarabağ canisi general Kalaşçapovu Tiflisdə, vali müşaviri Kreçkinskini və polis müdiri Bannikovu Gəncədə, erməni Vasilini və ən nəhayət, Molla Hadının qətl edilmələrini xalqa bəyan edən kağızı bəzəyən möhür, düşmən sobasında yanırsan. Sən ey müqəddəs möhür, sobada yanmağınla xalqımızı son dərəcə böyük bir fəlakətdən xilas edirsən”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]

“RUSLAR XALQIMIZA İSRARLA TATAR, DİLİMİZƏ TATAR DİLİ DEDİLƏR”

“Azərbaycan xalqı Türk olduğunu ruslara qəbul etdirə bilmədi. Ruslar xalqımıza israrla Tatar, dilimizə Tatar dili dedilər. Onlar ziyalıların etirazları nəticəsində Tatar sözünü işlətmədilərsə də, yenə də Türkcəni qəbul etmədilər və “Vətən dili”, yaxud yerli dil dedilər. “Dikaya diviziya” 1917-ci il inqilabında rus əsgərlərinin təbliğatına uymadı. Rus əsgərləri kimi öz zabitlərini öldürmədi və hərbi nizam-intizama, ənənə və adətə sadiq qalaraq öz zabit heyətilə Qafqazdan özləri ilə apardıqları atların üstündə Vətənə döndü. Diviziyanı təşkil edən və rusların “Tatar alayı” dedikləri Azərbaycan alayı da şəhərin böyük meydanında sıraya düzüldü”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Doktor Həsən bəy Ağayev [6-ci yazı]

NAĞI BƏY ƏNZƏLİDƏN BAKIYA GƏLƏN RUS GƏMİLƏRİNƏ ÜÇRƏNGLİ AZƏRBAYCAN BAYRAĞINI NECƏ SANCDI

Nağı bəy Şeyxzamanlı
Nağı bəy Şeyxzamanlı

“Əlimdə durbin gəmiləri seyr edirəm. Mənim kimi Ənzəli xalqı (sakinləri anlamında – red.), İran məmurları və hətta Ənzəlidə pusquya yatmış olan ingilis əsgərləri də bu gəmiləri seyr etməkdədir. Mənzərə çox möhtəşəm idi; yəni uzun tarix boyu Şərqi inlədən, Turanda at oynadan, Azərbaycan xanlıqlarını işğal edən, zəif millətlərin yuxusunu qaçıran və qorxu içində saxlayan rus imperatorluğunun bayrağı bir Türk oğlunun istəyi ilə endirilir. Yerinə isə sevimli, yeni doğulmuş üçrəngli Azərbaycan bayrağı taxılır. Gözlərim sevincdən yaşarır. Gəmilərimiz hamısı birdən sıra ilə Xəzər dənizində Bakıya doğru hərəkət etməkdədir. Vaxtilə İran sərhədində əzəmətli rus imperiyasının Türkmənçayda İran dövləti ilə imzaladığı müqavilə bax burada, yəni yenə də İran sərhədində - Ənzəlidə parça-parça edildi. O gün həyatımda ən unudulmaz günlərdən biri idi, yəni rus imperiyasının son 27 bayrağını endirmək mənə qismət olmuşdu. Mən Azərbaycan istiqlalının tayı-bərabəri olmayan aşiqiyəm. Məni istiqlalçı edən Nəsib bəydir. O qüvvətli eşqi mənə Tanrım vermişdir və bu səbəbdən də Azərbaycan istiqlala hazırlığı dövründə ən mühüm, ən çətin, ən şərəfli hadisələr ilə məni birlikdə yaşatmışdır. Azərbaycanın istiqlalının təməlinə bütün həyatım boyu zəhmət çəkdiyimi kimsə inkar edə bilməz”.

Buna da bax: '100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]

“NAĞI, OLUB-KEÇƏNLƏRİ OSMANLI DÖVLƏTİNƏ ANLAT VƏ DE Kİ…”

Osmanlı dövlətinə gedəcək nümayəndə heyətinin başçısı Nağı bəylə Nəsib bəy Yusifbəylinin görüşü: “Ertəsi gün Milli Komitəyə getdim. Etimadnaməni imzalatdırıb möhürlətdirdikdən sonra aldım. Vidalaşma zamanı Nəsib bəy mənə belə dedi: “Nağı, sən İstiqlal Komitəsinin üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə anlat və de ki: Millətimiz müstəqil yaşamağı qarşısına məqsəd qoymuşdur və bu yolda hər cür fədakarlığı etmişdir. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarılmış vəziyyətdədir. Onlar zəif yerimiz olan hərbi gücümüzü qüvvətləndirsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar və istiqlalımızı elan etməmizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istəsələr, gəlməsinlər. Biz öz düşmənlərimizlə birtəhər hesablaşıb, başımıza çarə qılarıq”. Axşam yoldaşlar Hüsaməddin bəylə mənə axşam yeməyi verəcəkdilər. Bütün yoldaşlar şair Əhməd Cavadın gəlməsini gözləyirdi. Milli Komitənin baş katibi olan şair Əhməd Cavad bir az sonra Nəsib bəylə birlikdə gəldilər. Gecə yarısına qədər yeyib-içdik, söhbət etdik və öpüşüb ayrıldıq”.

Nağı bəy Şexzamanlının "Xatirələr" kitabının üzqabığı ("Xan" xatirə ədəbiyyatı seriyasından)
Nağı bəy Şexzamanlının "Xatirələr" kitabının üzqabığı ("Xan" xatirə ədəbiyyatı seriyasından)

Buna da bax: ‘100-ə nə qaldı?:’ ‘Azərbaycan davasının yorulmaq bilməyən vəkili’ – Topçubaşı [8-ci yazı]

NURU PAŞA QAFQAZ İSLAM ORDUSUNA NECƏ KOMANDAN TƏYİN EDİLDİ?

“Görüşdüyüm siyasi xadimlərdən “İttihat və Tərəqqi” Partiyasının mərkəzi qərargahında yalnız Tələt, Ənvər və Camal Paşaların Türk ordusunun Qafqaza getmələrini istədiklərini, digərlərinin isə buna razı olmadıqlarını öyrəndim. Mən demək olar ki, hər gün Ənvər Paşa ilə görüşdüm. Görüşümüzün birində özümü topladım və Ənvər Paşanın mənim xatirimi istədiyindən istifadə edərək dedim: “Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qafqaz Türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allah, aşağıda Ənvər Paşa. Eşitdiyimə görə sizin Nuru adlı bir qardaşınız vardır. Sizdən xahiş edirəm. Qafqaza gedəcək hərbi qüvvənin başına Nuru Paşanı təyin edin. Paşam, ölkəmiz dünyanın ən zəngin yerlərindən biridir. Qocaman div olan Rusiyanı qudurdan, sağa-sola hücum etdirən Bakı neftidir. Bu neftin 70 faizi biz Azərbaycan Türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca qəhrəmandır. Bir də, Paşam, sizin Qafqaza gedəcək hərbi qüvvələrə komandan təyin etdiyiniz şahzadəni hər axşam “Pera Palas” mehmanxanasının salonunda içki içib rəqs edən görürəm. Qafqazda belə hərəkətləri xoşlamırlar”. Ənvər Paşa məndən “Hacı bəy, sizin orada içki içmirlərmi?” deyə soruşdu. Mən isə bu suala “İçirlər Paşam, ancaq pivə kimi zəif alkoqollu içki olan şərab. “Votka” deyilən sərt içkidən isə ruslar istifadə edirlər. Bizdə içki içərlər, ancaq sərxoş olmaq üçün deyil”- cavabını verdim. Məni dinləyən Ənvər Paşa: “Çox yaxşı”, – dedi. Sonra telefon edərək Qafqaza gedəcək zabitlərin içki içib-içmədiklərinin yoxlanmasını da əmr etdi və mənə “Nağı bəy, Nuru çox gəncdir, necə olar?” - dedi. Mən də dərhal “Paşam, Nuru Paşanın Trablis - qərbdəki fəaliyyəti haqqında burada heç kəsdən məlumat ala bilmədim. Rus mətbuatının Nuru Paşadan və onun fəaliyyətlərindən uzun-uzadı bəhs edən materiallarını Qafqazda oxumuşdum. Və bir də, Paşam, sizin qardaşınız olması yetər”, - dedim. Ənvər Paşa “Yaxşı, sabah söhbət edərik” dedi və ayrıldıq”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Ədliyyə naziri Xəlil bəy Xasməmmədli [9-cu yazı]

NAĞI BƏY GƏNCƏ ÜSYANI HAQQINDA

“1920-ci ilin aprelində Azərbaycanı işğal edən Qızıl Ordu və rejimin “ÇeKa”sı tarixdə misli görünməmiş bir qəddarlığını buradakı xalqa nümayiş etdirdi. Gəncə bu zülmə dözə bilmədi. Yenə tarixdə misli görünməmiş və Gəncəyə yaraşan bir üsyan oldu. Üsyançılar 7-8 gün ərzində şəhərə hakim oldular.

Bolşeviklərin statistikasına görə, Qızıl Ordu bu üsyan zamanı 6 min nəfər itirdi. Ancaq üsyanın 9-cu günü bolşeviklər şəhəri dörd tərəfdən mühasirəyə alaraq, ermənilərin də köməyi ilə üsyanı yatıra bildilər. Şəhərə girən Qızıl Ordu böyük bir qırğın törətdi. Bu qırğından sonra bolşeviklər Gəncənin bir daha belini dikəldə bilməyəcəyi qənaətinə gəldilər”.

BERİYA HAQQINDA

“Beriya Azərbaycanda və xüsusən Bakıda türk gənclərinə qarşı kütləvi qətliam tərtib etdirmişdir. Bu o gənclər idi ki, Beriya ilə bir məktəbdə oxumuş və daima ona qayğı göstərmişdilər. Uşaqlıq yoldaşlarının qatili olan Beriya daima Azərilər tərəfindən lənətlənəcəkdir. O Beriya ki Azərbaycanda törətdikləri vəhşiliklərin mində birini nə Rusiyada, nə də Gürcüstanda etməmişdir. Beriyanı lənətləyərkən, onunla bağlı xatirəmi də lənətləyirəm. Beriya əksinqilab ilə mübarizə idarəmizin senzura şöbəsində çalışırdı. O cani ilanı tanımadan, bilmədən, öyrənmədən bəslədik. Onu yalnız mən himayə etmirdim, bütün şöbə əməkdaşları da qayğı göstərirdilər. İkinci Dünya Müharibəsində Qızıl Ordudan almanlara əsir düşən və hürriyyəti seçərək alman ordusu sırasında ruslarla vuruşan qəhrəman, millətçi, idealist türk gəncləri ilə görüşərkən Beriyanı soruşardım. Hamısı Beriyanın türk gənclərini mərhəmətsizcəsinə məhv etdirdiyini deyirdilər. O, hələ əksinqilab ilə mübarizə idarəsində birgə çalışmış olduğu yoldaşlarını da hər kəsdən əvvəl aradan götürmüşdü”.

Beriya
Beriya

Buna da bax: Əli Kərimli: 'İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı...' [video]

İŞĞAL... BAKI...ÇEKA-ya GÜLLƏLƏNMƏYƏ...

Nağı bəy o məşum günü - 1920-ci il aprelin 28-ni belə təsvir edir: “Rus bolşeviklərin qüvvələri Bakını işğal edib milli dövlətimizi devirdi. O axşam Bakıda qaldım. Böyük küçədə yerləşən bir binanın ikinci mərtəbəsində işığı söndürülmüş qaranlıq otağın pəncərəsi önündə oturmuşdum. Böyük küçə elektriklə gündüz kimi işıqlandırılmışdı. Pəncərədən istiqlalçı yoldaşlarımın iki-iki, üç-üç ÇeKa-ya güllələnməyə aparıldığını aydın görürdüm. Bu gecə həyatımın ən sıxıntılı anı idi. Gözümə yuxu getmirdi. Dərin fikirlər içində fasiləsiz siqaret çəkirəm. Səhər açılır. Küçədə qəzet satan uşaqların səsləri eşidilir: Bolşeviklərin bir saylı ilk qəzeti. Ev sahibinin uşağına bir qəzet aldırıram. Qəzetdə xalq düşmənlərinin yaxalanıb cəzalandırıldıqları, ələ keçməyənlərinsə axtarıldıqları bildirilir. Qəzetdə hər hansı bir kommunistdən xalq düşməni olan Nağı Şeyxzamanlını dərhal yerində qətlə yetirmək tələb olunur”.

MÜHACİRƏT HƏYATI HAQQINDA

“Mühacirət həyatımda başıma gələnlər başqa bir əsərin mövzusu olacaqdır. Ancaq qısaca deyə bilərəm ki, Azərbaycanımızın işğalı ilə əlaqədar qarabağır balaları kimi bütün Dünyaya səpələndik. Biz ana vətən hesab edərək Türkiyəyə mühacirət etdik və özümüzü vətənsiz hiss etmədik. Türkiyə vətəndaşı olduq. Vətəndaşlıq vəzifəmizi şərəflə daşıdıq, daşıyırıq və daşıyacağıq. Digər tərəfdən Azərbaycanın qurtuluşu üçün çalışdıq, çalışırıq və çalışacağıq. Azərbaycanın düşmən tərəfindən işğal olunmasından sonra Milli Hökumətin məşhur şəxslərinin çoxu İstanbula toplaşmışdı. Bunların arasında Azərbaycan Milli Hökumətinin 7-8 naziri də vardı. Biz bu günə qədər fəaliyyətlərimiz nəticəsində milli davamızı dünya ictimaiyyətinə tanıda bildik”.

Buna da bax: 2018 'Azərbaycan Xalq Cümhuriyyəti ili' elan edilib

“ƏGƏR MƏNƏ QULAQ ASMAYIB İÇƏRİ GİRSƏN...”

Nağı bəy Şeyxzamanlı
Nağı bəy Şeyxzamanlı

“1920-ci il aprelin 27-də Qızıl Ordu Bakını işğal edəndə bolşeviklər müsavatçıları məhv etmək üçün tutmağa başladılar. Onların ilk həbs etdikləri böyük qardaşım Məhəmmədbağır oldu. Qardaşım Məhəmmədbağır Şeyxzamanlı Gəncə deputatı və “Müsavat” partiyasının üzvü idi. Həbs olunmasını ertəsi gün öyrəndim. Onu həbsxanadan qurtarmaq üçün düşünür və yollar arayırdım. Nəhayət, ÇeKa-dakıların ona: “Qardaşın Nağı bəy gəlib özü təslim olsa, səni buraxacağıq”- dediklərini öyrəndim və dərhal ÇeKa-nın yerləşdiyi binaya getdim. Mən ÇeKa-nın binasının qapısına yaxınlaşanda qardaşımın səsini eşitdim. O, binanın yuxarı mərtəbəsindəki kameranın pəncərəsindən məni görüb: “Sən uzaqlaş, mənə bir şey edə bilməzlər. Əgər mənə qulaq asmayıb içəri girsən, özümü pəncərədən küçəyə atacağam. Buradan uzaqlaş və Gəncəyə get. Qalma burada”, - dedi. Mən də pəncərəyə baxa-baxa geri çəkilərək ÇeKa-nın binasının yanından uzaqlaşdım. Bax, böyük qardaşımla son görüşüm belə oldu. Gəncəyə gəldikdən sonra öyrəndim ki, günahsız qardaşımı rus bolşevikləri güllələyiblər”.

ÖLÜMÜ

Nağı bəy 1967-ci ildə Azərbaycanın təkrar istiqlala qovuşmasını, doğma Gəncəni görmədən dünyadan köçdü. İstanbulun Feriköy məzarlığında dəfn olundu. Türkiyədə çıxan “Azərbaycan” kültür dərgisi yazırdı:

“Nağı bəyin ən aydın vəsfi Azərbaycan istiqlal mübarizəsinə dərindən bağlı olması idi. Nağı bəy bütün ömrü boyunca bu məsələdə heç bir kimsəyə və hər hansı cərəyana kiçik güzəştə belə getməmişdir. O, ağır xəstə olarkən də yurdunu və mübarizəsini bir an belə unutmamışdır. Elə bu səbəbdən də məzarı başına toplanan qohum-əqrabası, tanışları, dostları onu göz yaşları içində, hörmət və sevgi ilə torpağa əmanət etmişlər”.

Buna da bax: İlham Əliyev: 'Cümhuriyyətin fəaliyyətini düzgün təhlil etməliyik'

Direct-ə keçid

MİNNƏTDARIQ

Ruhu şad olsun Nağı bəyin! Azərbaycan üçün etdiklərinə görə.

Bizlərə “Azərbaycan istiqlal mücadiləsinin xatirələri” kimi qiymətli bir əsər yadigar qoyduğuna görə.

“Bütün müqəddəs ideyalara inandığım kimi buna da əminəm ki, nə rus, nə də başqa bir yad rejim köklü olaraq Azərbaycanda nə dayana biləcək, nə də yaşayacaqdır. İstiqlal fikrini və imanını bütün inanclarımızdan üstün tutan Azərbaycan xalqı yenidən öz istiqlalına qovuşacaqdır”- öngörməsinə görə.

Bir də, ”inanıram ki, keçmişdən daima iftixar payı almış olan xalqımız bu əsərimi ölkəmdə şəkillərlə bəzəyib yenidən nəşr etdirəcəkdir” - inancına görə.

XS
SM
MD
LG