Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:58

Rusiya qüvvələri Baxmuta hücumları davam etdirir


Ukraynanın şərqində Ukrayna hərbçiləri
Ukraynanın şərqində Ukrayna hərbçiləri

Ukrayna ordusu son bir sutkada Rusiya qüvvələrinin 49 hücumunu dəf etdiyini, şərqi Baxmut şəhərində və ətrafında qızğın döyüşlərin getdiyini bildirir.

“Düşmən böyük itkilər verməsinə baxmayaraq, ərazimizi işğal etmək planlarından əl çəkmir. Baxmut və Mariinka uğrunda ən ağır döyüşlər gedir”, – Baş Qərargahın aprelin 14-də açıqladığı məlumatda deyilir.

“Rusiya Baxmuta hücumunu yenidən canlandırıb”, – bunu isə aprelin 14-də Britaniya Müdafiə Nazirliyi kəşfiyyat bülletenində qeyd edir. Qurum Rusiya hərbi qüvvələri ilə Vaqner muzdluları arasında “əməkdaşlığın yaxşılaşdığını” vurğulayır.

“Ukrayna müdafiəçiləri şəhərin qərb rayonlarını hələ də əlində saxlayır, ancaq son 48 saat ərzində Rusiyanın ağır artilleriya atəşinə məruz qalıb”, - bülletendə deyilir.

Baxmutla kommunikasiya kəsilməyib

Moskva aprelin 13-də Baxmutda Ukrayna əsgərlərini mühasirəyə saldığını iddia etsə də, Kremlə bağlı Vaqner muzdlu qrupunun başçısı Yevgeni Priqojin şəhərin mühasirəyə alındığını demək üçün “çox tez” olduğunu bildirib.

Ukrayna Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatı “AFP” xəbər agentliyinə deyib ki, ordunun Baxmutdakı əsgərlərlə kommunikasiyası var, onları sursatla təmin edə bilir. O, Rusiyanın iddialarının “reallığa uyğun gəlmədiyini” sözlərinə əlavə edib.

Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs orderi çıxardığı Rusiya Prezidenti Vladimir Putin ordusuna qanunsuz ilhaqını elan etdiyi Donetsk, Luhansk, Zaporojye və Xersonu tam ələ keçirmək əmri verib. Ukrayna isə ərazilərini işğaldan azad etmək üçün tezliklə əkshücuma başlayacağını bildirib.

Krım

Xarici işlər naziri Dmitro Kuleba aprelin 13-də deyib ki, Ukrayna Rusiyanın həmin dörd vilayətdən, eləcə də 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımdan çıxması tələbindən dönməyəcək.

“Hər dəfə dünyanın hansısa bir guşəsindən kimsə deyəndə ki, Krım özəldir, yaxud ərazimizin hansısa bir hissəsi Ukraynaya qaytarılmamalıdır, bir şeyi bilməlisiniz: Ukrayna bu bəyanatlarla qətiyyən razılaşmır”, – Kuleba Rumıniya paytaxtı Buxarestdə bir iclasda videoəlaqə vasitəsilə söyləyib.

O, NATO-nu öz ölkəsini və Gürcüstana üzvlüyə qəbul etməyə çağırıb. Kulebanın sözlərinə görə, NATO-nun Vilnüsdə gözlənən sammitində “Ukraynanın nə zaman və necə üzv olmasına dair aydın plan” ortaya qoyulmalıdır.

Elə həmin toplantıda çıxış edən Ukraynanın Müdafiə naziri Oleksey Reznikov isə vurğulayıb ki, NATO üzvlüyü Kiyevə təkcə özünün deyil, bütövlükdə Qara dəniz regionunun təhlükəsizliyini təmin etmək üçün vacibdir.

“Bizə Rusiyadan təcavüzü mümkünsüz edən qarantiyalar sistemi lazımdır”, – Reznikov söyləyib.

XS
SM
MD
LG