Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:57

Bayramov və Mirzoyan Stokholmda görüşə bilərlər


Ararat Mirzoyan (solda) və Ceyhun Bayramov
Ararat Mirzoyan (solda) və Ceyhun Bayramov

Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla sentyabrda Nyu Yorkda, noyabrda isə Parisdə bir araya gəlib. Hər iki görüş Minsk qrupu həmsədrlərinin iştirakıyla keçirilib

Üçtərəfli görüş isə bu gündür

Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun görüşü bu günə – dekabrın 1-nə planlaşdırılıb. Bu haqda AzadlıqRadiosu-na (Azatutyun) Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın köməkçisi Ani Babayan məlumat verib.

Bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə görüşdən sonra bugünkü görüşün anonsunu vermişdi.

“Hazırda üçtərəfli işçi qrupun gündəminin detallarını təsəvvür etmirəm”, – Babayan söyləyib.

***

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Stokholmda bir araya gələ bilərlər. Bunu Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) Şərq Tərəfdaşlığı və Rusiya üzrə direktor müavini Luk Devigne AzadlıqRadiosu-na deyib.

Bu gün Avropa Parlamentində Azərbaycan və Ermənistanla bağlı müzakirədə Devigne Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk prosesini müsbət element adlandırıb.

Azərbaycanın ritorikasının əksinə

“Azərbaycanın münaqişənin həll olunduğunu deməsinə baxmayaraq, son toqquşmalar (16 noyabr toqquşmaları) bunun əksini göstərir. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sentyabrda və noyabrda iki dəfə Minsk qrupunun həmsədrləri ilə görüşüblər və sabah Stokholmda ATƏT nazirləri toplantısı çərçivəsində görüşləri gözlənir”, – o qeyd edib.

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ATƏT xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün artıq Stokholma gedib. ATƏT Nazirlər Şurasının 28-ci iclası dekabrın 2-3-də baş tutacaq.

Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla sentyabrda Nyu Yorkda, noyabrda isə Parisdə bir araya gəlib. Hər iki görüş Minsk qrupu həmsədrlərinin iştirakıyla keçirilib.

İki vacib məsələ

Devigne onu da deyib ki, “saxlananların buraxılması və ərazilərin minalardan təmizlənməsi Ermənistan və Azərbaycan üçün təcili məsələlərdir. Məncə, onlar vəziyyəti aşkar qəlizləşdirir. Bu iki məsələ həllini tapmadan sülhün bərqərar olacağını düşünmək də ağlabatan deyil”.

AB təmsilçisi blokun münaqişənin həllindən ötrü heç nə etməməsilə bağlı ittihamları qəbul etməyib.

“AB-nin hərbi qüvvəsi olmadığı halda bundan artıq neyləyə bilər? Heç Minsk qrupu həmsədrlərinin hamısının orada qüvvəsi yoxdur... Keçən il olduğu kimi, silahlar danışmağa başlayanda diplomatların bunun qarşısını alması və dayandırması çox çətin olur”, – o, sözlərinə əlavə edib.

Birlik təmsilçisi ötən il imzalanmış 9 noyabr atəşkəs razılaşmasının bütün məsələləri həll etmədiyini söyləyib: “Bunu, atəşkəs razılaşmasının imzalanmasına vasitəçilik etmiş, onun təminatçısı olan Rusiya üçün müəyyən mənada iflas kimi görürük”.

Gürcüstan vasitəçiliyə çalışır

Avropa Komissiyasının Qonşuluq Direktoratının AB şərq qonşuluğu üzrə direktoru Lorens Meredit isə qeyd edib ki, Avropa Komissiyası Qafqazın hər üç ölkəsinin maraqları çərçivəsində davamlı sülhdən ötrü mümkün olanı etməyə çalışər.

“44 günlük müharibədən sonra 17 milyon avro məbləğində humanitar yardım ayırdıq. Özəlliklə Şərq Tərəfdaşlığı sammiti öncəsi tərəflər arasında etimadın bərpa olunmasının variantlarını incələyirik. Buna həm də təklif olunan iqtisadi və investisiya planı kontekstində baxırıq”, – o vurğulayıb.

Meredit Gürcüstanın tərəflər arasında vasitəçilik etməyə çalışdığını qeyd edib.

Dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi gözlənir. Noyabrın 26-da isə onlar Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə görüşüblər. Liderlər Rusiyanın məsləhət yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdiklərini açıqlayıblar.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib. Noyabrın 16-də sərhəd toqquşmalarında isə yenidən qan tökülüb, hər iki tərəf itki verib.

XS
SM
MD
LG