Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Beynəlxalq Bank iflas edərsə, SOCAR-ı nə gözləyir


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankının iflası ölkəni maliyyə və enerji sektorlarında qarşılıqlı risklərə məruz qoyur. Bu haqda «Global Risks Insight» portalında təhlilçi Jeremy Luedi yazır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) 3.3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədilə mayın 11-də Nyu-York məhkəməsinə müraciət edib. «Öhdəliklərin restrukturizasiyasına çalışmaq ABB-yə və bütünlükdə Azərbaycan iqtisadiyyatının sabitliyinə inamı zəiflədir. ABB-nin hökumətə və Azərbaycan Dövlət Neft Şirkətinə- SOCAR-a bağlılığını nəzərə alanda, bu inam sarsılır», – təhlilçi vurğulayır.

ÇAŞDIRICI BİLGİLƏR VƏ BAZARIN İNAMSIZLIĞI

Müəllifin fikrincə, Azərbaycandakı kapitalın 1/3-nə nəzarət edən ABB iflas etməyəcək qədər böyüyüb və elə 2015-ci ildə hökumətin banka nəzarəti ələ alması da bu faktı sərgiləmiş oldu. Hazırda hökumət bankın 80%-nə nəzarət edir, bu səbəbdən bankın defoltu hökumətin etibarını zərbə altında qoyur.

***Buna da bax-Beynəlxalq Bank ABŞ məhkəməsinə üz tutub

Hazırda ABB-nin 908 milyon dollarlıq ödənməmiş borcu var və Dublində yerləşən «Rubrika Finance Company Ltd.»yə 100 milyon dollarlıq borcun ödənişi gecikib. Maliyyə naziri Samir Şərifov mayın 23-də Londonda beynəlxalq investorlarla görüşməlidir. Bu görüş faydasız olsa, ABB 2019-cu ildə 500 milyon dollarlıq avrobondun kupon ödənişini etməlidir. Bu il oktyabrın 26-da isə 185 milyon dollarlıq borc qaytarılmalıdır.

Məqalədə ABB-nin maliyyə sıxıntıları barədə bilgilərin çaşdırıcı olduğu da vurğulanır, çünki şirkət bu ilin birinci rübündə əməliyyat gəlirlərinin ötən ilin uyğun dövrünə nisbətən 24% artdığını bildirirdi. Üstəlik, ötən ilin noyabrında açıqlama yayılmışdı ki, hökumət bu ilin əvvəlində bankı özəlləşdirməyi planlaşdırır. «Azərbaycanın fevralda 10 gün ərzində manatın dəyərini 10% möhkəmləndirməsi qərarını da nəzərə alanda, bazarın inamsızlığı görünməmiş həddə düşüb», – müəllif yazır.

SOCAR
SOCAR

FƏLAKƏTLİ SONUCLAR

Məqalədə Azərbaycanın qaz infrastrukturu layihələrinin qurulmasından ötrü 5 milyard dollarlıq borca girdiyi də vurğulanır. ABB-nin SOCAR-la əlaqələri o deməkdir ki, maliyyə və enerji hasilatı sektorlarında zəif məqamlar üst-üstə fəlakətli sonuclar yarada bilər. Hökumət ABB-yə nəzarəti gücləndirdiyi il SOCAR-a 10 illiyə 2 milyard dollarlıq güzəştli kredit ayrılıb. «Ötən ilin dekabrında «S&P Global Ratings» təşkilatı SOCAR-a BB neqativ reytinqini verib. Bundan sonra ABB-nin problemləri SOCAR-ın, SOCAR-ın problemləri isə ABB-nin problemlərinə çevrilib. S&P SOCAR-ın maliyyə işlərinin zəifləməsini və hökumət dəstəyinin yüksək səviyyəsini şirkətin zəif göstəricilərinin əsas faktorları sayırdı», – müəllif yazır.

***Buna da bax-Azərbaycanın birinci ailəsini yenidən korrupsiyada suçlayıblar [video]

SOCAR-ın borclarının çoxunun dövlət zəmanəti yoxdur. Üstəlik, borcların 80%-i xarici valyutadadır, şirkət isə gəlirlərinin böyük hissəsini manatla qazanır. Bu da SOCAR-ı bank sektorundakı problemlər qarşısında aciz buraxır. «SOCAR-la bağlı mənfi proqnoz Azərbaycanın mənfi proqnozu deməkdir... Hökumət ABB-ni möhkəmləndirmək məqsədiylə Dövlət Neft Fondunu da silib-süpürüb», – məqalədə deyilir.

PROBLEMLƏR QABAQDADIR

Müəllif SOCAR-ın adının Maltadakı korrupsiya qalmaqalında da çəkildiyini yada salır və 2018-ci ildə TANAP və TAP xətləriylə qaz göndərişlərinin gözləndiyi bir məqamda ölkənin nüfuzunu sarsıtdığını yazır. Qalmaqalın məğzi budur ki, prezident İlham Əliyevin qızı Leyla Əliyeva Maltanın yüksəkrütbəli rəsmilərinə 1 milyon dollar transfer edib. Bu ödənişlər 2013-cü ildə, Maltanın təbii qazla təchizatıyla bağlı əldə olunmuş razılaşmayla əlaqəlidir. Qazı SOCAR-ın rəhbərlik etdiyi konsorsium çatdıracaqdı. Təhqiqatçılar SOCAR-ın və ölkənin digər rəsmilərinin bir neçə il ərzində Maltaya dəfələrlə getdiyini, bu səfərlər barədə informasiya açıqlanmadığını üzə çıxarıblar.

«Cənub Qaz Dəhlizinin məqsədi Avropanın Rusiyadan qaz idxalından asılılığını azaltmaqdır… Avropanın enerji diversifikasıyası təkcə iqtisadi səbəblərlə bağlı deyil. Region Rusiya kimi ölkələrlə biznes qurmaqla assosiasiya olunan enerji siyasəti və korrupsiyanın təsirini azaltmağa çalışır. Amma Malta qalmaqalı Azərbaycanın da oxşar üzünü ortaya çıxarır. Azərbaycan onsuz da riskli durumdadır və belə gedərsə, hələ çox müşkül çıxacaq», – məqalədə vurğulanır.

Qeyd edək ki, Azərbaycanda ABB-nin müflisləşməsi barədə, hələ ki, söhbət getmir. APA agentliyi xəbər verir ki, Nyu-York məhkəməsi «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin (ABB) müraciəti əsasında mayın 12-si onun aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib. Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərara əsasən, xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar onların aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

XS
SM
MD
LG