Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:36

Memorial İnsan haqları Mərkəzi də qapadıldı


Memorial İnsan Haqları Mərkəzi
Memorial İnsan Haqları Mərkəzi

Nobel Sülh Mükafatı laureatı Andrey Saxarov onun təsisçilərindən biri olub

Moskva məhkəməsi dekabrın 29-da Memorial İnsan Haqları Mərkəzinin qapadılması haqda qərar çıxarıb. Təşkilatın “xarici agent” qanununu pozduğu bildirilir.

İnsan haqları fəalları qurumun ləğvinə hüquqi əsas görmürlər. Nobel Sülh Mükafatı laureatı Andrey Saxarov onun təsisçilərindən biri olub.

“Bu gün biz Beynəlxalq Memorial və İnsan Haqları Mərkəzinə qarşı iddiaların eyni gündə qaldırılmasının təsadüf olduğunu eşitdik. Məncə, burdakılardan heç kəs buna inanmır. Bu, məqsədlərin siyasi olduğunu göstərir. Dövlət Memorial-ın etdiyini və dediyini xoşlamır”, – vəkil İlya Novikov dekabrın 29-da məhkəmədə deyib.

Prezident Vladimir Putin Memorial-ın “terrorçu və ekstremist təşkilatları” təbliğ etdiyini düşünür.

***

Rusiya Ali Məhkəməsi ölkədə ən nüfuzlu insan haqları qurumlarından olan “Beynəlxalq Memorial”ın qapadılması haqda qərar çıxarıb. Tənqidçilər bunu hökumətin vətəndaş cəmiyyətinin sıxışdırılmasına yönəlik sistematik cəhdi hesab edirlər.

“Rusiya Ali Məhkəməsi Beynəlxalq Memorialı ləğv etdi”, – Memorial İnsan Haqları Mərkəzi dekabrın 28-də məhkəmə iclasından sonra tvitində yazıb.

Memorial-ın idarə heyətinin sədri Yan Raçinski qərardan apellyasiya şikayəti veriləcəyini deyib. Onun sözlərinə görə, təşkilatı işini dayandırmayacaq, çünki onun ayrı-ayrı hissələri hüquqi şəxs deyillər.

Memorial-ı dəstəkləmək üçün məhkəmə binasının qarşısına onlarla insan gəlib. Bu təşkilat Sovet ittifaqının dağılmasından az öncə, sovet repressiyasını sənədləşdirmək üçün yaradılıb. O vaxtdan ölkədə insan haqlarını monitorinq edib, tarixi ədalətsizlikləri sənədləşdirib.

“Xarici agent”

Bu məhkəmə işi qalmaqallı “xarici agent” qanunu çərçivəsində qaldırılıb. Rəsmilər bu qanundan Rusiyada vətəndaş cəmiyyətinin və media orqanlarının sıxışdırılması üçün istifadə edirlər.

Məhkəmənin qərarında deyilir ki, “Beynəlxalq Memorial” nəşrlərini qanunun tələblərinə uyğun nişanlamamaqla “xarici agent” təsnifatını pozub.

İnsan haqları fəalları isə qurumun ləğvinin hüquqi əsasları olmadığını deyirlər. Onlar bu addımı “siyasi motivli qərar” adlandırırlar.

Memorial 1980-ci illərin sonlarından Rusiyada və keçmiş sovet respublikalarında insan haqlarının təbliğini qarşısına məqsəd qoyub.

“Interfax” qurumun vəkilinə istinadla qərardan həm Rusiyada, həm də Avropa İnsan Haqları Məhkəməsində şikayət qaldırılacağını yazır.

“Beynəlxalq Memorial” özündə Memorial İnsan Haqları Mərkəzini və digər qrupları birləşdirir.

Reaksiyalar

“Çox hörmətli Beynəlxalq Memorial insan haqları təşkilatının məcburi ləğvi Rusiyada insan haqlarının məyusedici deqradasiyası yönündə daha bir addımdır”, – Danimarkanın Xarici işlər naziri Yeppe Kofod deyib.

O, Rusiyanı insan haqları müdafiəçiləri, müstəqil media, jurnalistlər və müxalifətçiləri qorumağa çağırıb.

Dekabrın 29-da Moskva Şəhər Məhkəməsi Memorial İnsan Haqları Mərkəzinin də qapadılması ilə bağlı prokurorluğun iddiasına baxacaq. Mərkəz də xarici agent qanunvericiliyini pozmaqda ittiham olunur.

Xarici agent qanunvericiliyi 2012-ci ildə qəbul olunub, o vaxtdan dəfələrlə modifikasiya edilib.

Qanuna görə, xaricdən yardım alan və hökumətin təbirincə, siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları qeydiyyatdan keçməli, özlərini “xarici agent” kimi təqdim etməli, auditə açıq olmalıdırlar.

XS
SM
MD
LG