Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:43

Biləcəridə karton 'divarların' arasına sığınan ailələr...


Evsiz. Foto arxiv
Evsiz. Foto arxiv

«Evlərimiz yandı, küçədə qaldıq. Əlacsızlıqdan elə dəmiryol stansiyasının yaxınlığında özümüzə daldalanacaq yerlər düzəltdik, ətraflarını da kartonlarla bağladıq. Üzü qışa gedir, bir azdan payız yağışları başlayacaq. Bizə demişdilər, bir-iki aya problem həll olunacaq, artıq ümidimiz də qalmayıb, biz leysanda, şaxtada bu kartonların arasında necə qalarıq...».

Bu il aprelin 28-də Biləcəri dəmiryol stansiyası ətrafındakı evlərdə yanğın baş verib. Tamamilə yanan evlərin sakinləri yalnız canlarını xilas edə biliblər. Dörd aydır ki, onlarla ailə yanğın baş vermiş ərazinin yaxınlığında müvəqqəti daldalanacaqlar yaradaraq orada yaşayırlar.

«ÜSTÜMÜZÜ KARTONLA ÖRTÜB YATMAQDAN BAŞQA ÇARƏMİZ YOXDU»

AzadlıqRadiosuna danışan Asya Qəmbərova onkoloji xəstədir, karton divarların arasında can ağrısı çəkə-çəkə qarşıdakı qışı düşünür:

***Buna da bax-Partlayış baş verən yataqxana sakini: 'İki həftədir çadırda qalmışıq'

«Yanğın oldu, hadisədən iki həftə sonra buldozerlər gəldi, başladılar evlərimizi sökməyə... Yanğında ev-eşiyini, geyimini, ev əşyalarını itirmiş insanlar bunların acısını çəkməkdəykən, bir də gözlərimizin önündə olan- qalan evlərimizin quru divarlarını aşırtdılar. Halbuki, bir az özümüzə gəlib evlərimizi təmir edib yığışa bilərdik. İndisə üstümüzü kartonla örtüb yatmaqdan başqa çarəmiz yoxdur».

İcra hakimiyyətinin nümayəndələri və dəmiryol işçiləri evi yananlara bundan sonra bu ərazidə yaşaya bilməyəcəklərini dedikdən sonra ailələrin çoxu buranı tərk edib. Təqribən 15 ailənin isə getməyə yeri olmadığından, elə kartonlara sığınaraq yaşamağa davam edirlər.

15 ilə yaxındır ki, bu sakinlər dəmiryol xəttinin kənarında daş evlər tikərək yaşamağa başlayıblar. Ancaq nədənsə, həm yerli icra hakimiyyəti, həm də başqa aidiyyəti qurumlar vətəndaşların mühafizə zolağında ev tikməsinə göz yumub.

***Buna da bax-Köçkünlər: 'Əli Həsənov nəcis anbarına çevrilən zirzəmini görmədi...'

«KİMƏ XOŞ GƏLƏR Kİ...»

Ədalət Xudiyev:

«Harada bir otaq tikirəm, gəlib başıma uçurdurlar. Hökumət ev tiksin, iş versin, bizi də növbəyə yazsın, evimiz olsun. Kimə xoş gələr ki, gəlib relslərin böyründə ev tiksin?.. Kim istəyər ki, işdə olanda ürəyi dörd- - beşyaşlı uşaqların yanında qalsın ki, indi qapıdan çıxarlar, qalarlar qatarın altında... Əlbəttə ki, heç kim bunu istəməz və arzulamaz. Məcburuq ki, bunların ucuz təklif etdikləri şərtlərlə razılaşaq, gələk relslərin böyründə bir otaq tikib girək içinə... Yağışın, qarın altında qalmaqdansa, bu, daha yaxşıdır ki... İndi də deyirlər, «evləriniz qanunsuz idi, yanğından sonra sökdük getdi». Ay başınıza dönüm, vətəndaşı o qanunsuzluğa sürükləyən qonşu ölkənin hökuməti deyil ki... Vətəndaş gedir məmurun yanına ki, işsiz-gücsüzəm, körpələrlə küçədə qalmışam, məmur da vətəndaşın bu vəziyyətindən istifadə edib deyir, «get 5-6 min tap gətir, dəmiryolunun qırağında bir otaq tik, karıq, koruq, görmürük». Verdiyimiz 5-10 mini yeyəndən sonra da buldozeri gətirib dirəyir qapıya ki, «qanunsuz ev tikmisən, sökürük». Bax, oyun budur. Mən bir dəfə Sulutəpədə, bir dəfə də Biləcəridə yaşadım. Bu, əməlli-başlı faciədir, yaşamayanlar bilməz».

Ətrafı karton, taxta və şifer parçaları ilə örtülmüş yerlərə sığınan ailələrdəki məktəblilər də iki həftə sonra başlanacaq dərs ilində məktəbdən kənarda qalacaqlar. Çünki maddi baxımdan nə məktəbə hazırlaşmaq imkanları var, nə də gələcəkdə karton divarlar arasında dərs hazırlaya biləcəklər.

«GÖSTƏRİŞ VARDI, İCRA OLUNDU»

Karton divarlara sığınanlar aylardır ki, hamam, təmizlik görmürlər. Yalnız yayın istisindən istifadə edərək azyaşlıları elə küçədəcə vanna qoyub çimizdirirlər.

Karton evlərin sakinləri Nazirlər Kabinetinə, Milli Məclisə, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Ancaq onlara hələ də cavab verilməyib.

Binəqədi Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Biləcəri dəmiryol stansiyası ətrafındakı mühafizə zolaqlarında tikilən evlərin söküntüsü çoxdan planlaşdırılıbmış:

«Orda yanğın çıxmasaydı da, o evlər söküləcəkdi, belə bir rəsmi göstəriş vardı, icra olundu. Sakinlərə bununla bağlı əvvəldən də xəbərdarlıqlar olunmuşdu».

Qurumdan bildirilib ki, yanan evlər qanunsuz və sənədsiz, sığortasız olduğundan, bir neçə il orada yaşamış vətəndaşların mənzil problemlərini kompensasiya və başqa şəkildə həll etmək mümkün deyil. Odur ki, bundan sonra «necə etməli» sualının cavabını sakinlər özləri çözməlidir.

XS
SM
MD
LG