Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:45

İki deputat dollar kreditlərinə dair «dördbucaqlı» təkliflər hazırlayıb


Əli Məsimli
Əli Məsimli

-

Xarici valyutada verilmiş bank kreditləri ilə bağlı durum gərgin olaraq qalır. Milli Məclisin üzvləri Vahid Əhmədov və Əli Məsimli bu gərginliyin azaldılmasını hədəfləyən təkliflər hazırlayıblar. Əli Məsimli həmin təkliflərin bəzi ayrıntılarını AzadlıqRadiosuna açıqlayıb.

«RİSKLƏR DÖRDBUCAQLI SİSTEMLƏ BÖLÜŞDÜRÜLMƏLİDİR»

Deputat deyir ki, indi xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və borca düşən biznes strukturlarının üzərindədir:

«Bu vəziyyəti problemin çözüm yolu saymaq olmaz. Belə hal «əhali-bank-biznes strukturları» zəncirinin bütün həlqələrində iflic vəziyyəti yaradır. Bəzi dövlət qurumları düşünür ki, bu məsələ banklarla əhali arasında yaranan problemdir. Banklar uzun müddət yüksək faiz tətbiq edib, bundan yaxşı pul qazanıbsa, demək, əhalinin dollar kreditləri problemini də öz hesablarına qarşılamalıdırlar. Banklar da gözləyir ki, dollarla kredit problemin maliyyə tərəfini dövlət örtəcək. Fikrimizcə, bu yanaşmaların hər ikisində həqiqət payı var, amma hər ikisi də yarımçıq xarakter daşıyır. Ona görə də düşünürük ki, məsələ sistem xarakterli olduğundan, ona birtərəfli yox, sistemli yanaşmaq lazımdır. Bu məqsədlə biz risklərin «dördbucaq sistemi» üzrə «dövlət - Mərkəzi Bank - kommersiya bankları - əhali» arasında ədalətlə bölüşdürülməsi variantından yararlanmışıq».

«BUNU YAZANLAR YA BİLƏRƏKDƏN...»

Ə.Məsimli deyir ki, xarici valyutada verilmiş kreditlərin maliyyə yükünü yalnız bankların çəkəcəyinə dair hər hansı təklifsəsləndirməyiblər:

«Bunu yazanlar ya bilərəkdən, ya da bilməyərəkdən, təkliflərimizin mahiyyətini təhrif edirlər. Biz xarici valyutada verilmiş kreditlərin maliyyə yükünün yalnız əhalinin üzərinə atılmasının əleyhinəyik. Bu sahədə yaranmış kritik vəziyyəti aradan qaldırmaqdan ötrü dollarla kredit borcu olan vətəndaş qruplarının hər birinə müvafiq həll üsulu tətbiq olunması və bu işin maliyyə tərəfinin bir qurumun üstünə atılmamasını təklif edirik».

Ə.Məsimlinin sözlərinə görə, min manatadək kredit borclarının ucdantutma bağışlanmasını təklif etməyiblər: «Kredit alan şəxs ölübsə və həmin kreditə zamin duran şəxslərin onu heç cür qaytarmaq imkanı yoxdursa, bax, belə ümidsiz kreditlərin bağlanmasından söhbət gedir. Yalnız min dollaradək və qaytarılması ümidsiz kreditlərin bankların mənfəəti hesabına ödənilməsini təklif etmişik».

5 MİN DOLLARADƏK KREDİT BORCU OLANLAR DA UNUDULMAYIB

Kredit borcu 5 min dolları aşmayan vətəndaşlar da unudulmayıb: «Həmin səviyyədə olan borcların 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə (1.05 manat) ödənilməsinə təxminən 250 milyon dollar lazımdır. Bu maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, bir hissəsini də dövlət çəkməlidir. Dövlət dəstəyi olmadan həmin problemin etibarlı həlli mümkünsüzdür».

İKİ DEPUTATIN DİGƏR TƏKLİFLƏRİ

Əli Məsimli digər təklifləri sadalayır:

«- Əhalinin məişət əşyaları (mebel, soyuducu, paltaryuyan maşın və sair) üçün aldığı istehlak, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsini, borcun 1.05 manat məzənnəsi ilə ödənilməsini, faizlərin əsaslı surətdə aşağı salınmasını, müqavilə müddəti uzadılanda faizlərin dondurulmasını və s.-itəklif etmişik.

- İriməbləğli borclara münasibətdə manatın dollara 21 fevral və ya 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn, 1.20 – 1.30 manat) əsas götürüb «dondurmaqla» borcların qaytarılmasına möhlət verilməsini, borcun faiz dərəcələrinin aşağı salınmasını, manata çevrilməsini və s. üsullardan istifadə edilməsini zəruri sayırıq. Burda da ödənişin yenə bütövlükdə bankların üzərinə atılmasından yox, «dördbucaq sistemi»ndən söhbət gedir. Amma 1-ci «dördbucaq»dakı vətəndaşı burda artıq iri kredit götürmüş biznesmen əvəz edir».

«MƏSƏLƏ NƏ QƏDƏR TEZ HƏLL OLUNSA»

Əli Məsimlinin fikrincə, bank sektorunun sağlamlaşdırılmasında vergi güzəştləri, birbaşa maliyyə yardımı da daxil, dövlətin dəstək proqramının da gerçəkləşdirilməsi qaçılmazdır: «Yalnız belə kompleks yanaşma və maraqların konfliktindənsə uzlaşmanı seçən yolla bu məsələni yumşaltmaq olar. Dollarla kredit borcu olanlara güzəşt məsələsi nə qədər tez çözülsə, həm dövlət, həm banklar, həm də əhali qazanar, narazılıq azalar, bankların işi yaxşılaşar, əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər».

XS
SM
MD
LG