Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:46

Ermənistan Konstitusiya Məhkəməsi delimitasiyaya ‘yaşıl işıq’ yandırdı


Sərhədin artıq delimitasiya edilmiş hissəsi bugün
Sərhədin artıq delimitasiya edilmiş hissəsi bugün

Ermənistanın Konstitusiya Məhkəməsi sentyabrın 26-da Ermənistanın Azərbaycanla sərhəd delimitasiyasının prinsiplərinə dair razılaşmasının ratifikasiya üçün Milli Məclisə göndərilməsinə yaşıl işıq yandırıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, hakimlərinin əksəriyyəti baş nazir Nikol Paşinyan tərəfindən təyin edilmiş məhkəmə hakimlərin verdiyi qərara görə sözü gedən delimitasiya Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil etmir.

Azatutyun yazır ki, Ermənistan hökuməti sözü gedən razılaşmanı ratifikasiya üçün Milli Məclisə təqdim edəcək.

Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının çoxluq təşkil etdiyi parlamentdə ratifikasiyanın heç bir problem yaratmayacağı gözlənilir.

Sözü gedən razılaşma avqustun 30-da Ermənistan və Azərbaycan hökumətlərinin birgə komissiyalarının sərhədin 1991-ci il Almatı Bəyannaməsi əsasında birgə delimitasiyasının qaydalarını ehtiva edir.

7 maddə

7 maddəlik razılaşmada deyilir ki, iki tərəf sülh müqaviləsi üçün “başqa tənzimləmə qaydaları ehtiva edən” başqa prinsiplərin olduğu təqdirdə indiki prinsiplərə əməl etməyəcək.

Yerdə qalan 6 maddə yığcam və spesifikdir. Bu maddələrdə tərəflərin hansı xəritələrdən istifadə edəcəkləri göstərilmir.

Paşinyan qaydaları “vəziyyətin əhəmiyyətli pozitiv dəyişikliyi” adlandırıb.

O avqustun 31-də demişdi ki, Bakı və Yerevan növbəti delimitasiyanın nə vaxt və sərhədin hansı sektorlarında aparılması barədə hələ ki, razılığa gəlməyiblər.

Ermənistan müxalifəti məhz bu məqamdan yapışaraq iddia edir ki, belə bir vəziyyət Azərbaycanın Ermənistandan başqa ərazi güzəştləri istəməsinin qarşısını almayacaq.

Onların iddiasına görə Bakı yalnız nəsə əldə edə biləcəyi sektorlarda delimitasiya keçirilməsinə can atacaq.

Ermənistan parlamentində təmsil olunan iki müxalifət fraksiyasını narahat edən bir də budur ki, razılaşmada konkret xəritələr göstərilməyib.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Tərəflər may ayında sərhədin Qazax-Tavuş sektorunda bir sıra ərazilərin delimitasiyasını həyata keçirmişdilər.

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.

Görüş iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə gerçəkləşib.

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunurdu.

Qeyd edildiyinə görə, tərəflər ona uyğun olaraq Azərbaycanın nəzarətində olmayan həmin bəhs edilən 4 kəndin geri qaytarılmasını razılaşdırmışdılar.

Azərbaycan buna qədər ümumilikdə 8 kəndinin, Ermənistan isə 31 kəndinin ərazilərinin işğalda qaldığını bildirirdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG