Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:46

Laçın köçkünü: 'Bizdən əvvəl buralar heyvan yataqları olub...'


Məcburi köçkünlərin məskunlaşdığı ərazi.
Məcburi köçkünlərin məskunlaşdığı ərazi.

“Sizə Taxtakörpüdəki ‘Laçın obaları’ deyilən ərazidən zəng vurmuşam. Sabah (18 may) Laçının işğalının 25 ili tamam olur. Torpaqların geri alınacağı artıq bizim üçün nağıla dönüb. İndi bizə ölməməkdən ötrü dirəniş göstərmək qalır”.

Ağcabədidə Taxtakörpü deyilən ərazidə məskunlaşmış Laçın köçkünü Dəyanət Kərimov yaşayış şəraitlərindən danışır. Laçının işğalından sonra buraya yüzlərlə ailə yerləşdirilib. 25 ildir ki, insanlar ağır şəraitdə yaşayır.

Buna da bax:​ Köçkün əlil nə üçün çayxana açmaq istəyirmiş?

“BAŞIMIZI HƏR GÜN BİR NAĞILLA QATIRLAR”

Dəyanət Kərimov:

“Bizdən əvvəl buralar heyvan yataqları olub. İnsanları heyvan yataqlarına yerləşdiriblər. 24 ildir bu heyvan yatağında məskunlaşan, canı çıxan insanların başını hər gün bir nağılla qatırlar. Beləcə, ömürdən gedir”.

Köçkün Fərəh Cabbarova Canavarlılar yatağında məskunlaşıb. Köçkünlər özləri burada palçıqdan, qamışdan daldalanacaqlar tikiblər. Köçkün döşəməsi, tavanı, istiliyi olmayan evciklərdə yaşamağın çətinliyindən danışır. Deyir, burada məskunlaşanlar daha çox heyvandarlıqla məşğul olmağa üstünlük verirlər:

Buna da bax: Köçkünlər: 'Tualetdə çimirik'

“Əkin bizlik deyil, çünki torpaq şorandır. Qamışdan başqa heç nə bitmir. Yaşayışımız çox çətindir. Əsasən qışda buralarda şəraitsizlikdən, soyuqdan, ölüm-itim çox olur. Yayda da ilan, əqrəb dolu olur. İlan sancanda yolsuzluqdan xəstəxanaya çatdıra bilmirik. Buralara təcili yardım da gəlmir”.

Laçınlılar sosial problemlərinin həlli üçün dəfələrlə prezidentə və “Qaçqınkom”a müraciət ediblər.

“600-DƏN ÇOX AİLƏ QUYULARDAN İSTİFADƏ EDƏ BİLƏCƏK”

Ağcabədi rayon icra hakimiyyətindən AzadlıqRadiosu-na bildirilib ki, bu il hökumət Taxtakörpü ərazisindəki Laçın obalarının bir hissəsini içməli və təsərrüfatda istifadə üçün suyla təmin edib: "Orada su problemi mövcud idi. Bu problemin bir hissəsi həllini tapıb. Dövlət başçısının sərəncamına əsasən, qəsəbənin Vağazın obasında yeni subartezian quyusu qazılıb. Sakinlər indiyədək suyu at-eşşəklə başqa yerlərdən daşıyırdılar. Ümumiyyətlə, Laçın köçkünlərinin məskunlaşdığı beş obada hər bir ailə üçün fərdi şəkildə su xətləri çəkilməsi nəzərdə tutulub. 600-dən çox məcburi köçkün ailəsi yeni qazılan artezian quyusundan içməli su kimi istifadə edə biləcək. İçməli su üçün subartezian quyularının qazılması məcburi köçkünlərin yaşadıqları digər obalarda da qarşıdakı illərdə də davam etdiriləcək".

Buna da bax:​ Məhkəmələr köçkünləri zəbt olunmuş evlərdən çıxarır

İcra hakimiyyətindən bildirilib ki, obalardakı yolların təmiri, qaz xətlərinin çəkilişi və digər sosial problemlər də diqqətdədir.

18 may 1992-ci ildə Laçın Ermənistan ordusu tərəfindən işğal olunub, 70 mindən çox əhalisi Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Taxtakörpüdəki Laçın obaları da Laçının işğalından sonra burada məskunlaşma başlarkən yaranıb.

XS
SM
MD
LG