Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:46

Fələstinli müharibə qurbanlarının sayını kim və necə hesablayır?


İsrailin növbəti hava zərbələrindən sonra Qəzza xəstaxanasında
İsrailin növbəti hava zərbələrindən sonra Qəzza xəstaxanasında

Fələstin səhiyyə orqanlarının məlumatına görə, İsrailin Qəzza zolağında keçirdiyi quru və hava əməliyyatları nəticəsində əksəriyyəti mülkilər olan 40 min nəfər həlak olub və anklavın 2.3 milyonluq əhalisinin çoxu evlərindən didərgin düşüb.

İsrailin sözü gedən əməliyyatları ötən ilin 7 oktyabrında, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal silahlıları sərhəd üzərindən İsrail icmalarına basqın edəndən sonra başlanıb. Bu hücumda əksəriyyəti mülkilər olan 1200 israilli və əcnəbinin həlak olduğu, 253 nəfərin isə girov götürülərək Qəzzaya aparıldığı bildirilir.

Səhiyyə Nazirliyinin avqustun 15-ə olan rəsmi rəqəmlərinə görə, 40,005 fələstinli ölüb, daha 92,401 nəfər yaralanıb.

Bəs görəsən səhiyyə orqanları ölü sayını hansı metod və prinsiplərlə hesablayırlar?

Müharibənin ilk aylarında sadəcə olaraq xəstəxanalara gətirilən cəsədləri sayırdılar. Bu qeydiyyata adamların adları və identifikasiya nömrələri də daxil edilirdi.

Lakin münaqişə davam etdikcə, daha az xəstəxana və morq fəaliyyət göstərirdi və hakimiyyət hesablamanın başqa metodlarına keçməli olub.

Rəqəmlər və reallıq

May ayından səhiyyə nümayəndələri kimliyi müəyyən edilməmiş cəsədlərin sayını da ümumi ölü sayına əlavə etməyə başlayıblar. Belələri ümumi sayın üçdə birini təşkil edirdi.

Bu saya habelə ölənlərin ailə üzvlərinin internetdə yaydıqları ölüm xəbərlərini də əlavə etməyə başlayıblar.

Fələstin Səhiyyə Nazirliyi bildirir ki, hətta bu da münaqişənin bütün qurbanlarının sayını əks etdirmir. Məsələn, may ayında 10 minədək cəsəd sayılmayıb.

Üç alim tərəfindən iyul 5-də The Lancet tibb jurnalında dərc edilmiş məktubda deyilir ki, məsələn xəstəliklər kimi birbaşa olmayan faktorlar nəzərə alınarsa, real rəqəm rəsmi rəqəmdən bir neçə dəfə çox olmalıdır. Bu metodla hesablandıqda ölü sayı təxminən 186 mindən çox olmalıdır.

Məktub müəllifləri bildirirlər ki, bu rəqəm münaqişə ilə bağlı birbaşa hər bir ölümə, başqa səbəblərdən baş vermiş 4 ölümü əlavə etdikdə alınır.

Qəzza ölümlərinin sayı nə dərəcədə etibarlıdır?

Ekspertlər deyirlər ki, müharibəyəqədərki Qəzzada Yaxın Şərqin bir çox ölkələri ilə müqayisədə daha dəqiq əhali statistikası mövcud idi. Londonda mənzillənmiş Airwars qeyri-mənfəət təşkilatının iyul ayında keçirdiyi araşdırmanın nəticələrində deyilir ki, açıq mənbələrdən alınan ölü sayı ilə Fələstin hakimiyyətinin təqdim etdiyi say arasında 75 faiz uyğunluq var.

BMT müntəzəm olaraq Fələstin səhiyyə rəsmilərinin rəqəmlərinə istinad edir. Dünya Səhiyyə Təşkilatı da bu rəqəmləri etibarlı sayır.

Münaqişənin erkən mərhələsində ABŞ prezidenti Co Bayden qurbanların sayına şübhə ifadə etdikdən sonra, səhiyyə rəsmiləri həmin vaxtadək qeydiyyatdan keçirilmiş 7,028 ölünün siyahısını dərc etmişdilər.

Səhiyyə nümayəndələri iyulun 24-də artıq 28,185 münaqişə qurbanının tam siyahısını təqdim ediblər.

Burada sual olaraq qalan yeganə məsələ oktyabrın 17-də Qəzzadakı əl-Əhli əl-Ərəb xəstəxanasında baş vermiş partlayışda ölən 471 nəfərin məsələsidir. ABŞ kəşfiyyatının məlumatına görə həmin hadisədə 100-300 arası ölən olub.

HƏMAS rəqəmlərə nəzarət edirmi?

HƏMAS 2007-ci ildən Qəzzada hakimiyyətdə olsa da, anklavın səhiyyə orqanları Qərb sahilindəki Fələstin hökumətinə tabedir. Başqa sözlərlə Qəzza həkimlərinin maaşlarını Ramallah hökuməti verir.

Hazırda HƏMAS-ın Qəzzadakı vəziyyətə nə dərəcədə nəzarət etməsini demək çətindir, çünki İsrail, xəstəxanalar da daxil sektorun əksər hissələrinə müdaxilə edib.

İsrail nə deyir?

İsrail rəsmiləri Qəzzada HƏMAS-ın hökumət olmasına görə münaqişə qurbanlarının sayı ilə bağlı rəqəmlərə şübhə ilə yanaşırlar.

Buna baxmayaraq İsrail hərbiyyəsi ortalıqda olan göstəricilərin ümumən etibarlı olduğunu qəbul edir.

May ayında baş nazir Benyamin Netanyahu demişdi ki, müharibədə 14 min HƏMAS döyüşçüsü və 16 min mülki fələstinli həlak olub.

Fələstinli İsrail bombardmanı zamanı həlak olmuş ekiz körpələrin cənazəsinin yanında
Fələstinli İsrail bombardmanı zamanı həlak olmuş ekiz körpələrin cənazəsinin yanında

Nə qədər mülki həlak olub?

Qəzzanın səhiyyə rəsmilərinin təqdim etdiyi ölü sayında mülkilərlə döyüşçülər arasında fərq qoyulmur. HƏMAS döyüşçülərinin ayrıca hərbi forması da yoxdur.

İsrail vaxtaşırı öldürülən HƏMAS döyüşçülərinin sayını açıqlayır.

İsrailin təhlükəsizlik orqanları bildirirlər ki, ölü sayı döyüş meydanında cəsədlərin hesablanması, HƏMAS kommunikasiyalarının gizli dinlənilməsi və hədəflənən HƏMAS döyüşçülərinə dair kəşfiyyat məlumatları əsasında müəyyən edilir.

HƏMAS həlak olmuş döyüşçülərinin sayının İsrail tərəfindən şişirdiliyini desə də, dəqiq rəqəm təqdim etmir.

The Airwars təhlilçiləri ehtimal edirlər ki, Qəzzadakı səhiyyə rəsmiləri “bəzi döyüşçüləri” də mülki ölü sayına daxil ediblər.

Fələstin Səhiyyə Nazirliyinin təxminlərinə görə, müharibənin gedişində həlak olanların 70 faizi qadınlar və uşaqlardır.

XS
SM
MD
LG