Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:53

Həbs olunan cəbhəçilər telefonlarının qaytarılmadığını deyir


N.Abdullazadə
N.Abdullazadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) karantin rejimi dövründə həbs olunan fəalları iddia edir ki, polis telefonlarını qaytarmır. Cəbhəçilərin sözlərinə görə, tutulanda üstlərində olan mobil telefonları aparıldıqları polis bölmələrində əllərindən alıblar.

AXCP fəalı Nicat Abdullazadə AzadlıqRadiosuna bildirib ki, mülkigeyimli polislər onu evlərinin yaxınlığında saxlayan kimi telefonunu alıblar: "Məni 43 saylı polis bölməsinə təhvil verəndə telefonumu da bölmə əməkdaşlarına təqdim elədilər. Həbs müddətim bitəndən sonra polis bölməsinə dəfələrlə müraciət etmişəm, amma hələ də əmlakımı qaytarmırlar".

N.Abdullazadə əlavə edib ki, Facebook hesabından bu barədə paylaşım edəndən sonra mayın 13-də sahə müvəkkili evlərinə gələrək telefon gətirib. Amma məlum olub ki, onun telefonu deyil:


"Dərhal sahə müvəkkilinə zəng vurub dedim ki, bu telefon mənim deyil, xahiş etdim, qayıdıb götürsün. Sahə müvəkkili bildirdi ki, bölmədən ona bu telefon verilib, başqa məlumatı yoxdur. Mən dərhal Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edib baş verənləri dedim. Bəlkə elə həmin telefon oğurluqdur, niyə mənim üzərimdə qalsın?".

AXCP-nin başqa bir fəalı, mayın 8-də 30 günlük həbsdən buraxılan Ruslan Əmirov da telefonunun qaytarılmadığını söyləyir.

"Əşyaların qaytarılmaması halı indiyədək olmayıb"

Partiyanın Suraxanı rayon şöbəsinin üzvü Arif Babayev hələ də həbsdədir. Qardaşı Elxan Babayev deyir ki, ailə üzvləri onun telefonunu almaqdan ötrü iki dəfə Suraxanı rayonu 30 saylı polis bölməsinə gediblər. Amma A.Babayevin telefonunu geri ala bilməyiblər: "Gah deyirlər, şəhər polisindədir, gah deyirlər, nazirlikdədir...".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, inzibati qaydada həbs olunanlar azadlığa buraxılanda şəxsi əşyaları da özlərinə qaytarılır: "Şəxsin həbs müddəti başa çatan kimi şəxsi əşyalar özlərinə qaytarılır. Əşyaların qaytarılmaması halı indiyədək olmayıb".

Hüquqşünas Yalçın İmanov deyir ki, həbs olunan şəxs müvəqqəti saxlama yerinə, təcridxanaya daxil olanda üzərinə baxış keçirilir, protokol tərtib olunur. Üzərində nə varsa (əşya, pul və s.), rəsmiləşdirilib protokola qeyd edilir: "Əgər əşya məhkəmənin qərarıyla müsadirə olunmayıbsa, o zaman şəxsin özünə qaytarılmalıdır. Təbii ki, müvəqqəti saxlama yerində olduğu müddətdə qaytarıla bilməz. Amma oranı tərk edəndə mütləq qaytarılmalıdır. Bütün bunlar İnzibati Xətalar Məcəlləsində əksini tapıb".

Xatırlatma

AXCP-dən verilən məlumata görə, son bir ayda partiyanın 18 fəalı həbs olunub. Onların əksəriyyəti İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə 30 gün həbs cəzası alıblar. Partiyanın Salyan şöbəsinin fəalı Zamin Salayev isə polisin şikayəti əsasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib, 2 il 3 ay azadlıqdan məhrum edilib.

İnzibati qaydada həbs olunanların bir neçəsi artıq cəza müddəti başa çatdığına görə azadlığa buraxılıb.

AXCP bu həbsləri partiyaya qarşı repressiyaların növbəti dalğası hesab edir.

Daxili İşlər Nazirliyi isə bu haqda deyilənlərin yalan olduğunu, həbs olunanların qanun pozuntusuna görə cəzalandırıldığını bəyan edib.

XS
SM
MD
LG