Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:46

Artan ümidsizlik və sərt xətt tərəfdarlarının önə çıxması: İrandakı seçkilərin təməl nəticələri


İran prezidenti İbrahim Rəisi martın 1-də Tehranda keçirilən parlament seçkilərində səs verir.
İran prezidenti İbrahim Rəisi martın 1-də Tehranda keçirilən parlament seçkilərində səs verir.

Martın 1-də İranda keçirilən parlament seçkilərinə qatılma faizi rekord dərəcədə aşağı həddə olub. Rəsmi rəqəmlərə görə, seçicilərin yalnız 41 faizi seçkiyə qatılıb. Bu, 1979-cu ildə baş verən İslam inqilabından sonrakı dövrdə qeydə alınan ən aşağı göstəricidir. Tənqidçilər gerçək rəqəmin daha aşağı olduğunu deyirlər.

Budəfəki seçkilərdə həm parlament, həm də Ekspertlər Məclisi üzvləri seçilirdi. Ekspertlər Məclisi ölkənin ali dini rəhbərini seçməyə cavabdeh qurumdur. Bu seçkilərdə aşırı mühafizəkarlar nəzarəti əllərində saxlayaraq bir çox islahatçı və mötədil namizədin iştirakına imkan vermədilər.

"Hakimiyyətin öncəliyi ideoloji itaəti gücləndirməkdir"

Ekspertlər deyirlər ki, iştirak faizinin get-gedə azalması hakim dindarlarla İranın gənc əhalisi arasındakı uçurumun dərinləşdiyini göstərir. Əhalisi 88 milyon nəfər olan ölkənin gəncləri ictimai və siyasi azadlıqlar istəyirlər.

"Bu seçkilər sübut etdi ki, İslam respublikasının öncəliyi yuxarının özündə ideoloji itaəti gücləndirməkdir və bu, aşağıda öz legitimliyini əvvəlkindən də çox itirmək bahasına başa gəlsə belə", - Beynəlxalq Böhran Qrupu İran Layihəsinin direktoru Əli Vaezin sözləridir.

Müşahidəçilər deyirlər ki, dövlətlə bağlı məyusluq illərdir artmaqdadır və son illər seçici iştirakının get-gedə azalması bu dinamikanı aydın göstərir.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin məqaləsində deyilir ki, prezident və parlament seçkilərində iştirak səviyyəsi on illərlə, davamlı olaraq, 50 faizdən yuxarı olub. Ancaq 2020-ci ildən bəri bu göstərici aşağı düşməyə başlayıb. Həmin il keçirilən parlament seçkilərində seçicilərin yalnız 42 faizi səs verib. 2021-ci ildə keçirilən prezident seçkilərində isə iştirak faizi 49 faiz olub.

İranlılar "əxlaq polisi" tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz edirlər.
İranlılar "əxlaq polisi" tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz edirlər.

"Hətta bütövlükdə rejimə rəğbəti olanlar arasında da…"

Şotlandiyanın Sent-Andrus Universitetinin tarixçi professoru Əli Ənsari bunu ölkədə artmaqda olan ümidsizliyə bağlayır.

Ənsari deyir ki, bu, dövlətlə cəmiyyət arasında dərinləşməkdə olan parçalanmanın ən bariz göstəricisidir.

"Hətta bütövlükdə rejimə rəğbəti olanlar arasında da ümidsizliyin artdığı çox aydın görünür", - yenə onun sözləridir. Ənsari islahatçı keçmiş prezident Məhəmməd Xatəminin martın 1-də keçirilən seçkilərdə səs vermədiyini ayrıca vurğulayıb.

Seçici apatiyası paytaxt Tehranda özəlliklə gözə çarpıb. Tehranın 290 yerlik parlamentdə ən böyük mandat sayı var. Rəsmi rəqəmlərə görə, Tehranda 7.7 milyon seçicinin cəmi 1.8 milyonu səsverməyə qatılıb. Bu, Tehrandakı bütün seçicilərin 24 faizi deməkdir.

Təkcə Tehranda 400 minədək etibarsız bülleten atılıb. Müşahidəçilərə görə, bu, narazılıq əlamətidir.

Seçki ərəfəsində İranda fəalları birləşdirən 300-ə yaxın cəmiyyət "saxta" seçkiləri boykot etməyə çağırmışdı.

1 mart seçkisi 2022-ci ildə hökumətə qarşı bütün ölkəni bürüyən və misli görünməmiş etiraz dalğasından sonra keçirilən ilk seçki idi.

2009-cu ildə keçirilən mübahisəli prezident seçkisindən bəri İranda hökumətə qarşı bir neçə qanlı etiraz dalğası baş verib. Nümayişlərin çoxu dövlətin repressiyalarına və iqtisadiyyatın bərbad yönəldilməsinə qarşı olub.

"Dərin mərəzin təzahürü"

Ekspertlərin fikrincə, 2022-ci il etirazları son seçkilərdə iştirak faizinin bu qədər aşağı olmasının tək səbəbi deyil.

"Bu, 2009-cu ilədək uzanan, 2017-2019 və 2022-ci illərdən keçən dərin mərəzin təzahürüdür. Bu, xeyli müddətdir yığılmaqdadır", - Ənsari belə deyir.

İranda seçki: 'Diktatura rejimində seçkinin mənası yoxdur'
Gözlə

No media source currently available

0:00 0:05:37 0:00

İştirak faizi rekord dərəcədə aşağı səviyyədə olsa da, Ali Dini Rəhbər ayətulla Əli Xamenei cəmiyyətin seçkidə "dastanlara yazılası" iştirakını tərifləyib. Dövlət mediası seçkini boykot çağırışçıları üzərində qələbə kimi qələmə verməyə çalışıb.

Vaez deyir ki, dini istəblişment özünü qalib elan etməklə "əhalinin 60 faizinin dəstəyinin get-gedə yoxa çıxmasını görməzdən gəlir".

"Belə özünübəyənmişlik rejimin daha öncə 2022-ci il etirazlarını dərin narazılıq kimi deyil, xarici intriqa kimi qələmə verməsini xatırladır", - yenə Vaezin sözləridir. Onun fikrincə, bu hal İslam respublikasının cəmiyyətin artan narazılığına məhəl qoymamasının davamıdır.

40-a yaxın mötədil namizəd yeni parlamentdə mandat əldə edə bilib. Ancaq parlament yenə də aşırı mühafizəkarların nəzarətində qalacaq.

"Azlığın idarə etdiyi konstitusiyasız teokratiya"

Bu seçkilər, əsasən, mühafizəkarlarla ultramühafizəkarlar arasında rəqabət kimi görülürdü.

"Qatı mühafizəkarların daha öncə marginal [sayılan] qanadının daha oturuşmuş mühafizəkarlar üzərində qələbə qazandığını deyə bilərik", - Cənubi Karolinada yerləşən Klemson Universitetinin tarix və siyasi elmlər üzrə baş mühazirəçisi Arəş Əzizinin sözləridir.

"Birincilərin sosial bazasının daha həvəsli olması və xalqın iştirakının olmaması nəticələrin bu şəkildə formalaşmasına gətirib çıxarıb",- yenə Əzizi belə deyir.

Vaezin fikrincə, daha mühafizəkar parlament özündən öncəkilərə nisbətən daha çox hürə bilər, ancaq onlardan daha çox dişləməz: "Parlament ali dini liderə tabedir və hətta narazı olduğu halda da dərin dövlətin strateji qərarlarını təsdiqləmək üçün möhür rolunu oynayır".

2021-ci ildən - Xameneinin yaxın müttəfiqi, ultramühafizəkar İbrahim Rəisinin prezident seçilməsindən bəri İranda qatı mühafizəkarlar hökumətin hər üç qanadına nəzarət edirlər.

Ekspertlər Məclisi və seçkilərə qatılan bütün namizədləri təsdiqləyən Konstitusiya Mühafizəçiləri Şurası kimi digər əsas institutlar da qatı mühafizəkarların nəzarətindədir.

"Sistemin respublikaya aid əlamətlərindən elə bir şey qalmayıb. İslam respublikası hazırda azlığın idarə etdiyi konstitusiyasız teokratiyadır", - Vaez belə deyir.

XS
SM
MD
LG