Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

İqtisadçı: 'Məmurların çətiri altında...'


A.Mehtiyev
A.Mehtiyev

Son illər Azərbaycanda məmur biznesi ilə mübarizədən geniş danışılır. Məmur biznesi ilə mübarizə indi hansı vəziyyətdədir? Ölkə iqtisadiyyatı nə dərəcədə liberal və dayanaqlıdır? Ümumi Daxili Məhsulda (ÜDM) qeyri-neft sektorunun payı artırmı?

AzadlıqRadiosunun bu suallarına iqtisadçı-ekspertlər Azər Mehtiyev Rəşad Həsənov cavab veriblər.

«Azərbaycanda məmur sahibkarlığının ölkə iqtisadiyyatına problem olması yeni məsələ deyil. Hətta Strateji Yol xəritələri hazırlananda (2016-cı il) bu məsələ sənədlərdə əksini tapıb», - iqtisadçı-ekspert A.Mehtiyev qeyd edib.

Amma ekspertə görə, hazırda ölkədə məmur sahibkarlığı ilə ciddi mübarizə getmir. Onun fikrincə, əksinə, dövlətin ayırdığı vəsaitlərdən daha çox bu məmurların çətiri altında olan biznes qurumları faydalanırlar, üstəlik, onlar inhisar yaradaraq ölkədə biznesin inkişafına mane olurlar.

«Məmurlar gəlir bəyannamələrini açıqlamalıdırlar»

A.Mehtiyevə görə, belə halların qarşısının alınmasından ötrü ilk növbədə qanunun aliliyi təmin olunmalıdır: «Məmurlar gəlir bəyannamələrini açıqlamalıdırlar ki, ilboyu bizneslə əlaqələrindən nə qazandıqları aşkar olsun».

İqtisadçı hesab edir ki, məmur biznesinin yaratdığı inhisar aradan qaldırılmadıqca, liberallaşmadan danışmaq elə söz olaraq qalacaq. «Bunun ləğv olunması üçün həm ölkə daxilində iqtisadiyyat liberallaşmalı, həm də dünya iqtisadiyyatına sıx inteqrasiya olunmalıdır», - A.Mehtiyev çıxış yolunu belə görür.

«Ölkədə müstəqil, ədalətli məhkəmə sistemi olmalıdır»

İqtisadçının fikrincə, hökumət müəyyən addımlar atır, güzəştlər edir, qeyri-neft sektoruna vəsaitlər ayrılır, müəyyən qanunlar qəbul olunur, amma nəticə özünü göstərmir: «Biznesin inkişafı üçün ilk növbədə ölkədə müstəqil, ədalətli məhkəmə sistemi olmalıdır. Bundan başqa, kiçik və orta sahibkarlıq inkişaf etməlidir, yerli istehsal özünü bazarlarda göstərməlidir».

R.Həsənov
R.Həsənov

Qeyri-neft sektorunda artım var, amma...

İqtisadçı R.Həsənov isə deyir ki, 2019-cu ilin ötən dövründə Azərbaycanın neft-qaz sahəsində artım təqribən 2, qeyri-neft sektorunda isə 3 faiz təşkil edib.

R.Həsənov vurğulayıb ki, neft-qaz sahəsində böyümə sırf qaza olan tələbatın artması ilə bağlıdır. Onun qeyd etməsinə görə, 2019-cu ildə qaz hasilatı 36 faiz artıb: «Ümumiyyətlə proqnozlaşdırmada da qeyd edilirdi ki, qaz istehsalı artacaq və 2023-cü ilə kimi Azərbaycan 53 milyard kubmetr qaz hasil edəcək».

Ekspert deyib ki, qeyri-neft sahəsindəki 3 faizlik artım isə elə də böyük deyil: «İqtisadiyyatın şaxələndirilməsi, dövlət proqramlarının qəbulu fonunda bu sahədə 3 faiz artım əldə olunması ciddi dinamika olmamasından xəbər verir. İnkişaf etməkdə olan ölkələrdə bu, 5-6 faiz təşkil edir. İnkişaf etmiş ölkələrdə isə iqtisadiyyatın böyüməsi bir az çətin məsələdir. Belə ki, bu ölkələrin iqtisadiyyatı «doymuş» iqtisadiyyatdır».

«Xam iqtisadiyyat»

İqtisadçı deyir ki, Azərbaycan iqtisadiyyatı «xam iqtisadiyyat»dır. Onun fikrincə, bu ölkədə inkişaf üçün yetərli qədər meydan var: «Amma büdcə yenə də böyük mənada Dövlət Neft Fondunun (DNF) transfertlərindən asılıdır».

R.Həsənova görə, iqtisadiyyatın liberallaşdırılması da özünü göstərmir. Onun vurğulamasına görə, əgər 2015-ci ildən sonra məmur biznesinin aradan qaldırılması barədə danışılırdısa, 2018-ci ildən artıq bu məsələ unudulub: «2018-ci ildən neftin qiymətinin nisbətən bahalaşması iqtisadiyyatı indiki şərtlərlə idarə etməyə imkan verdiyi üçün bu mövzu müzakirədən çıxdı».

R.Həsənov hesab edir ki, neftin qiymətindən, xarici ticarət savaşlarından asılılıq ölkə iqtisadiyyatını kənar təsirlər üçün açıq vəziyyətdə saxlayır. Onun qeyd etməsinə görə, büdcənin 60 faizdən çoxu birbaşa və dolayı neft-qaz gəlirləri ilə bağlıdır.

Manatın məzənnəsi

R.Həsənov düşünür ki, manatın məzənnəsi indinin özündə belə ən çox neftin qiymətindən və neft-qaz ixracından asılıdır: «Neft ixracından Dövlət Neft Fonduna 10-11 milyard dollar vəsait daxil olur. Qeyri-neft sektorundan gələn gəlir isə 1.7-1.9 milyard həcmindədir. Əlbəttə, belə bir vəsait ölkədə maliyyə sabitliyinə kifayət edə bilməz...».

Xatırlatma

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 8 ayında ölkədə 50 milyard 875.7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.4 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3, neft-qaz sektorunda isə 1.6 faiz artıb.

Qurumun 5 il bundan əvvəl açıqladığı məlumatda da yazılıb ki, 2014-cü ilin 8 ayında ölkədə 39.2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.4 faiz çox ÜDM istehsal edilib. «Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55.9 faizdən 57.3 faizədək yüksəlib».

Onda 1 dollar 78 qəpiyə, indi isə 1 manat 70 qəpiyə bərabərdir.

XS
SM
MD
LG