Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

Indi də müsəlmanları Avstraliyaya buraxmamaq çağırışı səslənir


İllüstrasiya
İllüstrasiya

►Nitsa terrorunun əks-sədası...

Avstraliyanın "Channel Nine" TV kanalının aparıcısı Sonia Kruger müsəlmanların Avstraliyaya miqrasiyasına son qoymağa çağırıb.

O deyib ki, ABŞ preidentliyinə namizəd Donald Trumpın mövqeyi ilə razıdır.

Aparıcı Nitsadakı qırğından danışarkən deyib ki, "Herald Sun"ın köşə yazarı Andrew Boltun fikrini dəstəkləyir. Bolt bir yazısında iddia edirdi ki, “biz nə qədər müsəlman "idxal" ediriksə özümüzü bir o qədər çox təhlükəyə məruz qoyuruq".

“Şəxsən mən hesab edirəm ki, Andrew Bolt haqlıdır. Bir ölkədəki müsəlmanların sayı ilə terror hücumlarının sayı arasında əlaqə var. Mənim çox yaxşı, sülhsevər, gözəl müsəlman dostlarım var, ancaq fanatiklər də var. Şəxsən mən Avstraliyada bunun bitməsini istəyirəm. Mən özümü təhlükəsiz hiss etmək istəyirəm və söz azadlığından da tam istifadə etmək istəyirəm," - Kruger deyib.

Kruger Andrew Boltun müsəlmanların Fransaya miqrasiyasının terrora qapı açdığı barədə arqumentini təkrar edərək deyib ki, Yaponiyada elə də çox müsəlman mühacir yoxdur, ona görə terror hücumları da yoxdur.

"Today Extra" proqramını Krugerlə birlikdə aparan David Campbellsə onun fikrinə cavab olaraq belə deyib: "Mən din azadlığını da, söz azadlığını da görmək istəyirəm. Onlar əl-ələdir."

Rok müğənnisi Jimmy Barnes-ın oğlu, özü də müğənni olan Campbell Boltun yazısı ilə bağlı deyib ki, "bu cür məqalələr nifrət aşılayır."

Ancaq Kruger cavab verib ki, Nitsada öldürülmüş uşaqların valideynləri onunla razılaşardı.

Proqramdan sonra Kruger Twitterdə yazıb ki, bir ana kimi demokratik cəmiyyətdə belə məsələlərin müzakirə edilməli olduğunu düşünür.

Ölkənin baş naziri Malcolm Turnbull Kanberrada keçirdiyi mətbuat konfransında deyib ki, Avstraliya uzun illər boyu diskriminasiyasız immiqrasiya proqramına və diskriminasiyasız humanitar proqrama malik olub və bu dəyişməyəcək.

Boltun yuxarıda sözügedən köşə yazısında əksini tapmış arqumentlərdən biri də odur ki, "tanınmış müsəlmanlar" demək olar İslam terrorizmi ilə bağlı hər bir müzakirəni Qərbin tənqidinə çevirirlər.

“Əlbəttə, əksər müsəlmanlar əla vətəndaşlardır, bəziləri hamı tərəfindən sevilir. Onlar terrorizmə nifrət edirlər. Sülh istəyirlər... Ancaq müsəlman liderlər nifrət təlqin edəndə, terrorçulara bəraət qazandıranda və Qərbi ...günahlandıranda onların əksəriyyəti... susurlar," - Boltun yazısında deyilir.

XS
SM
MD
LG