Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:36

'Banklar aktiv spekulyasiyaya girişiblər'


Günaybankda valyuta kursları. 9fev2017.
Günaybankda valyuta kursları. 9fev2017.

Son həftələr manat dollara nisbətən dəyər qazanır. Artıq bir dollar bir manat 92 qəpikdən, bir manat 73 qəpiyə düşüb.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, manatın bu bahalaşması müvəqqəti xarakter daşıyır.

Buna da bax:​ Ekspert: 'Sxem sadədir - əhali dolları satır, yığılan dollar...'

“İqtisadiyyat bir az da kiçilib”

«Beləliklə, idxal əməliyyatlarının genişlənməsini buxovlayan monetar siyasətlə bütövlükdə işgüzar fəallıq aşağı salınıb. Alıcılıq qabiliyyəti azalıb, nəticədə iqtisadiyyat bir az da kiçilib», deyə Q. İbadoğlu qeyd edib.

Başqa bir iqtisadçı Samir Əliyev də hesab edir ki, banklar aktiv spekulyasiyaya (alış və satış qiymətləri arasında fərq sayəsində gəlir əldə etmək) girişiblər. O, qeyd edib ki, bəzi banklarda alış və satış qiyməti arasında fərq 15 faizə çatır.

Buna da bax:​ Manat kəskin bahalaşdı

“Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir”

«Süni surətdə yaradılmış təşviş makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər. Bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar», deyə o bildirib.

S.Əliyev vurğulayır ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə müşahidə mövqeyi tutublar.

"Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir”, deyə S.Əliyev bəyan edib.

Buna da bax: Banklar dolların kursunu sürətlə salır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da hesab edir ki, xarici valyutaların alış və satış kursları arasında marja müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Onun fikrincə valyutanın alış və satış kursları arasında yenidən 4 faizlik marja müəyyənləşdirilə bilər.

Manat fevralda dollara nisbətən 19 qəpik və ya 9,9 faiz möhkəmlənib. Fevralın 2-də manatın rəsmi məzənnəsi 1 dollara görə 1,92 manat, fevralın 9-da isə 1,7301 manat olub.

XS
SM
MD
LG