Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

«Mərkəzi Bankın fəaliyyəti manata risklər yaradır»


Mərkəzi Bank
Mərkəzi Bank

-

ABŞ Mərkəzi Bankından – Federal Ehtiyatlar Sistemindən (FES-dən) ard-arda gələn xəbərlər dünyada dolların məzənnəsini artırıb. Daha öncə FES-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin aprel toplantısının protokolları açıqlanıb. Protokollarda bildirilib ki, yaxın həftələrdə ABŞ iqtisadiyyatına dair məlumatlar müsbət çıxarsa, iyunda faiz artırmı dəstəklənəcək.

Ardınca FES-in digər rəsmiləri də iyunda faiz artımına razılıqlarının siqnallarını veriblər. Federal Açıq Bazar Komitəsinin üzvləri iyunun 14-15-də Vaşinqtonda toplaşacaq.

Protokolların dərcindən bəri dollarla müqayisədə əksər milli valyutalar ucuzlaşıb. Bu yandan «Brent» markalı neftin qiyməti 49 dollar səviyyəsindən də aşağı düşüb. Belə durumda manat dollar qarşısında «duruş» gətirib və FES-in açıqlamalarından sonra bahalaşıb.Ekspertlərin fikrincə, Azərbaycanda gerçəkdən «üzən məzənnə» rejimi olsaydı, manat da digər valyutalar kimi ucuzlaşardı.

«GÖRÜNƏN ODUR Kİ, FES FAİZ ARTIRACAQ»

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dünya FES-in son toplantısının protokollarını müzakirə edir: «Görünən odur ki, iyunun 15-də FES faiz artıracaq vədollar digər valyutalara nisbətdə bahalaşacaq. Bu günün dünyasında neft ucuzlaşıb, rubl dəyər itirib. Amma bizim Mərkəzi Bank (MB), yalnız Elman müəllimə anlaşıqlı məntiqlə, dollara nisbətdə manatın məzənnəsini 1.4987 müəyyənləşdirib. Başqa sözlə, psixoloji hədd olan 1.50-dən aşağı salıb».

Ekspert bütün bunların dollara tələbatın artması fonunda baş verdiyinə diqqət çəkir: «Dünən Neft Fondu 50 milyon dollar satışa çıxarmışdı, bunun 48.4 milyonu satıldı. Yəni, dollara tələb çoxalıb, FES faiz artırır, neft ucuzlaşır, ticarət balansımız artıq mənfidir - manatsa möhkəmlənir?! Bu, nonsensdir və ölkədə heç bir iqtisadi institut və məntiqin olmadığını göstərir».

«DÜNYADA DƏYƏR QAZANAN DOLLAR YALNIZ BAKIDA...»

Bir başqa ekspert - Vüqar Bayramov son iki həftədə avro və dolların MB-nin «təzyiqinə» davam gətirməyərək, manata nisbətdə ucuzlaşdığını deyir: «Mayın əvvəlində 100 avro almağa 116 dollara yaxın ödəməliydinsə, indi 112 dollardan da az pul tələb olunur. Çox maraqlı mənzərədir: dünya bazarında dollar bahalaşarkən, bizdə ucuzlaşır və əksinə, ABŞ valyutası qlobal arenada dəyər itirəndə, Azərbaycanda güclənir. Neftin dünya bazar qiymətindəki azalmalar da manata təsir göstərə bilməyib».

V.Bayramov da FES-in açıqlamasından sonra bütün aparıcı valyutalarla müqayisədə ABŞ dollarının dəyər qazandığını və yalnız Bakıda «axsadığına» diqqət çəkir: «Baş bankın dünya bazarının və hətta özünün valyuta səbətindəki pulların məzənnəsinə uyğunlaşdırılmayan və koordinasiya edilməyən monetar siyasəti milli valyutamızın gələcək məzənnəsinə risklər yaradır. MB dolların «acığına» deyil, pul bazarındakı mövcud və strateji dəyişikliklərə uyğun məzənnə müəyyənləşdirməlidir. Əks halda, MB-nin sürprizləriylə tez-tez rastlaşacağıq».

XS
SM
MD
LG