Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:48

Akif Çovdarov: 'Döymədim, başa saldım ki, pulu qaytarsın'


Akif Çovdarov
Akif Çovdarov

Ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov həbsxanada yenidən aclıq aksiyasına başlaya bilər.

O bu fikrini yanvarın 30-da keçirilən məhkəmədə səsləndirib və səhhətiylə bağlı təyin olunmuş ekspertizadan narazılığını vurğulayıb.

MTN generalı xəbərdarlıq etdi: “Məhkəməyə gəlməyəcəyəm!”

Akif Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Sabunçu Rayon Məhkəməsinin binasında baxırlar.

Buna da bax:​ MTN polkovnikinin pensiya kartına da həbs qoyulub

Bugünkü (30 yanvar) məhkəmədə zərərçəkmiş qismində tanınan Mübariz Məmmədovla bağlı məsələ araşdırılıb. İttihama görə, sahibkar Mübariz Məmmədov Badamdar qəsəbəsində 18 sot torpaq sahəsini satarkən, general Akif Çovdarov onun müştərisi olub və həmin ərazini yaxın adamı Rafiq Tağıyev vasitəsilə 600 min dollara almağa razılaşıb. Hətta 300 min dollar beh də verib. Amma sonradan məlum olub ki, bu torpaqla bağlı məhkəmə çəkişməsi var, çünki Gənclər və İdman Nazirliyi torpağın ona məxsus olduğunu iddia edir.

“Çovdarov məndən icra başçısının əleyhinə ifadə tələb edirdi”

Mübariz Məmmədov ifadəsində deyib ki, Çovdarov beh verdiyi torpağın mübahisəli olduğunu biləndən sonra onu otağına gətirdərək döyüb, verilən pulu geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub. Onun sözlərinə görə, Çovdarov MTN-də ondan o zaman Səbailin, hazırda isə Nəsiminin icra başçısı olan Asif Əsgərovun əleyhinə ifadə tələb edib: “Həm Rafiqə, həm də Akif Çovdarova beh almazdan qabaq torpaq sahəsi ilə bağlı mülki mübahisə getdiyini demişdim. Akif Çovdarov telefonda mənə nazir Azad Rəhimovla danışacağını və torpaqla bağlı mübahisəni həll edəcəyini söyləmişdi. Nazirlikdə Akif Çovdarov məni söyərək, hədə-qorxu gəlməyə başladı, oğlumun cibinə narkotik ataraq həbs edəcəyini, ailə üzvlərimi məhv edəcəyini bildirdi. Daha sonra sinəmdən bir dəfə yumruqla vurdu. Bundan sonra otaqda olan tanımadığım MTN əməkdaşları məni döydülər. Nəticədə huşumu itirdim. Akif Çovdarov məndən beh aldığım 300 min manatı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova verməyim haqda izahat verməyi də tələb edirdi. Lakin mən bundan imtina etdim”.

Buna da bax: 'Prokuror yanımda çıxarıb 10 min verdi...'

“Çovdarovun üzünə durub, ona görə haqqındakı cinayət işinə xitam verilib”

Akif Çovdarov Mübariz Məmmədovun yalan danışdığını deyib: “Rafiq Tağıyev MTN-ə gəlib Mübariz Məmmədovdan şikayət etdi, aldadıldığını, 300 min dollar pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirdi. Biz də araşdırma apardıq və həmin ərazinin nazirliklərdən birinə aid olduğu üzə çıxdı. Məsələni həll etmək üçün Mübariz Məmmədovu idarəyə çağırdıq, orada onunla söhbət etdim. Döymədim, başa saldım ki, pulu qaytarsın. Sonradan torpağın taleyinin necə olduğundan, pulun qaytarılıb-qaytarılmadığından xəbərim olmadı”.

Mübariz Məmmədov ifadəsində deyib ki, MTN-də təzyiqlərə məruz qalandan sonra Mərkəzi Gömrük Xəstəxanasında əməliyyat olunub. Ona görə həmin xəstəxananın həkimləri də yanvarın 30-da məhkəmədə dindiriliblər. Onlar Mübariz Məmmədovun ürəyindən əməliyyat olunduğunu təsdiqləsələr də, xəstəliyi doğuran hadisə barədə məlumatsız olduqlarını bildiriblər.

Buna da bax:​ MTN-in daha üç generalı məhkəməyə çıxarıldı

Çovdarovun vəkili Kamandar Nəsibov bir müddət əvvəl Mübariz Məmmədovun haqqında cinayət işi olduğunu, onun təqsirləndirilən şəxs qismində tanındığını xatırladıb. Vəkilin sözlərinə görə, yalan ifadə verərək, Akif Çovdarovun üzünə durmasının əvəzi olaraq, onun haqqındakı cinayət işinə xitam verilib.

Məhkəmə iclasının sonunda Akif Çovdarov xəbərdarlıq edərək bildirib ki, səhhətindəki problemlərlə bağlı normal ekspertiza keçirilməsə, fevralın 1-dən yenidən aclıq aksiyasına başlayacaq.

“Məhkəmənin ekspertiza ilə bağlı qərarına görə, Akif Çovdarovu bizim təqdim etdiyimiz dörd nəfər alternativ həkimlər müayinə etməli idi. Buna məhkəmə öz qərarı ilə razılıq verib. Amma ekspert komissiyasının sədri o həkimlərin iştirakına imkan vermədi. Biz Akif Çovdarovun səhhətindəki problemlərlə əlaqədar, az qala, bir qovluq sənədi məhkəməyə təqdim eləmişdik. Bunların heç biri nəzərə alınmadı. Akif Çovdarov bildirdi ki, ona formal ekspertiza lazım deyil, bu məsələlər həll olunmasa, yenidən aclıq elan edəcək və məhkəməyə gəlməkdən imtina edəcək”, - vəkil Kamandar Nəsibovun sözləridir.

Buna da bax:​ General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'

Məhkəmə fevralın 1-də davam edəcək.

Xatırlatma

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: Çovdarov: 'Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var'

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG