Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:56

Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs olunan 12 nəfərdən ibarət 3-cü qrupun işi üzrə hazırlıq iclası fevralın 6-da davam etdirilib.

Hazırlıq iclasında vəkillər müdafiə etdikləri şəxslərin haqqında cinayət işinə xitam verilməsi, onların ev dustaqlığına buraxılması, qanunsuz üsullarla alınan ifadələrin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər qaldırıblar. Təqsirləndirilən şəxslər də vəkillərinin vəsatətlərini müdafiə ediblər. Onların hamısı bildirib ki, verilmiş ittihamlar yalandır, nə kimdəsə silah-sursat olub, nə də dövlət çevrilişi etmək planı.

Buna da bax:​ 'ANS-in 'Xoca' filmini aparıb məktəblərdə göstərirdik'

Cinayət işi materiallarındakı etiraf xarakterli ifadələrinə gəlincə, təqsirləndirilənlər deyiblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ-də, el arasında “bandotdel” deyirlər - red.) ağlasığmaz işgəncələrə məruz qalıblar. Etiraf xarakterli ifadələrə də həm fiziki, həm də mənəvi-psixoloji işgəncələr altında imza atıblar.

Fotofaciə?

Təqsirləndirilən şəxslərdən Ruzi İsmayılovun vəkili deyir ki, müdafiə etdiyi şəxsin telefonundakı şəklə əsaslanıb, onun İranla əlaqələri olduğunu iddia ediblər. Vəkil bildirir ki, telefondakı şəkil Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin müavininin fotosu olduğu halda, onu Xomeyni kimi tanıdıblar.

Buna da bax: Nardaran işi-3: 'Dedilər ifadəni imzalamasan, soyundurub...'

Ruzi İsmayılov özü də BMCMİ-də ona verilən işgəncələrdən danışıb. Dediyinə görə, onu nalayiq formada videokameraya çəkib, sonra da telefonun yaddaşındakı bütün nömrələrə göndərməklə, eləcə də ailəsi ilə hədələyiblər. O da bu hədələr altında deyilən sənədləri imzalamağa məcbur olub.

“Verdiyi xasiyyətnaməni əsaslandırsın”

Vəkillər Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun polis şöbəsinin keçmiş rəisi Möhübbət Hüseynovun və başqalarının məhkəmədə əlavə şahid kimi dindirilməsi haqda vəsatətlər qaldırıblar. Müdafiəçilər bildiriblər ki, icra başçısı təqsirləndirilən şəxslərin bir qismi barədə xasiyyətnamə verib. Xasiyyətnamədə onlar haqqında xoşagəlməz ifadələr işlədib. Ona görə də gəlsin, verdiyi rəyi əsaslandırsın, yazdığı fikirlərin arxasında dayansın.

Buna da bax:​ 'Sabunçu polisində ləyaqəti alçaldan, tərbiyəsiz hərəkətlər elədilər'

Vəkillər polis rəisinin də məhkəmədə dindirilməsini istəyirlər

Vaxtilə həm də Bakıda Yasamal rayonunun polis rəisi olmuş Möhübbət Hüseynova gəlincə, müdafiəçilər bildirib ki, Lənkəran rayonundan olan təqsirləndirilən şəxslərin evlərində aparılan axtarışlarda polis rəisi, onun müavinləri və başqa əməkdaşlar iştirak ediblər. İş materiallarında isə belə rəsmiləşdirilib ki, axtarışı BMCMİ-nin əməkdaşları aparıb. İddia olunur ki, axtarış zamanı silah-sursat, “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabçalar tapılıb. Təqsirləndirilən şəxslər bu iddiaların yalan olduğunu deyir. Bildirirlər ki, onlar, ümumiyyətlə, belə bir kitabça görməyiblər. Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün vəkillər polis rəisinin də məhkəmədə dindirilməsini istəyir.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı fevralın 13-nə təyin olunub.

Buna da bax:​ ​ Taleh Bağırzadəyə məktub: 'Səni ömürlük zindana məhkum etmək istəyənlər...'

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası kəsilib.

Buna da bax:​ Deputat: 'Yolunu azanlar nəticə çıxarsınlar'

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

XS
SM
MD
LG