Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:47

Sakinlər: ‘’Neftçilər’ metrosundan bazaradək ağaclar məhv edilib...’


Qara Qarayev prospekti, "Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı.
Qara Qarayev prospekti, "Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı.

"Yaşıllıq zolaqlarını hissə-hissə hasara alıb qırırlar, hasar söküləndə baxırsan ki, ağacların yerində möhtəşəm bir ticarət obyekti tikilib".

Bunu AzadlıqRadiosu-na Qara Qarayev prospekti, 57 ünvanında ("Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı) yaşayan sakin Daşdəmir Süleymanov deyir.

“YALANDAN YAZIRLAR Kİ, PARK OLACAQ”

Bir müddətdir ki, Neftçilər metrosundan bazaradək yolun sağ və solundakı şam ağacları və başqa növ ağaclar kəsilir. Ərazidə iri ticarət və iaşə obyektləri tikilir. Yolboyu binalarda yaşayanlar bu barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Prezident Administrasiyasına və başqa aidiyyəti qurumlara müraciət ediblər. Lakin necə deyərlər, mişar öz işindədir. Sakinlər vaxtaşırı, əsasən, gecə saatlarında özləri də istəmədən ağac kəsiminin şahidinə çevrilirlər.

Qara Qarayev prospekti, "Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı.
Qara Qarayev prospekti, "Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı.

Buna da bax: Yaşı 30-dan yuxarı əlillər peşəylə məşğul olmağa yer tapmırlar

57 saylı binada yaşayan Fərrux Camalov:

"Bu dəqiqə üzbəüz yaşıllığı hasara alıblar. Bir tərəfində ağaclar artıq kəsilib, bu biri tərəfini də yenicə hasarladılar. Deməli, yalandan yazıb hasarın üstünə yapışdırırlar ki, burda park olacaq, sonra da hasarın arxasında işlərini görürlər. Bax, elə Neftçilər metrosundan bazara tərəf gələn yolun sağında iri ticarət obyektləri tikilib, sağında da ağacların bir qismi qırılıb, yerində metal konstruksiyadan kabinələr quraşdırılıb. Görünür ki, qırdıqları ağacların yerində kafe açacaqlar".

“BİR-BİRLƏRİNİ ÖRT-BASDIR EDİRLƏR”

52 saylı binanın sakini Ruslan Tanrıverdiyev:

Buna da bax: Kəlbəcər köçkünü: 'Elə ev yoxdur ki, ailədə kimisə ilan sancmasın'

"Metrodan bazara tərəf gələndə yol kənarları sıx yaşıllıq zolağı idi. Əvvəla, orda xüsusi park salmağa ehtiyac yoxdur, yaşıllıq bəs edir. İkincisi də, elə bil, uşaq başı aldadırlar, sıx ağaclıqdan əsər-əlamət qalmayıb. Kəsdikləri ağacların yerini də tez betonlayırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də elə bir başqa cür oyunbazdır. Əvvəla, elə vaxt gəlirlər ki, artıq kəsilmiş ağacların yeri betonlanmış olur. Guya baxış keçirirlər, protokol yazırlar ki, guya izi itdiyi üçün kəsim faktı müəyyən edilmədi. Beləcə, bir-birlərini ört-basdır ediblər. Neftçilər metrostansiyasının o dörd tərəfinə gedən yollarda o qədər ağac kəsilib, nazirliksə bircə ağac kəsimi faktı ‘aşkar edə bilmir’".

Qara Qarayev prospekti, "Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı.
Qara Qarayev prospekti, "Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı.

Qeyd olunan ünvan Nizami rayon icra hakimiyyətinin lap burnunun ucudur. Qurumun inzibati binası həmin küçəylə paralel küçədə yerləşir. Qurumdan "qaynar xətt"ə bildirilib ki, iri ticarət obyektlərinin yeri boş olub: "Orda ağac kəsimindən söhbət gedə bilməz. O ki qaldı metrodan bazara tərəf yolboyu yaşıllıq zolağına, yolun solundakı yaşıllıqda park salınır. Vaxtı çatanda sakinlər özləri də şahidi olacaqlar".

XS
SM
MD
LG