Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:32

Səkkiz günün xəstə əsgəri Hərbi Hospitalda keçindi


Nicat İlyasov
Nicat İlyasov

«Hərbi xidmətə getməmişdən əvvəl baş ağrılarından əziyyət çəkirdi, təzyiqi yüksək olurdu, onu dərmanla saxlayırdıq. Cibində həmişə dərman gəzdirirdi. Yevlax Hərbi Komissarlığında tibbi baxış zamanı da təsdiqlənmişdi ki, oğlumun səhhəti yerində deyil. Onu hərbi xidmətdən azad etməliydilər, ancaq əl çəkmədilər, daha bir tibbi yoxlamadan keçməsi üçün Gəncəyə göndərdilər. Şifahi şəkildə hərbiyə yararsız olduğu bildirilsə də, sənədlərdə «hərbi xidmətə yararlı» qeyd etdilər. Bununla da uşağımın evini yıxdılar».

Vur-tut səkkizcə gün Naxçıvanda hərbi xidmətdə olan Nicat İlyasovun vəziyyəti ağırlaşdığından Bakıdakı Mərkəzi Hərbi Hospitala götürülüb və orada vəfat edib. Ailəsi iddia edir ki, Nicatın hərbi xidmətə yararsız olduğunu bilə-bilə rüşvət vermədikləri üçün onu hərbi xidmətə aparıblar.

BAKIDAN BAŞAĞRILARI İLƏ YOLA DÜŞÜB

Nicat İlyasov hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsi tərəfindən göndərilib. Hərbi xidmətə isə Bakıdan yola düşüb. Atası Bayram İlyasov deyir, Nicat Bakıdan başağrıları ilə yola düşüb:

Buna da bax-Üzücü sual: Əsgəri kim yaralayıb?

«İyulun 22-də uşağı Bakıdan yola salırdım. Hərbi komissarlığın nümayəndələrinə də dedim ki, uşağa dərman verib gətirmişəm. Başının ağrısından başı bədənində dayanmır, halsızdır. Bu uşaq hərbi xidməti necə keçəcək? Cibində dərmanla hərbi xidmətə gedərlər? Məni aldatdılar ki, «narahat olma, hərbi hissədə tibbi yoxlamadan keçəcək, görsələr, xidmətə yaramır, geri qaytaracaqlar»».

Nicat İlyasov hərbi xidmətə Naxçıvana göndərilib. İyulun 28-də ailəsiylə əlaqə saxlayıb, bildirib ki, durumu yaxşı deyil və təcili əməliyyata ehtiyacı var. Ata davam edir:

«Dedi, «halım pisləşib, hospitala götürüblər, həkimlər deyir, «ürəyində ciddi problemlər var, ürək damarların tutulub, təcili əməliyyat olunmalısan». İyulun 29-da hərbi hissədən zəng vurdular, dedilər, «təcili özünü yetir, uşağın vəziyyəti ağırdır». Naxçıvana yollandım, mən ora çatanda Nicat komada idi, ona süni nəfəs verirdilər».

Buna da bax-Əsgər atası: 'Bilmədik, erməni öldürdü, yoxsa özümüzünkü'

«PUL VERMƏDİK, ONA GÖRƏ APARDILAR»

Ata yalvararaq övladının həyatda qalması üçün həkimlərdən kömək istədiyini söyləyir. Ancaq həkimlər əsgərin Bakıya göndərilməsindən başqa çarə qalmadığını deyiblər. Nicat Bakıdakı Mərkəzi Hərbi Hospitala gətirilib. Burada da əsgəri komadan ayıltmaq mümkün olmayıb. Tibbi müdaxilələr faydasız olub və avqustun 6-da ailəyə Nicat İlyasovun keçindiyi bildirilib.

Ata göz yaşlarını saxlaya bilmir:

«Onu hərbi xidmətə aparmamalıydılar. O, xəstə idi. Özləri də görürdülər ki, xəstədir, xəstə gəncə saxta arayış yazıb apardılar. Pul vermədik, ona görə apardılar. Balamı göz görə-görə öldürdülər. Nicatımın faciəsində Yevlax Rayon Hərbi Komissarlığı ilə Naxçıvan Hərbi Hospitalının həkimləri günahkardır. Onların cəzalandırılmasını tələb edirəm».

AzadlıqRadiosu Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib. Gün ərzində nazirlikdən yazıda səslənən iddialara cavab almağa çalışacağıq, saytımızı izləyin.

XS
SM
MD
LG