Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:50

AŞPA haqqında: ‘Biz çaldığı mahnını ifa etmirik’. ‘Münasibətlər gərginləşəcək’


Arxiv fotosu
Arxiv fotosu

Bu gün, sentyabrın 30-da Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞPA) sessiyası keçirilir. Orada müzakirələr oktyabrın 5-nə kimi davam etməlidir.

Sessiyada Culian Assanjın (Julian Assange) saxlanması, mühakimə olunması, bunun insan hüquqlarına təsirləri barədə, eləcə də Avropada təbliğat və məlumat azadlığı ilə bağlı müzakirələrin aparılması planlaşdırılıb. Bu ilin iyununda "WikiLeaks"in qurucusu Culian Assanja qarşı işə xitam verilib, ABŞ hakimiyyəti ekstradisiya tələbini geri götürüb. O, ABŞ-də casusluqda ittiham edilirdi. 2019-cu ildə Britaniya polisi onu saxlamışdı. Assanj ABŞ məhkəməsində milli təhlükəsizlik ilə bağlı məxfi məlumatları qanunsuz əldə etdiyi və yaydığını etiraf edib.

Assambleyanın sessiyasında habelə Şimali Makedoniya xarici işlər naziri Timço Mucunski və Avropa Şurasının yeni Baş katibi Alain Bersetin çıxışı gözlənilir. Eyni zamanda Bosniya və Herseqovinanın öhdəliklərinə əməl etməsi, virtual aləmin (metavers) riskləri və əlverişliliyi, insanın qida hüququnun təmin edilməsinə dair müzakirələr aparılmalıdır. Həmçinin, miqrantların qeyri-qanuni alverinə qarşı mübarizə də sessiyanın gündəliyində yer alır.

Almaniyalı deputat: 'Azərbaycan Avropa Şurasının üzvü olmaq istəmir'
Gözlə

No media source currently available

0:00 0:17:20 0:00

Bu ilin yanvarında AŞPA Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyib. Buna cavab olaraq Azərbaycan da qurumda fəaliyyətini dayandırıb. Üstəlik, bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş deputatların arzuolunmaz şəxslər siyahısına salındığını bildirib. İndi bu payız sessiyasında Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi mövzusunda müzakirələrin keçirilməsi də gözlənilir.

“Bu addım çox absurd bir ideya ilə atıldı”

Milli Məclisin deputatı Elman Nəsirov da “Turan”a xatırladıb ki, yanvarda AŞPA Azərbaycana qarşı sanksiya tətbiq edib – ölkənin nümayəndə heyətinin fəaliyyəti qurumda qeyri-müəyyən vaxta qədər dondurulub: “Bu addım çox absurd bir ideya ilə atıldı. Heç kəs üçün sirr deyil ki, AŞPA Azərbaycanı ona görə o sanksiyaya məruz qoydu ki, Azərbaycan 2023-cü il sentyabrın 19-20-də Ermənistanın silahlı qüvvələrinə və separatçı quruma qarşı antiterror əməliyyatı nəticəsində Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini tam şəkildə bərpa etdi”.

2023-cü ildə bir günlük həmin əməliyyatı Ermənistan isə “etnik təmizlənmə” adlandırıb. Ondan sonra bölgədən erməni əhali köç edib. AŞPA-da isə qərar əsasən insan hüquqları və bu qurum qarşısında islahatlarla bağlı götürülən öhdəliklərin yerinə yetirilmməməsi ilə izah edilib.

Deputatın sözlərinə görə, qərar AŞPA-nın planına tamamilə zidd idi: “Çünki onlar bu münaqişənin həllində maraqlı deyildilər və onu dondurulmuş vəziyyətdə saxlamaq istəyirdilər. Azərbaycan ordusu öz tarixi missiyanı yerinə yetirəndən sonra onlar bu cəza mexanizmi tətbiq etdi”.

Elman Nəsirov
Elman Nəsirov

E.Nəsirovun fikrincə, bunun başqa bir səbəbi var: “Azərbaycan yaxın aylarda çox mühüm bir tədbirə - COP29-a (BMT-nin iqlim konfransı) ev sahibliyi edəcək. Biz dəfələrlə görmüşük ki, analoji böyük tədbirlərə Azərbaycan ev sahibliyini edərkən bizə qarşı beynəlxalq təzyiqlər artır. İndiki halda da bu istisna deyil. Biz bir yandan Avropa Parlamentindən, bir yandan AŞPA-dan, daha sonra ABŞ Konqresindən koordinasiya olunmuş təzyiqlərlə məruz qalmışıq”.

“Biz çaldığı mahnını ifa etmirik”

O, hesab edir ki, AŞPA öz səhvini düzəltmək əvəzinə indi yenə də hədələyir, Azərbaycanla bağlı dinləmələr həyata keçirmək istəyir: “AŞPA yenə də Azərbaycanda insan hüquqları və azadlıqlarla bağlı həqiqətə uyğun gəlməyən mövqe ortaya qoyur. Biz dərk edirik ki, bunun əsl səbəbi odur ki, biz AŞPA-nın sükanı arxasında dayananların çaldığı mahnını ifa etmirik. Onlar istəyirlər, dirijor çubuğu ilə dövlətləri idarə etsinlər. Amma Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev müstəqil, milli maraqlara söykənən siyasəti həyata keçirir.”.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov isə deputatdan fərqli düşünür. O mövzu ilə bağlı AzadlıqRadiosuna bildirib ki, bu qurum Avropa məkanında insan hüquq və azadlıqları sahəsində vahid standartları müəyyən edən, onu üzv ölkələrə ixrac edən siyasi mexanizmdir: “Hələ 23 il bundan qabaq Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə siyasi, hüquqi öhdəliklər götürmüşdü. Amma təəssüf ki, bu illər ərzində Azərbaycan nəyinki bu öhdəlikləri yerinə yetirib, əksinə ölkəmizdə hüquqi və siyasi iqlim getdikcə daha da pisləşib”.

Rüfət Səfərov
Rüfət Səfərov

“Siyasət icazəli hala gəldi”

Hüquq müdafiəçisinin sözlərinə görə, insan haqları sahəsində təcridetmələr artdığından Azərbaycan nümayəndə heyətinin AŞPA-da etimadnaməsi təsdiqlənməyib. O, hesab edir ki, buna əsas verən Azərbaycanın hüquq siyasəti oldu: “Siyasi məhbusların sayı artdı, azad mediaların fəaliyyəti buxovlandı, siyasət icazəli hala gəldi, hüquq müdafiə mexanizmləri, təşkilatları sıradan çıxarıldı, vətəndaş cəmiyyətinin inkişafına rəvac verilmədi. Faktiki olaraq, Azərbaycan bu illər ərzində Avropa Şurasının siyasi-hüquqi prinsiplərinə uyğun olmadığını ortaya qoydu”.

R.Səfərov qeyd edib ki, Azərbaycan AŞPA-da fəaliyyətini dayandırdığı müddətdə hakimiyyət getdikcə daha da artan xətt üzrə Avropadan və onun mötəbər siyasi-hüquqi mexanizmlərdən uzaqlaşmaq kursunu götürüb: “İnsan hüquqları sahəsində olan problemləri həll etmək əvəzinə Azərbaycan repressiya kəmərini daha da sıxlaşdırdı”.

Hüquq müdafiəçinin fikrincə, bundan sonra da Azərbaycan nümayəndə heyətinin AŞPA-da etimadnaməsi təsdiqlənməyəcək: “Çünki ötən il sərt qərar verilərkən ortada olan o səbəblər aradan qaldırılmayıb, əksinə bu müddət ərzində rəsmi Bakı cavab olaraq siyasi yükə malik olan cinayət təqiblərini daha da artırıb. Bu minvalla Azərbaycanla Avropa Şurası və onun ali strukturları arasında münasibətlər gərginləşəcək”.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan insan hüquqları və bir sıra başqa məsələlərlə bağlı qurum qarşısında öhdəlik götürüb. Ölkə hələ də AŞPA-nın monitorinqi altındadır.

XS
SM
MD
LG