Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

Bu seçkilərdə hansı fərqli hallar var?


Azərbaycanda seçkilərdə namizəd olmaq 'təyinatlıdır'?
Gözlə

No media source currently available

0:00 0:06:29 0:00

Azərbaycanda seçkilərdə namizəd olmaq 'təyinatlıdır'?

Azərbaycanda növbədənkənar parlament seçkilərinə cəmi iki gün qalıb. Təşviqatın sön günüdür. 125 seçki dairəsi üzrə minə yaxın (990) namizəd mübarizə aparmalıdır.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bütün dairələr üzrə namizədlər irəli sürüb.

Seçkilərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) başqa digər qeydiyyatdan keçmiş (20-dən çox) partiyalar iştirak edir. Onlar yalnız bəzi dairələrə öz namizədlərini veriblər. AXCP isə azad və ədalətli seçkilər üçün imkan olmadığını açıqlayaraq boykot qərarı çıxarıb.

Bəs bu seçkilərdə əvvəlki seçkilərlə müqayisədə nə kimi fərqli və oxşar cəhətlər var?

"Neqativ məqamlar barədə çox az məlumatlar daxil olur"

"Mənim səsim" Seçki Koalisiyasının həmtəsisçi Novella Cəfəroğlu "Turan"a bildirib ki, seçki prosesi çox aktiv keçir: "Bütün qoşulan partiyalar seçkilərdə aktiv iştirak edir, hətta seçilmək şansları az olduğunu bilən namizədlər regionlarda çox aktiv şəkildə seçicilərlə görüş keçirirlər. Bu, çox yaxşı və vacib məsələdir".

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

N.Cəfəroğlu koalisiyanın qaynar xəttinə neqativ məqamlar barədə çox az məlumat daxil olduğunu vurğulayır: "Qeydiyyat zamanı cəmi üç-dörd nəfər şikayət edib. Sonra biz Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə həmin şikayətlərə baxdıq, məlum oldu ki, şikayətçilərdən biri başqa dairədən imzalar toplayır, digərləri də müəyyən pozuntulara yol verib. Çox az sayda namizədlər onlara seçicilərlə görüşməyə imkan verilmədiyi barədə şikayət edib. Biz bu məsələni MSK və Prezident Administrasiyasının diqqətinə çatdırdıq. Dərhal sonra bu hallar aradan qaldırılıb".

Onun sözlərinə görə, koalisiya, hələlik, seçki prosesinin gedişatından razıdır: "Bizim üçün ən əsası seçki günü seçki komissiyalarının özünü necə aparmasıdır. Bizim 63 dairədə 533 müşahidəçimiz var. Daha sonra onların bizə təqdim etdikləri məlumatlar əsasında hesabat tərtib edəcəyik. Hələlik isə normal seçki kampaniyası gedir".

Azərbaycanda bundan əvvəlki seçkilərdə tənqidi hesabatlarla seçilən bir çox yerli təşkilatlar bu növbədənkənar parlament seçkilərini izləmirlər. Onlar bunu hakimiyyətin təzyiqləri ilə izah ediblər. Hərçənd rəsmilər tənqidləri qəbul etmirlər.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Daha sönük keçir"

Siyasi şərhçi Nəsimi Məmmədli isə Azadlıq Radiosuna deyib ki, əksinə, bu seçki prosesi əvvəlkilərdən daha sönük keçir: "Ümumiyyətlə, rəqabət elementi cəmi iki dairə ərazisində diqqət çəkdi. Qalan dairələr üzrə, demək olar ki, heç bir rəqabət elementi yoxdur. Qeydiyyata alınmış namizədlər sanki həmin dairədən kimin deputat olacağını öncədən bilərək prosesə qoşulmuş şəxslərdir və heç bir iddia ortaya qoymayıblar".

Ekspertin sözlərinə görə, vətəndaşların arasında seçkilərə münasibət də getdikcə neqativə dəyişib: "Belə ki, əvvəllər az da olsa, seçki müzakirəsini vətəndaşların toplaşdığı yerlərdə eşitmək mümkün idisə, indi, ümumiyyətlə, onlara da rast gəlinmir. Sosial şəbəkədə də bir-iki namizədin apardığı kampaniyanı çıxmaq şərti ilə seçki prosesi, demək olar ki, diqqət çəkmədi".

N.Məmmədlinin vurğulamasına görə, bunun səbəbi odur ki, ölkədə bütün siyasi azadlıqlar və ictimai iştirakçılıq tamamilə məhdudlaşdırılıb, tamamilə apolitik vəziyyət yaradılıb: "Belə bir vəziyyətdə, əlbəttə ki, siyasi aktivlik ola bilməz. Siyasi məhbuslar var, bir çox jurnalistlər həbsdədir".

Xatırlatma

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub. Lakin seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyalarının açıqlamasına görə, hakimiyyət seçkiləri önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

Rəsmilər isə, bir qayda olaraq, bəyan edirlər ki, Azərbaycanda keçirilən seçkilər xalqın iradəsini ifadə edir.

XS
SM
MD
LG