Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:52

Paşinyan: Rusiya ermənilərin Qarabağdan getməsini sakitcə seyr edir


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 29-da keçirilən hökumət müşavirəsində Laçın dəhlizindəki vəziyyətlə bağlı Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edib:

“Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda stabillik və təhlükəsizliyi təmin edə bilmirsə, o BMT Təhlükəsizlik Şurasında Rusiya sülhməramlılarına BMT TŞ mandatının verilməsi, ya da Dağlıq Qarabağa əlavə beynəlmiləl sülhməramlı qüvvələrin göndərilməsinə dair təşəbbüs qaldırmalıdır”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Paşinyan deyib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin qəti tərəfdarıdır.

Amma o əlavə edib ki, “Rusiyanın Dağlıq Qarabağın erməni əhalisinin oradan getməsini sakitcə seyr etmək kimi getdikcə daha çox nəzərə çarpan praktikasını” qəbuledilməz sayır:

“Azərbaycanın, o cümlədən Dağlıq Qarabağda növbəti hərbi təxribat hazırlamasının əlamətləri görünür. Hadisələrin bu şəkildə inkişafı Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə dair təxirəsalınmaz suallar doğurur”.

Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların açılmasına hazır və qətiyyətli olduğunu bir daha bəyan edib.

Moskva Paşinyanın bəyanatlarına reaksiya verir

Moskva Ermənistan baş nazirinin tənqidinə dərhal reaksiya verib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova dekabrın 29-da keçirdiyi brifinqdə Laçın dəhlizindəki vəziyyətlə bağlı Rusiya sülhməramlılarının tənqid edilməsinin qəbuledilməz olduğunu deyib.

O əlavə edib ki, Moskva vəziyyətin normallaşdırılması üzərində işləyir:

“Rusiyanın ünvanına səslənən tənqidlərə gəlincə, mən bunu hazırkı situasiyada qəbuledilməz sayıram. Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları vəziyyətin tənzimlənməsi üçün mümkün olan hər şeyi edirlər. Heç bir açıq tənqidlər işə kömək etmir. Bundan da pis vəziyyətlər olub. Vəziyyətin yaxşılaşdırılması üzərində işləyirik”.

Zaxarova Paşinyanın BMT TŞ mandatına və beynəlmiləl sülhməramlı qüvvənin göndərilməsi barədə təklifinə də cavab verib:

“Sülhməramlı kontingent olmadan kimsə məsuliyyətlə deyə bilərmi ki, nə daha yaxşı olardı? Düşünürəm ki, cavab məlumdur. Odur ki, səmərəliliyin qaldırılması və sair barədə nə qədər istəyirsiniz danışmaq olar, amma təkrar edirəm, bu situasiyanın həlli ilə hamı məşğul olur. Məncə belə şeyləri demək və bəyan etmək sadəcə olaraq orda mövcud olan reallıqları başa düşməməkdir”.

Kremlin sözçüsü Dmitri Peskov da Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı jurnalistlərin suallarına cavab verərkən deyib:

"Biz Laçın dəhlizi ətrafındakı gərginlikdən narahatıq və Rusiya tərəfi həm Yerevan, həm də Bakı ilə əlaqədə səylərini davam etdirəcək”.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG