Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

Putin Atlantik okeanında əzələ nümayiş etdirir


Admiral Qorşkov gəmisindən Tsirkon atışı (Arxiv fotosu)
Admiral Qorşkov gəmisindən Tsirkon atışı (Arxiv fotosu)

Vladimir Putin yanvarın 4-də Atlantik okeanına yeni nəsil hipersonik qitələrarası raketlərlə silahlanmış hərbi gəmi göndərib.

Reuters agentliyi yazır ki, bunu Rusiyanın Ukrayna müharibəsində geri çəkilməyəcəyinə dair Qərbə xəbərdarlıq siqnalı kimi də qiymətləndirmək olar.

Rusiya, Çin və Birləşmiş Ştatlar hazırda səsdən iti uçan – hipersonik raketlərin yaradılması sahəsində yarışa giriblər.

Bu raketlər səsdən 5 dəfə iti uçduğuna və daha yüksək manevr qabiliyyətinə görə rəqib qarşısında müəyyən üstünlük verə bilər.

Yanvarın 4-də müdafiə naziri Sergey Şoyqu və Admiral Qorşkov freqatının komandanı İqor Kroxmalla videobağlantısında Putin deyib ki, gəmi Tsirkon hipersonik raketləri ilə silahlanıb:

"Bu dəfə gəmiyə “Tsirkon” hipersonik raket sistemi qoyulub. Mən əminəm ki, belə güclü silah Rusiyanı potensial xarici hədələrdən etibarlı qoruyacaq”.

"Analoqu olmayan raket"

Putin iddia edib ki, “bu silahın dünyanın heç bir ölkəsində analoqu yoxdur”.

Rusiya on ay bundan əvvəl Ukraynaya qarşı müharibəyə başlasa da nəzərəçarpacaq və sürətli qələbəyə nail ola bilməyib.

Müharibə minlərlə canlı qüvvənin itirildiyi üzücü artilleriya atışmasına çevrilib.

Reuters xatırladır ki, Rusiya Ukrayna müharibəsində də “Kinjal” adlı hipersonik raketdən istifadə edib.

Tsirkon raketi Avanqard hipersonik raket sistemi ilə birlikdə döyüş növbəsinə 2019-cu ildə çıxarılıb.

Rusiya bu silaha ABŞ-ın son dərəcə mükəmməl hava hücumundan müdafiə sistemini yaracaq vasitə kimi baxır.

Missiyanın məqsədi

Şoyqu bildirib ki, “Admiral Qorşkov” freqatı Atlantik və Hind okeanlarına, habelə Aralıq dənizinə çıxacaq.

Nazir əlavə edib ki, “Tsirkon raketləri ilə silahlanmış gəmi düşmənə dənizdə və quruda dəqiq və güclü zərbələr endirməyə qadirdir”.

Şoyqu bildirib ki, bu raketlər səsdən 9 dəfə sürətlə 1000 kilometrədək məsafə uçur və heç bir havadan müdafiə sistemi onun qarşısını ala bilməz.

Nazirin sözlərinə görə gəminin bu missiyasından məqsəd Rusiyaya qarşı təhlükələri önləmək və “dost ölkələrlə birlikdə regional sülh və sabitliyi qorumaqdır”.

Rusiyadan Ermənistana miqrant axını ölkədə iqtisadi dönüşə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

ABŞ Konqresinin Tədqiqat Xidməti bildirir ki, Rusiya və Çinin hipersonik raketləri nüvə başlıqları daşımağa qabildir.

Bu da qeyd olunur ki, daha yüksək manevr qabiliyyətinə görə bu raketləri hədəfləmək başqa qitələrarası raketləri hədəfləməkdən çətindir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Avanqard sisteminin raketini göydə vurmaq üçün ən azı 50 antiraket raketi tələb olunur.

Nazirliyin iddiasına görə isə bu ABŞ-ın hava hücumundan müdafiə sistemini mənasız edir.

Hərbi ekspertlər nə deyir?

Lakin ekspertlər bildirirlər ki, adi qitələrarası ballistik raketlər 6-dək nüvə başlığı daşıya bilir.

Buna görə də bir nüvə başlığı olan hipersonik raketdən istifadə vurulan hədəflərin sayını altı dəfə azaltmış olur.

Bundan başqa hipersonik raketin döyüş bloku uçuş zamanı 1000 C dərəcəyədək qızır ki, bu da onun Yerətrafı orbitdə yerləşdirilmiş infraqırmızı ötürücülərlə aşkarlanmasını və raketlərlə vurulmasını asanlaşdırır.

Bəzi ekspertlər bunu da deyirlər ki, belə silahların hazırlanması Amerikanın rəqiblərinə əhəmiyyətli üstünlük verməyəcək.

Onların fikrincə, ABŞ-ın ballistik raketləri və strateji bombardmançıları hətta sıradan çıxarılsa belə, onun ixtiyarında ballistik raketləri olan sualtı gəmilər də daxil bir sıra güclü cavab vasitələri var.

ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə Rusiya, ABŞ və Çinlə yanaşı bir sıra başqa ölkələr də hipersonik silahların inkişaf etdirilməsi üzərində işləyir.

Bunlar Avstraliya, Fransa, Almaniya, Cənubi Koreya, Şimali Koreya və Yaponiyadır.

XS
SM
MD
LG